
Rusiyanın Soçi şəhərində keçirilən və müxaliflərin qatılmadığı Suriya Milli Dialoq Konqresində Konstitusiya komitəsinin yaradılmasına qərar verilib.
Ovqat.com-un bildirdiyinə görə, bu, tərəflərin üzərində razılaşdığı bəyannamədə da öz əksini tapıb.
Bəyannamədə həmçinin konqres iştirakçılarının davam edən münaqişələri ən qısa müddətdə başa çatdırmaq istədikləri bildirilib.
Suriyanın yenidən bütünləşməsi üçün beynəlxalq ictimaiyyətdən yardım istəyən konqres iştirakçıları yaradılacaq Konstitusiya komitəsində "geniştərkibli müxalifət nümayəndə heyətin”in təmsil olunmasını arzuladıqlarını bəyan ediblər.
Yaradılacaq komitəyə “islahatçı” Konstitusiya layihəsini hazırlamaq və bunun üçün də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qərarına istinad etmək tapşırılıb.
Konstitusiya komitəsinin tərkibinin bu cür müəyyənləşdirilməsi qərara alınıb: rejim, müxalifət, Suriya ekspertləri, müstəqillər, tayfa liderləri və qadınlar.
Bəyannamədə Konstitusiya komitəsinin səlahiyyətləri, prosedur qaydaları, seçim meyarları kimi məqamların müəyyənləşdirilməsinin BMT nəzarətindəki Cenevrə sammitinə saxlanıldığı vurğulanıb.
Bəyannamənin sonunda BMT Baş Katibinə müraciət edilərək, Suriya xüsusi nümayəndəsinin Konstitusiya Komitəsinin Cenevrədəki işlərinə köməkçi kimi təyin olunması məsləhət görülüb.
Qeyd edək ki, Suriya Milli Dialoq Konfransının bu gün başlayan ilk toplantısı müxalifətsiz keçirilib. Suriya iqtidarını təmsil edənlər arasında terrorist lider kimi tanınan Mehraç Uralın yer alması bir çox müxaliflərin toplantını tərk etməsiylə nəticələnib. Müxaliflər öz təmsilçilik hüquqlarını Türkiyəyə həvalə ediblər.
Suriya Milli Dialoq Konqresində ən ümdə məsələlərin Cenevre sammitinə saxlanılması tərəflərin əslində heç bir razılığa gəlmədiyini göstərir. Konstitusiya komitəsi kimi içiboş qurumun yaradılmasının bəyan edilməsi isə gözdən pərdə asmaqdan başqa bir şey deyil.
Böyük ümidlər bəslənən Suriya Milli Dialoq Konqresinin bu cür önəmsiz nəticələnməsi rəsmi Dəməşqin təxribatının nəticəsidir. Mehraç Uralın gizli şəkildə Suriya nümayəndə heyətinə salınmasının bu cür nəticələnəcəyi əvvəlcədən bəlli idi. Rəsmi Dəməşq istər Astanada, istərsə də Cenevredə keçirilən bütün sammitlərdə həmişə oyunpozucu mövqe seçmiş və toplantıların baş tutmasını əngəlləməyə çalışmışdır. Bu da səbəbsiz deyil. Sözügedən toplantılar baş tutarsa, Bəşər Əsəd öz hakimiyyət səlahiyyətlərinin bəzilərini müxaliflərlə bölüşməli və keçid hökuməti qurulmalıdır. Bəşər Əsəd isə isti kreslosunu heç kiminlə bölüşmək niyyətində deyil. Baxmayaraq ki, bu hakimiyyət davası Suriyada Suriyalıq da qoymayıb.
Ovqat.com
Paylaş: