Xəbər lenti
Dünən, 19:25

 

Bir vaxtlar iranlılarin ayətullah Xumeyniyə imam deməsini eşidəndə ətimiz tökülürdü. Çünki bizim düşüncəmizdə imam məfhumunun yeri tamamilə fərqli idi. Peyğəmbər soyundan gələn, müqəddəs varlıq mənaları ehtiva edən imam məfhumunun bir din xadiminə necə yaraşdırıldığını anlaya bilmirdik.

Görünür, sonradan molla rejimi də bu adlandırmanın çox ağ olduğunu anlayıb öz məddahlığını müxtəlif məntiqi niqablarla ört-basdır etməyə başladılar. Əvvəl “imam”ı “naibi-imam” istilahı ilə əvəz elədilər. Sonra bu mifoloji kəşfin də çox əbəs olduğunu görüb məntiqi açıqlama ortaya atıldı – “iki cür imam var: bəşər və regional imamlar. İmam Xumeyni imamların regional olanlarındandır” şəklində.

İndi mifik təfəkkürdən çox-çox uzaq olduğuna inandığımız ABŞ-da bəzi adamlar, deyəsən, İranı belə geridə qoymağa and içiblər. Nədən ki, iranlılar heç olmasa Xümeyniyə “imam” deyirdilər, amerikalılar isə Donald Trampı peyğəmbərləşdirməyə başlayıblar. Keyfiyyət etibarilə bu iki obraza nəzər salanda “İmam” Xümeyni “peyğəmbər” Trampla müqayisədə daha çox müqəddəsə bənzəyir. Ən azı ona görə ki, “imam” Xümeyni yenə oruc tutur, namaz qılırdı. “Tramp” deyəndə isə bir çoxlarının ağlına ən pis halda vampir, ən yaxşı halda ağıl xəstəsi gəlir.

Di gəl ki, ABŞ-da bu adama peyğəmbər kimi baxanların da sayı az deyil – milyonlarla Pentekostal dindarı.

Əziz oxucu, lütfən, yazının bu yerində, “müəllif nə danışır?” - deyə, dodağınızı büzməyin. Sizi çox intizarda saxlamadan yazının əsas məğzini təqdim edirik:

  

"Donald Tramp Davosdan Vaşinqtona qayıdarkən təyyarədə ürəyi sıxılsa, edəcəyi tək bir şey var; Davosda bir nümayəndənin ona hədiyyə etdiyi “Tanrı və Donald Tramp" kitabını oxumaq".

Ovqat.com xəbər verir ki, ABŞ prezidentinə bu dəyərli məsələhəti verən “Politico” qəzetinin yazarı Ami Sullivandır.

Müəllif qəzetin Bazar əlavəsində "Milyonlarla amerikalı Trampın Tanrı tərəfindən seçildiyinə inanır" sərlövhəli yazısında xeyli maraqlı fikirlər irəli sürür. Onun deməsindən belə çıxır ki, milyonlarla amerikalı dindar Trampın Allah tərəfindən "ilahi bir missiya" üçün seçildiyinə inanırmış: “Əsasən mistik rəqs-zikirləri ilə Evanjelik ədəbiyyatının qarışığından ortaya çıxan Pentekostal xristianlıq cərəyanının aparıcı fiqurlarından olan Stefan Stranqın qələmə aldığı bu kitab xristianlıq əzizlərinə dair mənkubələrdən, “Fox News” xəbərləri və gələcəklə bağlı proqnozlardan ibarətdir”.

 Məqalədə bildirildiyinə görə, ABŞ prezidentlərinə müqəddəslik donu geyindirilməsi heç Trampla da başlamayıb. Pentekostal dindarlar ilk dəfə “Tanrının seçdiyi ABŞ prezidenti” yarlığını Corc W. Buşa yapışdırıblar və Trampla müqayisədə Buş, hardasa, bu cür təqdimata uyğun gəlirdi də. Çünki alkoqoldan və Tanrının yolundan çıxmaqdan tövbə edən Buş heç olmasa həftədə bir dəfə kilisəyə də gedirdi, Tramp isə bu müqəddəs yolların heç birinə əməl etmir.

Bəs, Trampı Pentekostal xristianlarının gözündə əzizləşdirən nədir? - İnanmayacaqsınız, pulu.

 

Sən demə, xristianlığın bu qolu var-dövləti Allah tərəfindən seçilməyin ən bariz dəlili hesab edirlərmiş. Onların nəzərincə, istərsən həmin varidatı oğurla, istərsən dələduz ol, istərsən ata-babandan qalsın, heç bir dəxli yoxdur, əgər pulun varsa, deməli, sən Allahın seçdiyi bəndəsən. Bu inanc sahibləri mal - mülk əldə etməyin, zəngin olmağın Tanrının yaxşılara bəxş etdiyi bir mükafat olduğuna inanırlar. Zənginliyi meyar görən  pentekostallar üçün Trampın dollar milyarderi olması Tanrının sevgisini qazanmağı anlamına gəlir.

 Ami Sullivanın iddiasına görə, Stranqın "Tanrı və Donald Tramp” kitabında ABŞ prezideninin şəxsiyyətinə və inanclarına çox az yer verilib. Kitabda sadəcə, prezidentin yetişdirdiyi uşaqların dini inanc və dəyərlərindən bəhs edən hissələr var. Trampın ən böyük möcuzəsi isə “Amerikanı yenidən Allah yoluna qaytarması olacaq”mış. Bunun dəlili də Yeni il bayramında amerikalılara “Milad bayramınız mübarək” deməsidir. Çünki indiyə qədərki ABŞ prezidentləri sekulyar görünmək üçün bu cür ibarələrdən istifadə etmirmişlər.

 İddiaya görə, “Tanrı və Donald Tramp” adlı kitabın müəllifi Stranq  mövcud ABŞ hakimiyyətinin mənəvi ölçülərinə də öz əsərində yer verib. Stranqın fikrincə, əsas ölçü isə həyatını xristianlara aid bir məbədin altında yaşayaraq keçirən amerikalı din xadimi Zimmerın 1980-ci illərdə dilə gətirdiyi bir kəhanətidir. Bir çoxlarının dəli kimi baxdığı Zimmer belə proqnoz veribmiş: "Amerikanı yenidən Allahın yoluna qaytaracaq adam Donald Tramp olacaq”. Bu kəhanət katoliklərdən çox protestantlarda maraq doğurub.

 

Pentekostal məzhəbin bəzi mühafizəkarlarının Trampın Hillari Klintonu məğlub etməsini Tanrının möcüzəsi olaraq gördüyü kimi, Stranq da Respublikaçı Partiyanın prezident seçkilərinə ilahi varlığın birbaşa müdaxilə etdiyinə inanır. Franklin Grahamdan Robert Jeffressa və Kennet Kopelanda qədər dini qrup liderlərinin, hələ seçkidən əvvəl "Tanrının bir respublikaçı prezident istədiyini elan etmələrini" xatırladan Stranq kitabında iddia edir: "Tanrı Respublikaçılar Partiyasının qələbəsini istəyirdi. Tramp bu partiyanın namizədi oldusa, deməli Tanrının istədiyi adam da odur”. Müəllif seçkinin əvvəlində heç kimin Trampın qələbəsinə inanmadığını əsas gətirərək, bunu Tanrının izni və köməyinin təcəllisi olduğunu bildirir.

Bildirilir ki, Stranqın kitabında fikirlərinə istinad etdiyi dini qrup lideri Robert Jeffres 2017-ci ilin iyul ayında Dallas Baptist kilsəsindəki nitqində bu sözləriylə yadda qalıbmış: "Milyonlarla amerikalı Donald Trampın qələbəsini istəyir. Tramp Tanrının bizə Amerikanı yenidən möhtəşəm etmək üçün verdiyi bir şans, bəlkə də son şansdır".

 Müəllif iddia edir ki, bir çox dini qruplar Donald Trampın seçki kampaniyasını dəstəkləmək üçün səfərbər olublar. Çünki, "Donald Trampın seçilməsinə xidmət Tanrıya xidmət" anlamına gəlirdi. Reformasiya Dua Şəbəkəsi adlı dini qrupun banisi Kindy Konfrans 10 min xarizmatist xristian ilə birlikdə seçkilərin ən kritik olduğu 7 əyalətdə "Dua mitinqləri” keçirərək, Tanrıdan bu ştatlardakı seçicilərin qəlbini həqiqətə açaraq əziz tutmasını xahiş ediblər. As One (Bir imiş Kimi) adlı bir başqa qrup isə  40 günlük "Dua yürüşləri” keçirib: “40 gün İncildə nəzərdə tutulan bir müddətdir. Beləcə, onlar mənəvi gücləriylə Donald Trampı qarşısındakı şeytanı güclərə qarşı gücləndiriblər. Kaliforniyalı dini lider Lou Enql də tərəfdarlarını seçkidən 3 gün əvvəl "Efir Orucu" tutmağa çağırıb. Heç bir şey yeyib içmədən "Tanrıdan mərhəmət və seçki qələbəsi istəyiblər”.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 832          Tarix: 29-01-2018, 23:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma