Xəbər lenti
Dünən, 19:25

 

Bəri başdan deyim ki, deputat Adil Əliyevlə hər hansı əyani tanışlığım yoxdur. Baxmayaraq ki, uzun illər mətbuatdayam və haqqında bəhs etdiyim millət vəkili də tez-tez mətbuat səhifələrində görünən şəxslərdəndir, amma tale bu zamana qədər bizi üz-üzə gətirməyib. Görünür, bunun iki başlıca səbəbi də var: nə mən onun qələminə etibar etdiyi jurnalistlərdənəm, nə də o mənim maraq dairəmə daxil olan siyasilərdəndir.

Bununla belə, Adil Əliyevi qiyabi olaraq tanıyıram. Onun zaman-zaman mətbuata verdiyi müsahibələri oxumaqla yanaşı, həm də oğlum Nicatın bir zamanlar məşğul olduğu idman çevrələriylə tanışlığım tez-tez deputatın barəsində nələrsə eşitməyimə səbəb olub. Bəlkə də sizə qəribə gələcək; Adil Əliyev bildiyiniz kimi Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. Mənim oğlum isə cudoyla məşğul olurdu. Nicatın idmanla məşğul olduğu zamanlarda bu sahə, səhv etmirəmsə, dövrün Sosial Təminat naziri olmuş Füzuli Ələkbərovun kurasiyasında idi. Amma nədənsə, Nicatın müəllimləri öz federasiyalarının prezidentindən çox, deputat Adil Əliyevin adını çəkirdilər.

Yadımdadır ki, həmin dövrlərdə cudo üzrə veteranların dünya çempionatına Azərbaycan nümayəndələrini aparan da Adil Əliyev olmuşdu. Çempionatda 3-cü yer tutan Vüqar müəllim (Soyadını bilmədiyim bu idmançı Azərbaycanda özünə yer tapa bilmədiyindən Türkiyəyə getmiş və karyerasının sonuna qədər qardaş ölkədə 7 dəfə ölkə çempionu olmuşdu) geri qayıdandan sonra Adil Əliyevdən, onun idmançılara göstərdiyi diqqətdən ağız dolusu danışır və Azərbaycan Cudo Federasiyasına bu cür adamın rəhbərlik etməsini arzulayırdı.

   

Bundan əvvəl isə onun adını Azərbaycan ictimaiyyəti kimi mən də 2005-ci ildə keçirilən parlament seçkiləri dövründə eşitmişdim. Nəriman rayonunun 20 saylı seçki dairəsindən namizədliyini irəli sürən bu adam o dövrün ən populyar simalarından olan İsa Qəmbərə və Aslan İsmayılova qələbə çalmışdı. Yanılmıramsa, Aslan İsmayılov həmin vaxt mətbuat orqanlarından birinə verdiyi müsahibəsində Adil Əliyevin açıq fərqlə bütün rəqiblərini geridə qoyduğunu bildirir və bundan heyrətləndiyini gizlətmirdi. Hansısa rayonun polis rəisi işləyən bir adamın prezident seçkilərindən ikinci şəxsi kimi ayrılan namizədə qələbə çalması hər kəs üçün gözlənilməz idi. Üstəlik, rəqibləri belə, onun seçkiləri saxtalaşdıraraq qələbə qazandığını iddia etmirdilər. Tanınmış vəkil Aslan İsmayılov ötən il “Bakipolst.az”-a müsahibəsində həmin seçki yarışına aydınlıq gətirərək, deyirdi: "2005-ci ildə yığılan səslər sayılanda doğrudan da birinci Adil Əliyev olub, amma məsələ burasındadır ki, o səslər nəyinsə gücünə yığılmışdı".

Sözsüz ki, vəkil bunu deyərkən, rəqibinin seçki qanunvericiliyinin tələblərini pozduğunu nəzərdə tuturdu. Bu iddianın nə dərəcədə əsaslı olduğunu haqqında fikir bildirmək bizim səlahiyyət həddimizi aşan məsələdir. Hər halda Azərbaycanda adil qanunvericilik sistemi qurulmayanadək bu cür iddialar mübahisəli olaraq qalacaq və tərəflərin hansının haqlı, hansının haqsızlığını müəyyənləşdirmək mümkün olmayacaq. Ən azı ona görə ki, iddialarının doğruluğunu isbatlamaq vəzifəsi onu irəli sürənlərin öhdəsinə düşür. İndiki şəraitdə isə bu o qədər də mümkün görünmür.

Bununla belə, seçki prosesinin qanunvericilik aktlarına tam uyğun keçirilməsinə ən demokratik rejimlərdə belə təsadüf edilmir. O boyda ABŞ-da prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi barədə irəli sürülən iddialar və bu iddiaların getdikcə öz təsdiqini tapması fikirlərimizin ən bariz sübutudur. Donald Trampın qələbəsilə nəticələnən həmin seçkilər bir daha göstərdi ki, ortada ciddi faktlar olmadan, qanunazidd əməllər iş başındaykən yaxalanmadan səsvermə proseslərində baş vurulan istənilən yol seçilmiş şəxslərin legitimliyini şübhə altına almaq üçün yetərli səbəb sayılmayacaq. Seçici nə səbəblə olursa olsun, öz iradəsini sənin xeyrinə ortaya qoymayıbsa, günahın böyüyünü öz taktiki səhvlərində, insanları inandıra bilmək qabiliyyətinin yoxluğunda axtarmalısan.

 

Zənnimcə, Adil Əliyevin 2010, 2015-ci il seçkilərində də təkrarlanan bu uğurunun səbəbi onun seçki strategiyası ilə bağlı idi. Müsahibələrinin birində deputatın özü də bunu  etiraf edir, nailiyyətinin səbəblərinə aydınlıq gətirərək deyir:

“Bu günə qədər məni Milli Məclisin qabağında axtaran seçici olmayıb. Seçildiyim dairənin ərazisində yaşayıram, seçki qərargahım buradadır. Seçki dairəmdən kənara çıxmıram, bütün görüşlərim də burada olur. İndi məşq etdiyim idman zalı da seçildiyim dairənin ərazisindədir. Yəni həmişə seçilərimin arasındayam. Dostlarımın 90 faizi seçildiyim ərazidə yaşayır. Hər gün görüşdüyüm, salamlaşdığım, məşq etdiyim insanların əksəriyyəti mənim seçicilərimdir. İşimi elə qurmuşam ki, seçki dairəmdən kənara çıxa bilmirəm.

2005-ci ildə parlament seçkilərində seçildiyim dairədə hərəsi bir məhəllədə olmaqla 31 seçki məntəqəsi olub. Bu məntəqələrin hər birində bir vəkilim olub. Bəziləri dəyişsə də bu vəkillərim indi də var. Ona görə də hər məhəllədən, hər xeyir-şər məclisindən xəbərim var”.

Bir sözlə, seçicisi ilə mütəmadi əlaqədə olan, onlarla eyni ərazidə eyni problemləri yaşayan, hər kəsə bacardığı qədər əl tutmağı bacaran, məhəllələrdəki təmsilçiləriylə sakinlərin xeyir-şərindən xəbər tutan istənilən şəxs vətəndaşların təmsilçilik hüququnu qazanmağa layiqdir və Adil Əliyev də məhz bunu edir.

Mətbuat orqanlarında zaman-zaman onun əleyhinə səsləndirilən “passiv deputat” arqumentləriylə də razılaşmaq olmur. O bir çox həmkarlarından daha çox gündəmdə dayanmağı bacarır, ictimai rəylə hesablaşır, müxtəlif mətbu orqanlarında haqqında yazılanlara cavab verir. Düzdür, o, MM sessiyalarında bəlkə çox az çıxışıyla yadda qalıb, özünün dediyinə görə, ara-sıra “hərbçilərin, hüquq-mühafizə orqanlarında çalışan şəxslərin sosial məsələlərini gündəmə gətirib, təhsillə bağlı məsələlərin müzakirəsində iştirak edib”.

 

Bununla belə, deputatın fəaliyyəti yalnız MM-də çıxışlarıyla məhdudlaşmır və nə yazıq ki, Azərbaycan reallığında daha çox çıxış edən deputatın qanunvericilik aktlarının formalaşmasında daha çox rol oynadığını da demək çətindir. Adətən, parlamentə hazır “reseptlərin” icraedici hakimiyyətdən göndərildiyini və dəyişilmədən qəbul edildiyini nəzərə alsaq, MM deputatlarının aktivliyi ilə passivliyi arasında fərqin o qədər də böyük olmadığını görə bilərik. Əksinə, Adil Əliyev digər həmkarlarından fərqli olaraq, ictimaiyyət arasında aktivliyi ilə seçilir, onların problemlərini həll etməyə çalışır və bu da onun daha aktiv deputatlardan olduğuna dəlalət edir.

Adil Əliyev nə bir çoxları kimi gündəmdə qalmaq üçün “şok açıqlamalar” verir, nə rəqiblərinin ləyaqətinə toxunan çıxışlar edir, nə də kimlərinsə gözünə girmək üçün trubinaların qarşısında növbəyə durur. O, yalnız bacardığı işlərin arxasınca gedir və lazım gələrsə, öz təkliflərini dilə gətirir. Bir çoxlarına bu fəaliyyət passivlik kimi görünsə də, Azərbaycan mentalitetində onun başqa bir adı da var: “Ağır oturur, batman gəlir”.

Uşaqlıq illərindən ali məktəbə qədər idmanla məşğul olan, tələbəliyini  Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasında başa vuran Adil Əliyevin öz həmkarlarına göstərdiyi diqqət başa düşüləndir. Azərbaycanın son illər dünya əhəmiyətli idman uğurlarıyla yadda qalmağa çalışması və atəşkəs şəraitində yaşaması bu sahələrdən başı çıxan bir mütəxəssislərin MM-də olmasını şərtləndirir. Yuxarıda da qeyd etdiyimiz kimi, Adil Əliyev yalnız kikboksinq sahəsindəki fəaliyyətilə yadda qalmır, idmanın bir çox sahələriylə də ciddi əlaqələr saxlayır. Bu da ona idman sahəsində olan problemlərlə yaxından tanış olmaq imkanı verir. O, həm də SSRİ-nin ən yaxşı hərbi məktəblərindən birində təhsil almış mütəxəssis kimi MM-in hərbi qanunvericilik fəaliyyətində özünəməxsus rollar oynaya bilər. Deputatın bu imkanından Milli Məclisin nə dərəcədə yararlanıb yararlanmadığından, təbii ki, bizim məlumatımız yoxdur. Əgər yararlanmırlarsa, bu, Adil Əliyevin yox, ölkə rəhbərliyinin günahıdır.

 

Adil Əliyevin fəaliyyətini yalnız idman və hərb sahəsiylə də məhdudlaşdırmaq olmaz. Bu yazını hazırlayarkən tanış olduğum bəzi məlumatlar deputatın intellektual sahədə də özünəməxsus yer tutmağa, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışmasından xəbər verir. Məlumata görə, 2010-cu ildə BDU-nin hüquq fakultəsinin aspiranturasını bitirən deputat "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olub: “Kitabda uydurma erməni soyqırımı tarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir. Onun 2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilib”. Və bütün bu araşdırmalarına görə, o, hüquq elmləri üzrə fəlsəfə doktoru ünvanını alıb.

Adil Əliyev həm də başarılı bir iş adamıdır. Məlumata görə, o, xeyriyyəçi fəaliyyət üçün vəsaiti heç də başqaları kimi mənbəyi naməlum yerlərdən yox, ən yaxşı bildiyi sahədən – idman biznesindən qazanır. Ölkənin müxtəlif rayonlarında və paytaxtda açdığı idman zalları, trenajor salonları onun gəlir mənbəyinin əsasını təşkil edir. Hər halda bunu deputatın özü mətbuata verdiyi müsahibələrinin birində etiraf edir. Jurnalistin “biznes sahəniz varmı” sualına Adil Əliyev cavab verərək deyir:

“Əlbəttə ki, var. Niyə yoxdur ki?! Biznesimiz çoxdur, böyükdür. Bu qədər idman zallarımız, trenajor salonlarımız var. Əlbəttə ki, bunlardan gəlir əldə edirik. Həm idmançılar yetişdiririk, həm də əldə olunan gəlir federasiyamızın hesabına köçür. Bu məbləğ də yenə idmançılarımız üçün xərclənir. Sağlam, vətənpərvər gənclik yetişdiririk. Ən böyük biznesimiz elə budur”.

 

Hər kəsin gəlir mənbəyini gizlətdiyi, 2000 manat civarında maaş alan nazirlərin böyük imperiyalar yaratdığı bir ölkədə bəlkə də gəlir mənbəyini bu qədər şəffaf şəkildə bəyan edən yeganə adamdır Adil Əliyev. Sözsüz ki, hər bir biznesmenin əldə etdiyi qazacını istədiyi yerə xərcləmək səlahiyyəti özünə məxsusdur və heç kim buna görə başqasını qınaya bilməz. İş adamlarının cəmiyyət üçün faydalılıq əmsalı isə onların xeyriyyəçiliyi və iqtisadi fəaliyyətinin şəffaflığı ilə ölçülür. Yoxsa, kiminsə hansısa ölkədə mülkiyyəti araşdırsaq, yaxın zamanlarda Azərbaycanda  gözətəpiləsi bir iş adamı qalmaz. Hər kəs əlində olan varidatını itirməmək üçün baş alıb ölkədən gedər. İqtisadi tənəzzül dövrünü yaşayan ölkəmizə bu, ən böyük zərbə olar.

Nə yazıq ki, gəlir mənbəyi hansısa dövlət layihələrindən çıxmayan, gənclərimizin sağlamlığını və beynəlxalq idman arenalarındakı uğurlarımızı özünün qazancına çevirən Adil Əliyev kimi iş adamlarımız mətbuatın bu cür təzyiqlərinə məruz qalırlar. Ən təhlükəlisi budur ki, yerli mətbu orqanlarımız bu hücumlarında xarici informasiya qaynaqlarına istinad edirlər. Həmin informasiya qaynaqlarının əsl məqsədinin ölkəmizi işadamsızlaşdırmaq olmadığı isə məlum deyil. Bir də, Adil Əliyev kimi iş adamları nədə günahlandırılsalar yaxşıdır? – Hansısa xarici dövlətdə mənzillərinin olmasında. Bəs, xaricdə iş adamının deyil, kimin evi olmalıdır ki?

Deputat barəsində irəli sürülən digər iddia isə özünün etirafına görə, onun olmayan tikinti şirkətilə bağlıdır. Bildirilir ki, deputata məxsus tikinti şirkəti Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 42 ünvanda köhnə evlərin bir qismini sakinlərin halallığını almadan söküb. Deputat isə bu faktı inkar edərək, deyib: “Mənim tikinti şirkətim yoxdur, yaşayış binalarının və ofislərin tikintisinə heç bir aidiyyatım yoxdur”.  

Telefonunun hər zaman mətbuat nümayəndələrinə açıq olduğunu bildirən Adil Əliyev yazı müəlliflərinin onun fikirlərini öyrənməməsinə təəccüblənib və bunu şifarişli yazı adlandırıb. Deputat barədə ard-arda şantaj xarakterli yazıların mətbuata yol açması həqiqətən də bu ehtimalı qüvvətləndirir. Ən maraqlısı budur ki, Adil Əliyev kimi hakimiyyətə sadiq adamlara hücumlar elə hakimiyyətin özündən qaynaqlanır. Bunu deputanın öz fikirlərindən də anlamaq olar. Mətbuata açıqlamasında “Nazirlər Kabinetinin pilot layihəsi çərçivəsində Bakıda yüzə yaxın müxtəlif yerdə tikinti-bərpa işləri aparılır. İstifadə müddəti bitmiş, yaşayış üçün yararsız, köhnə, şəhərin görüntüsünə xələl gətirən tikililərin yerində müasir standartlara cavab verən rahat binalar ucaldılır. Dövlət strukturları və tikinti şirkətləri bu işə görə ictimaiyyət qarşısında məsuliyyət daşıyırlar.

Təəssüf ki, bəzi rayon icra hakimiyyətlərinin başçıları dövlətin bu xeyirxah təşəbbüsündən öz mənfəətləri üçün istifadə edirlər”-deyən deputat, “barəsində şayiələr və dedi-qodular yayanları öz vicdanları qarşısında cavab verməyə” çağırır.

 

Qısası, son dövrlərdə hakimiyyət daxilində yaranan çəkişmələrin iş adamı-deputatlara qədər sirayət etməsi təhlükəli bir tendensiyadan xəbər verir. Belə təəssürat yaranır ki, Azərbaycan iqtisadiyyatı get-gedə daha dar zümrələrin əlində təmərküzləşir və bundan yalnız sadə vətəndaşlar deyil, dünənədək hakimiyyət eşalonunda yer alanlar da zərər görür.

Bu mənada Adil Əliyev kimi adamların ətrafında daralan həlqə yalnız hansısa bir deputatı və ya xeyriyyəçi iş adamını çökdürmək deyil, bütövlüklə cəmiyyətimizi siyasi-iqtsadi cəhətdən daha kiçik çərçivəyə salmaq, monoton hala gətirmək cəhdidir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 556          Tarix: 24-12-2017, 02:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma