Xəbər lenti

 

Bir vaxtlar Həştərxandan gəmi-gəmi qənd gəlirdi. İndi isə gəmi-gəmi dərd gəlir.

“Artıq neçə ildir ki, Rusiyanın Həştərxan şəhərində haqsızlıqlarla üzləşirəm. Gah sahibi olduğum mağaza qeyri-qanuni sökülür, gah özüm ermənilərin hücumuna məruz qalıram, şikayət etdiyim orqanlarda isə ya problemimə biganə yanaşılır, ya da “sənin burda nə işin var, öz ölkənə qayıt!” kimi alçaldılcı ifadələrlə qarşılanıram”.

Bu sözləri Həştərxanda kiçik bizneslə məşğul olan Vəli Allahverdiyev Ovqat.com-a açıqlamasında deyir.

 

Onun sözlərinə görə, sahib olduğu mağazanı 2016-cı ildə erməni əsilli şəxslər dağıdıb. Məqsədləri isə mağazanın arxasında yerləşən 500 kv. metrlik sahəyə yiyələnmək imiş. Vəli Allahverdiyevin əsl problemləri isə bundan sonra başlayıb.

Öz hüquqlarını müdafiə etməyə çalışan həmyerlimiz bir gün işdən çıxıb edə gedərkən, ermənilərin hücuma məruz qalıb. Onu öldürməyə çalışan təcavüzkarlarla əlbəyaxa olan Vəli bəy zorla canını xilas edə bilib. Bundan sonra məsələni hüquqi yolla həll etmək qərarına gəlib və Rusiyanın dövlət orqanları tərəfindən get-gələ salınıb. Konkret desək, onun şikayətinə Həştərxanda baxan olmayıb. Vilayət prokurorluğuna şikayətləri rəsmi olaraq qeydiyyata alınmayıb. Prokurorluq işçiləri bu hərəkətsizliklərinin səbəbini yuxarıdan aldıqları göstərişlə izah ediblər.

 

Həştərxanda hər yerdən əli üzülən şikayətçi paytaxta-Moskvaya üz tutmalı olub. Azərbaycanın Moskvadakı səfirliyinə yazdığı məktubdan sonra hüquq mühafizə orqanları qismən hərəkətlənməyə başlayıb; onun mülkiyyətlə bağlı şikayəti icraata götürülsə də, ermənilərlə dalaşı isə yenidən görməzlikdən gəlinib. Beləcə, son ilyarım ərzində döymədiyi qapı qalmayan həmyerlimizə Həştərxandakı Azərbaycan diasporu da sahib çıxmayıb. Ötən il Rusiya hökuməti tərəfindən ləğv olunan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov həmyerlimizə nəinki kömək etməyib, əksinə, yalnış istiqamətlərə yönləndirərək, lazımi hüquqi yardım almasını əngəlləyib. Şikayətçinin bildirdiyinə görə, Ədalət Hüseynovun məsləhətilə müraciət etdiyi vəkil onun ermənilər tərəfindən döyülməsi faktını araşdırmaq niyyətində olmayıb. Halbuki, Vəli bəyi ən çox incidən də elə bu faktdır və milli məsələ olduğundan Həştərxandakı Azərbaycan diasporundan ən ciddi dəstəyi bu istiqamətdə gözləyirmiş. Nə yazıq ki, Ədalət Hüseynovun məsləhət bildiyi vəkil öz müvəkkilinin bu tələblərinə gözlənilməz reaksiya verib: -“Get, o hüququnu Azərbaycanda ara!”

 

Əli hər yerdən üzülən Vəli Allahverdiyev indi Azərbaycandadır. Başına gələnlərlə bağlı kimə şikayət edəcəyini bilmir. Çünki 2016-cı ilin sentyabrın 28-də qarşılaşdığı problemlərlə bağlı Azərbaycan XİN-nə məktub göndərib. Üzərindən bir ildən artıq zaman keçməsinə baxmayaraq, hələ də gözləri yolda cavab məktubu gözləyir. Həmin il Rusiyanın Bakıdakı səfirliyinə göndərdiyi məktub və teleqramlardan da arzuladığı cavabı almayıb. Baxmayaraq ki, Rusiya səfirliyi Azəraycan XİN-dən daha insaflı davranıb və Vəli Allahverdiyevə zəng edərək, Bakıya dəvət edib. Şikayətçi də sevinə-sevinə Həştərxandan Bakıya gəlib. Amma səfirliyin qapısını aralaya bilməyib. Ona bu işdə səfirliyin xırda işçiləri – qapıçılar və giriş məntəqəsində dayananlar mane olublar.

Baş vurmadığı idarə qalmayan şikayətçinin istəyi çox sadədir: Üstünə hücum çəkən ermənilərin cəzalandırılması və mülkiyyət hüququnun təmin olunması. Vəli bəyin bildirdiyinə görə, onu mağazasının arxasındakı torpaq sahəsi üçün incidirlər. O isə ya həmin ərazini almağa, ya da mağazanı satmağa hazırdır.

 

Şikayətçi bildirir ki, sahib olduğu mağazanın sənədlərində də heç bir problem yoxdur. Mağaza 2008-ci ildə onun qardaşı mərhum İbadulla Allahverdiyev tərəfindən alınıb və bərpa edilərək, mağaza kimi istifadə olunub. İbadulla Allahverdiyev xərçəng xəstəliyindən vəfat edəcəyini bildiyindən 2014-cü ildə mağazanı qardaşı Vəlinin adına keçirib. İndi arxasındakı torpaq sahəsini satmaq üçün mağazanı sökmək istəyənlər həmin sənədləri saxtalaşdırmağa cəhd edirlər. Artıq saxtalaşdırılan bir “sənəd”ə əsasən, guya, 2013-cü ildə Həştərxan meriyası mağazanın qəzalı olması ilə əlaqədar Vəli Allahverdiyevə müvafiq arayış göndərib. Halbuki, həmin vaxt bu obyektin Vəli bəyə heç bir aidiyyəti yox idi və o cür məktub da göndərilə bilməzdi.

 

Ovqat.com-un araşdırdığına görə, Rusiyadakı Azərbaycan diasporunun ən güclü olduğu yerlərdən biri də Həştərxandır. Həştərxan rəhbərliyi ilə çox yaxın əlaqələrdə olan yerli diaspora rəhbəri Ədalət Hüseynov dəfələrlə vilayət Duması tərəfindən müxtəlif  mükafatlara layiq görülüb. Onun 2015-ci ilin yay aylarında aldığı mükafat Azərbaycanla Həştərxan arasında dostluq münasibətləri yaratması ilə əlaqədar olub. Bu necə dostluq əlaqəsidir ki, öz sahib olduğu mağazasını belə qoruya bilməyən bir həmyerlimiz hüquqlarını tələb etdiyi üçün ermənilər tərəfindən döyülür, amma Ədalət müəllim belə, onu susmağa vadar edir. Üstəlik, aldığımız məlumata əsasən, Ədalət Hüseynov vaxtilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin yerli bürosunda yüksək vəzifədə çalışıb. Yəni əli xeyli uzundur. Amma kimin üçün?

 

Həmyerlimiz indi Rusiya hökuməti tərəfindən qurulan “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinə yol axtarır. Milyarder azərbaycanlılardan ibarət olan və ancaq seçkidən-seçkiyə Azərbaycan hakimiyyətinə qarşı  istifadə edilən bu qurumun qapılarının isə Vəli Allahverdiyev kimi sadə insanlara açıq olub-olmadığını bilmir.




Ana səhifəyə qayıt        Baxış: 1 730          Tarix: 16-01-2018, 22:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma