Torpaqları işğal altında olan Azərbaycan necə Fələstinin əleyhinə səs verə bilər?
Eks-spiker Rəsul Quliyevlə bu dəfə Qüds problemindən tutmuş, Rusiya-ABŞ münasibətlərinə, Azərbaycandaxili məsələlərə qədər bir çox mövzuları masaya yatırdıq.
Rəsul Quliyevin Ovqat.com-a müsahibəsini təqdim edirik:
-Rəsul müəllim, bu gün dünyada ən çox müzakirə olunan məsələlərdən biri Qüds problemiylə bağlıdır. Prezident Donald Trampın İsraildəki ABŞ səfirliyini Qüdsə köçürməsi dünyada ciddi etirazla qarşılandı. BMT Baş Assambleyasının Qüdslə bağlı qətnaməsi də bunu sübut edir. ABŞ niyə dünya ictimai rəyinə qarşı getməyə üstünlük verir?
-Bildiyiniz kimi, İsrail və Fələstin dövlətləri BMT tərəfindən 1948-ci ildə (69 il bundan öncə) yaradıldı. Ancaq ərəb ölkələri bununla razılaşmadı və İsrailə müharibə elan etdilər. 1949-cu ildə bir çox ölkələr İsraili dövlət kimi tanıdı, 600 mindən çox fələstinli isə öz torpaqlarından qaçmağa məcbur edildi, əvəzində ərəb ölkələri 800 min yəhudi vətəndaşlarını ölkələrindən qovdular, onlar isə öz növbələrində İsraildə məskunlaşdılar. Qüds İsrail tərəfindən işğal edildi.
Bir dəfə buraxılan strateji səhvin nə ilə nəticələnə biləcəyini İsrail-Fələstin münaqişəsi əyani şəkildə göstərir. Məğlubiyyətlə razılaşmayan ərəb ölkələrinin 1955-56, 1967, 1973, 1981, 1982-ci illərdəki müharibələri İsrailin Fələstin torpaqlarını, o cümlədən Qüdsü işğal etməsi və 1 milyondan 9 milyona qədər artan əhalisinin bir hissəsini bu torpaqlarda yerləşdirilməsi ilə qurtardı. 1948-ci ildə BMT qərarı ilə müstəqil dövlət statusu alan Fələstinin isə bu gün nəinki dövləti yoxdur, olan-qalan əraziləri də özləri tərəfindən bir neçə yerə bölünüb. Hətta Qüdsün İsrailin paytaxtı elan edilməsi belə, onları birləşdirə bilmədi. İndi Mahmud Abbas yekə-yekə “artıq biz ABŞ-ı bu konfliktin nizama salınmasında iştirakını qəbul edə bilmərik” (soruşmaq lazımdır; ay bədbəxt, bu münaqişənin həllini ABŞ-dan başqa hansı ölkə ilə müzakirə edə bilərsiniz? İsrail hansı ölkəni yaxın buraxar?) deyir, Həmas isə cihad elan edib. İndiyə qədər Fələstin 3 və ya 4 dəfə cihad elan edib, İsraildən 5 dəfə artıq qurban verib və həmin Qüds bütövlüklə işğal edilib.
-Bəs, müsəlman ölkələrinin liderlərinin, o cümlədən Türkiyə prezidenti cənab Rəcəb Tayib Ərdoğanın Fələstinə dəstək verməsi necə, problemi müsbət nəticələndirə bilərmi?
-Bir vaxtlar Osmanlı imperatorluğu da Fələstin uğrunda mübarizə aparırdı. Özü də qanı, canı bahasına. O dövrdə minlərlə türk əsgəri həmin ərazilərdə şəhid oldu. Üstəlik, həmin vaxtlar İngiltərə ilə Osmanlı arasında hərbi qüdrət fərqi indiki Türkiyənin qarşı-qarşıya qaldığı qüvvələrlə müqayisədə xeyli yaxşı idi. Amma Osmanlı bununla nəyə nail oldu?
-Rəsul müəllim, indi Türkiyə ABŞ-la və ya İsraili müdafiə edən hansısa dövlətlə vuruşmur. Təbliğati və informasiya mübarizəsi apararaq, təcavüzkarları ifşa edir, dünya ictimai rəyindən faydalanaraq, super güclərə təzyiqlər göstərir. Bununla da İslam ölkələrinin liderinə çevrilir...
-Bəli, Ərdoğan bir növ Yaxın Şərqin və fələstinlilərin kumirinə çevrilməyə çalışır. Unutmayın ki, 1991-ci ildə İraqın diktatoru Saddam Hüseyn də fələstinlilərin kumiri idi. İndi də öz diktaturasını möhkəmləndirən Ərdoğan da eyni yolla gedir. Amma bu fəaliyyət də ərəb ölkələrini bir araya toplamağa kifayət etmədi. Bu vəziyyətdə fələstinlilərin cihadı Qəzzanın yenidən işğalı ilə nəticələnəcək.
Türkiyənin prezidenti Səddam Hüseynin strategiyasını aparır, müsəlmanların lideri kimi qəbul edilməsinə can atır. Ancaq sadə və acı həqiqətləri anlamaq istəmir, ucuz şöhrət dalınca qaçır, əks halda, ərəb dünyasının nəhənglərinin - Səudiyə Ərəbistanı, Misir və onların dairəsində olan ölkələrin hamısının İsraili dəstəklədiyini və Ərdoğana nifrət etdiyini bilərdi. Ərəb nəhəngləri bu gün ölkələrinin əhalisinin narazılığına səbəb olmamaq üçün ABŞ-ın əleyhinə səs verirlər, əslində isə İsraili yox, Fələstini danışıqlara getməyə vadar edəcəkdir. Faktiki, varlı ərəb ölkələri və ABŞ maliyəsinin dəstəyilə yaşayan Fələstin hökumətinin (Həmas İranın dəstəyi ilə yaşayır) fərqli qərar qəbul etmək şansı yoxdur. Türkiyə bu məsələdə heç bir real gücə - nə beynəlxalq nüfuza, nə də yetərli hərbi arsenala sahib orduya malik deyil.
-Bu vəziyyətdə İsrail-Fələstin münaqişəsi hara sürüklənir?
-ABŞ-ın qəbul etdiyi bu qərar fələstinliləri İsrail ilə danışıqlar aparmağa vadar edəcək. Danışıq masasında nəsə əldə etmək üçün fələstinlilər ilk növbədə öz aralarında birləşməyi bacarmalıdırlar. Bu birləşmə olmasa, heç kim onlarla bir masa arxasında oturmayacaq.
Yeri gəlmişkən, Azərbaycanın da Fələstin problemindən lazımi dərslər çıxarması vacibdir. Rəsmi Bakı və xalqımız anlamalıdır ki, bir dəfə buraxılmış strateji səhvlər 100 illərlə öz nəticəsini göstərə bilər. 1994-cü ildə Azərbaycanın ermənilərlə imzaladığı əbədi sülh müqaviləsi səhvi ölkəni faktiki olaraq 18 min kvadrat kilometr ərazidən (İsrailin ərazisinə bərabər) mərhum edib, 23 ildə bir qarış torpaq belə azad olunmayıb. Bu rejim neçə il çəksə, bir o qədər də işğal davam edəcək. Ermənilər artıq işğal olunmuş torpaqların 30 faizində iqtisadiyatlarını inkişaf etdirir, bunun hesabına müəllimlərinə və həkimlərinə Azərbaycandakından 2 dəfə çox maaş verirlər.
-Yenidən Qüds məsələsinə qayıtmaq istərdim. Trampın qərarına ən çox qarşı çıxan Türkiyədir. Ərəb ölkələri isə susur. Bu anormal vəziyyəti necə qiymətləndirirsiniz?
-Mən bu sualınıza yuxarıda qismən cavab verdim. Əlavə olaraq onu bildirmək istəyirəm ki, ərəblərə rəğmən, Fələstini müdafiə edən, Türkiyə yox, prezident Ərdoğandır. Ərdoğanın özünü qeyri-adekvat aparmasının izahı isə çox çətindir. 80 milyonluq Türkiyə xalqı ildə 700 milyard dollarlıq məhsul istehsal etmək gücünə malikdir. Müqayisə üçün, 80 milyonluq almanlar ildə 4 trilyonluq məhsul istehsal edir. Bu insan nəyə güvənib dünyaya meydan oxuyur?
Bu ucuz qəhrəmanlıqdansa, öz ölkəsinin demokratik imicinin qayğısına qalsın. Dünyada 273 jurnalist həbs olunub, onun 70-i tək Türkiyənin payına düşür. Ərdoğan xəcalətindən başını yuxarı qaldırmamalıdır, bunun əvəzinə jurnalistlərə hədə-qorxusunu davam etdirir. Almaniyanın prezidenti ev almaq üçün (cəmi 400 min dollar) bankın verdiyi cüzi diskauntlu (güzəştli-red.) kreditə görə istefaya göndərilir. Bu insanın subuta yetirilmiş milyardlarla rüşvət alması isə onu narahat etmir, meydan oxumağı sürdürür. Ərəb dünyasının nifrət etdiyi Ərdoğanın Qüds problemindən özünün təbliğatı üçün istifadə etməsinin iki səbəbi ola bilər: Birincisi, ağır narçisizm xəstəliyinə düçar olub, məddahlıq paranoyu var. İkincisi, Türkiyəni saldığı ağır vəziyyətdən diqqəti yayındırmaq üçün növbəti (Fətullah Güləndən istifadə etdiyi kimi) yalançı versiya irəli atıb. Ancaq bu müvəqqəti işləyən siyasət rolu oynaya bilər. Fələstinlilər Türkiyəni öz problemlərinin həllinə heç vaxt yaxın qoymazlar. İsrailin Türkiyəni bağışlaması Ərdoğan dövründə mümkün deyildir.
-Osmanlı imperiyasının varisi olan və möhtəşəm keçmişinin nostalgiyasıyla yaşayan Ankaranı, hardasa, başa düşmək olar. Bəs, Qarabağ məsələsində yəhudi lobbisinin gücünə bel bağlayan Azərbaycanın Qüdsü açıq-aşkar müdafiə etməsi nə dərəcədə doğrudur? Bu dəstək beynəlxalq arenadakı mövqeyimizə nə kimi təsir göstərə bilər?
-Birincisi, Osmanlı imperiyası möhtəşəmliyini 18-ci əsrdən itirməyə başlayıb və 100 il bundan öncə darmadağın olub. İngiltərədən fərqli olaraq bu imperiyadan çıxanların hamısı düşmənə çevrilib. Ona görə də 18-ci əsrə qədərki Osmanlı imperiyasını indi Rusiyanın qarşısında özünü zəlil kimi aparan Türkiyə ilə müqayisə etmək doğru deyil.
“Yəhudi lobbisinə söykənən Azərbaycan” məfhumunu isə anlamıram. 23 ildə bu lobbi ən yüksəkçinli ölkə rəhbərləri və ətrafı ilə birlikdə korrupsiya və rüşvətlə xalqın pullarını mənimsəməkdən başqa Azərbaycan üçün hansısa bir iş görübmü? Şəxsən mən bilmirəm, bilirsinizsə söyləyin.
Azərbaycan bir müsəlman dövləti kimi digər islam ölkələri ilə birlikdə həmişə bir cəbhədə olub və bundan sonra da olacaq. Müsəlman dövlətləri həmişə Azərbaycanla əlaqədar qərarlara bir nəfər kimi səs veriblər. Torpaqları işğal altında olan Azərbaycan necə Fələstinin əleyhinə səs verə bilər? Hətta bizim ölkənin indiki rəhbərləri belə bu addımı atmadı.
(ardı var)
Paylaş: