Vəhid Purtəcrişi, Mehdu Turabi
“Mehr” (İran)
Fars körfəzinin ərəb ölkələri və sionist rejim arasında münasibətlərin normallaşması ehtimalı şahzadə Məhəmməd bin Salmanın vəliəhd təyin olunması ilə artıb. Bu ehtimalı güclənməsinə dair mülahizələrdən biri ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsinə zəif etirazdır. Belə ki, bir çox ərəb dövlətləri, o cümlədən Birləşmiş Əmirlik ABŞ-ın aksiyasına yalnız bəyanatla cavab verərək, sionist rejimlə daha üz-üzə gəlmək istəmədiklərini etiraf etmiş oldu.
Lakin əlaqələrin normallaşmadan daha uzağa getdiyinin isbatı İsrailin informasiya və nəqliyyat naziri Yisrael Katzın Səudiyyə Ərəbistanının "Elaf" nəşrinə verdiyi son müsahibədə Səudiyyə Ərəbistanı, BƏƏ və İsrail arasında birgə layihəyə əsasən, üç ölkənin dəmir yol xətlərinin birləşdirilməsidir. Bu ortaq layihənin məqsədi Tel-Əviv- Riyad-Əbu Dabi üçbucağının regional və transregional ticarət əlaqələrini inkişaf etdirməkdir.
Katzın sözlərinə görə, Hicaza uzanacaq dəmiryolu xətti xam xəyal deyil və onu həyata keçirmək mümkündür. Bu dəmiryolu xətti Hayfadan başlayaraq Beysana, oradan Şeyx Hüseyn körpüsü işğal olunmuş ərazilərlə, İordaniyaya uzanacaq. Bundan sonra İordaniya dəmiryolu xətti İrbid və əl-Mufraqa qədər davam etdirərək, Səudiyyə Ərəbistanı sərhədlərinə çatdırmalıdır.
Şəbəkənin Səudiyyə Ərəbistanına çatdırılmasından sonra, Əmirliklər və Bəhreyn daxil olmaqla, digər ərəb ölkələri də ona qoşulmuş olacaq.
Tel-Əviv-Riyad-Əbu Dəbi üçbucağı
İsrail Hayfadan Fars körfəzi hüdudlarına qədər olan dəmiryolu xəttinin mal və əmtəələrin Avropadan Yaxın Şərqə nəqlinin ən asan yolu olduğunu isbatlamaq istəyir.
“Elaf”a danışan nazir Katz sözügedən dəmiryolunun təkcə iqtisadi inkişaf deyil, həm də siyasi sülhə nail olma vasitəsi kimi səciyyələndirib. O, İordaniyanın bu layihədən ən çox iqtisadi fayda götürəcəyini iddia edib və İordaniyanın əl-Mufraq bölgəsininin kəsişmə nöqtəsi olduğunu bildirib.
İsrailli nazir Türkiyə ilə əlaqələrə toxunub və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın özünü müsəlman dünyasının lideri kimi təqdim etmək istəyinə baxmayaraq, İsrail və Türkiyə arasında ticarət dövriyyəsi həcminin çox yüksək olduğunu və onun ərəb ölkələri ilə ticarət dövriyyəsi həcminin 25%-nin Hayfa limanı vasitəsilə aparıldığını, “Türk hava yolları “ şirkətləri təyyarələrinin daim işğal edilmiş ərazilər üzərindən uçduğunu bildirib.
Əlbəttə, İsrail nazirinin sözlərinə istinadla, bu planın reallaşdığı təqdirdə, regional ticarətin üfüqləri nəzərdən keçirilməlidir. Bundan ötrü bu mövzuda bir neçə məsələ qeyd olunmalıdır:
İsrail-Səudiyyə Ərəbistanı-BƏƏ regional əməkdaşlığı
Səudiyyənin gənc vəliəhdi Məhəmməd bin Salmanın ölkənin bütün icra hakimiyyəti orqanlarına göndərdiyi “Vision-2030” sənədinə görə, rəsmi Riyad regional və digər ölkələrlə transregional ticarət əlaqələrini inkişaf etdirmək fikrindədir. Bu prosesdə neft gəlirlərinin istifadəsinə böyük önəm verilir və neftdən asılılığın azaldılması nəzərdə tutulur. Yəni Tel-Əvivlə, xüsusilə dəmiryolu sahəsində əməkdaşlıq edərək, bu planın əsas məqsədlərindən biri həll edilməlidir.
Məhz isə 2030-cu ilə qədər Səudiyyə Ərəbistanının neft olmadan, o cümlədən neft qiymətlərinin 30 $-dan aşağı düşdüyü halda, mövcudluğunu təmin etmək.
Dünya tələbatının hazırkı səviyyəsini nəzərə aldıqda, əlbəttə, qiymətin bu həddə enəcəyi ehtimalı azdır və Səudiyyə Ərəbistanı öz iqtisadi siyasətini problem olmadan yürüdəcək. Amma Səudiyyə Ərəbistanı özünün qeyri-neft gəlirlərini altı dəfə, yəni illik 43 milyard $-dan 267 milyard $-a qədər artırmağı planlaşdırır.
Beləliklə, qeyri-neft ixracatı təxminən 16 faizdən 50 faizədək artacaq.
Səudiyyə Ərəbistanı bu perspektivdə dünyanın ən yaxşı 15 iqtisadiyyatı sırasına girmək niyyətindədir. Ölkə şimalda geniş günəş enerjisi bazası qurmaq və böyük investisiyaların köməyi ilə içməli su problemini həll etməyə hədəflənib.
“Yaşıl kart” sistemi
Məhəmməd bin Salman “Vision-2030” planına əsasən, ölkəyə sərmayə qoyuluşunu artırmaq üçün “Yaşıl kart” sisteminə keçidi gerçəkləşdirmək fikrindədir. Sistem ərəb və müsəlman ölkələrindən bu niyyətə qoşulmasını, Səudiyyə dəyərləri və inancları baxımından bütün dünyadan turizm səyahətlərinin artırılmasını nəzərdə tutur.
Dubay hökmdarı Şeyx Zaid çox-çox əvvəl BƏƏ-də belə bir iqtisadi yenidənqurma prosesinə başlayıb.
Buna görə də, bir tərəfdən, Səudiyyə-Avropa, digər tərəfdən, bölgə ölkələri ilə ticarət əlaqələrinin inkişafı bu ölkəni logistik mərkəzi edə bilər. Bu əlaqələri inkişaf etdirmək üçün Riyadın ən yaxşı variantlardan biri dəmiryolu xətlərini Avropaya uzatmaq və qitənin cənubunu Aralıq dənizi vasitəsilə ona birləşdirmək imkanıdır.
Nəzərdə tutulan İsrail dəmiryolu xəttinin Hayfadan Əmirliklərə qədər uzunluğu təxminən 2600 km, Bəhreynə təxminən 2320 km olacaq. Əlbəttə ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin neft subsidiyaları bu marşrutun xərclərini örtəcək.
Amma Səudiyyə Ərəbistanı Yaxın Şərq və Avropada neft iqtisadiyyatının lojistik mərkəzi olacaq. Dəmiryolu marşrutu üçün təhlükəsiz, əlverişli və regional siyasi gərginlikdən uzaq olma böyük əhəmiyyət daşıyır.
Hörmüz boğazından yan keçmə və İranın strateji əhəmiyyətini azaltma
Katzın müəyyən etdiyi marşrutun xəritəsinə baxdıqda, aydın olur ki, dəmiryolunun iqtisadi səmərisindən başqa, digər başlıca məqsəd Hörmüz boğazının strateji əhəmiyyətini azaltmaqdır. Şübhəsiz, Dubaydan göndərilən mal və əmtəələr, habelə Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyin və Qətərin tankerləri bu boğazdan keçməlidir.
Boğaz İranın tam nəzarətində olduğundan onun regional rəqibləri – Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələri Hörmüzdən yan keçmənin yollarını axtarır. İndi ərəb ölkələri və İsrail arasında münasibətlərin normallaşdığı, İsrailin ortaqları ilə dəmiryolu xətti layihəsi gerçəklədiyi halda, gələcəkdə Hörmüz boğazının strateji əhəmiyyəti xeyli azalacaq.
Əlbəttə, Səudiyyə və digər ərəb ölkələri Birləşmiş Əmirliklərin şimal-şərqində yerləşən Fuceyra limanı vasitəsilə, yəni Hürmüzdən keçmədən öz mal və əmtəəsini dünya sularına çıxara bilər. Bu liman Oman dənizinin sularına yaxındır.
Gərgin Misir mühitindən uzaqlaşmaq
Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin problemlərindən biri də Misirdə siyasi sabitliyin olmaması və ən başlıcası Misirdə “Müsəlman Qardaşlar”ın varlığıdır. Misir prezidenti Əbdülfəttah Sisinin Amerika və Səudiyyə Ərəbistanı ilə yaxın münasibətlərinə baxmayaraq, Süveyş kanalı əvəzinə, niyə dəmiryolu xətti ilə İordaniyadan İsrailə çıxış axtarılması sualı ortaya çıxır.
Bu sualın cavabı Misirin siyasətində axtarılmalıdır. “Müsəlman Qardaşlar”ın mövcudluğu, dünyəviçilərlə bu hərəkat arasında ziddiyyət Qahirəni region üçün qeyri-sabit məkan edir.
Digər tərəfdən, ideoloji problemlər, əlbəttə, “Qardaşlar”ın inqilabi ruhu Fars körfəzi monarxiyalarının Misirlə yaxınlaşmasına əngəl olur. Eyni həssaslıq Ərdoğanın “Müsəlman Qardaşlar”a verdiyi dəstək ucbatından daim Türkiyə və Səudiyyə Ərəbistanı yaxınlaşmasının qeyri-mümkünlüyünün əsas səbəblərindən biridir.
Hayfa limanından neft ixracı
Hayfa limanının rəsmi saytında yerləşdirilən məlumatlara görə, bu limanın ticarət həcmi gündəlik 11 min TEU (4 milyon tondan çox) təşkil edir. Liman 700 min kvadratmetr ərazidə inşa və 7 terminalla təchiz edilib.
Qeyd edək ki, 2013-cü ildə nəşr olunan statistikaya əsasən, bu limanda ticarəti aparılan malların 11% -i neftdən ibarətdir. Məlum dəmiryolu xəttinin istifadəyə verildiyi halda, bu limanda mübadiləsi aparılan neftin həcmi çox yüksək səviyyəyə çatacaq.
Türk dəhlizlərinin səmərəsizliyi
Ancaq Səudiyyə Ərəbistanı və İsrailin bu dəhliz qurmaqda yeganə məqsədi İranın regional ticari təsirlərini aradan qaldırmaq deyil. Göründüyü kimi, Hayfa limanı ilə bağlı planlar həyata keçirildiyi təqdirdə, o, Türkiyənin İstanbul limanına ciddi rəqib ola bilər.
Aralıq dənizi və Cənubi Avropa xəritəsinə ötəri nəzər belə göstərir ki, İtaliya, Fransa və İspaniya daxil olmaqla, Hayfa limanı Cənubi Avropa ölkələri ilə daha yaxın coğrafi əlaqəyə malikdir və nəticə etibarilə Avropa mallarının satışı üçün sərfəli məkandır.
Həm də bu liman Aralıq dənizi vasitəsilə Böyük Britaniya, Almaniya və hətta Skandinaviya ölkələrinə belə birləşir.
Bunu nəzərə alaraq, Səudiyyə Ərəbistanı və Fars körfəzinin ərəb ölkələri, ortaq layihənin gerçəkləşdiyi təıqdirdə, İran, İraq və Suriyadan keçən tranzit marşrutu olmadan Avropanın bütün hissələrinə maneəsiz yol aça bilər.
Türkiyə ilə beynəlxalq ticarət sahəsində rəqabətə gəlincə, əvvəllər İranın İpək Yolu üçün ciddi rəqib olan Türkiyənin “İpək Külək” (Silk Wind) layihəsinin də bahalı hesab edildiyini xatırlamalıyıq. Xəzər dənizindən Qazaxıstanın soyuq bölgələrinə qədər uzanacaq həmin tranzit marşrutu da öz cazibəsini nəzərəçarpacaq dərəcədə itirəcək. Çünki Hind okeanındakı – Umman körfəzi-Səudiyyə Ərəbistanı-İordaniya-İsrail-Aralıq dənizi-Avropa – marşrutu bütünlüklə isti sularda yerləşir və onu bütün mövsümlərdə istismar etmək mümkündür.
Nəticə
Yuxarıda göstərilən təsvirlərə əsasən, sözügedən dəmir yolu marşrutunun aktivləşdirilməsi nəticəsində daha çox zərərin qarşısını almaq üçün İran və Türkiyə dəmiryolları sürətli şəkildə birləşdirilməlidir.
Aydındır ki, əgər Şimal-Cənub və Cənub-Qərb və Şərq-Qərb dəhlizləri üzrə heç bir müvafiq fəaliyyət və aktivlik olmazsa, İsrail-Səudiyyə Ərəbistanı ortaq layihəsindən təkcə İran və Türkiyə deyil, digər Yaxın Şərq ölkələrinin ticarəti zərər görəcək.
Tərcümə: Strateq.az
Paylaş: