Xəbər lenti

 

"Qordi düyünü" kəsildi

Rusiya, İran və Türkiyə Suriya Milli Dialoq Konqresində iştirak edəcək təşkilatların siyahısı üzərində ümumi razılıq əldə ediblər

Ovqat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bunu açıqlayıb.

Lavrentyev Türkiyə, İran və Rusiya nümayəndələri arasında Soçidə keçirilən məşvərət toplantısının ardından verdiyi açıqlamada Suriya Milli Dialoq Konqresi ilə bağlı əsas məsələlərin müzakirə olunduğunu və görüşün uğurlu keçdiyini bildirib:

 "Forumda iştirak edəcəklərin siyahısı üzərində razılığa gəldik. Qarşımızda ən uzağı iki günlük əlavə çalışacağımz işlər qaldı”.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın da konqresə qatılmaq istədiyini qeyd edən Lavrentyev bu toplantının Cenevrə prosesinə həyat verəcəyini dilə gətirib. Görüşlərdə suriyalı müxaliflərin və konqresdə iştirakın ətraflı şəkildə müzakirə edildiyini bildirən sözçü müxaliflərin konqresə iştirakının siyasi həll üçün "unikal" imkan yaradacağına inamını da gizlətməyib.

Qeyd edək ki, Suriyada atəşkəsin təminatçı olan ölkələr - Rusiya, İran və Türkiyə bundan əvvəlki sammitlərdə Suriya Milli Dialoq Konqresinin 29-30 yanvarda Rusiyanın Soçi şəhərində toplanması üçün razılaşmışdılar.

Soçi sammitlərinə münasibət birmənalı isə deyil. Rusiya, Türkiyə və İran bu sammitlərin Cenevre prosesinə verilən dəstək kimi təqdim edir, ABŞ isə onu Soçi üçlüsünün Yaxın Şərqdə təşəbbüsü ələ almaq cəhdi kimi qiymətləndirir. Hətta Ağ ev yetkililəri dəfələrlə verdikləri bəyanatlarda nəyin bahasına olursa olsun Soçi sammitlərinin nəticələrini heçə uğratmağa çalışdıqlarını ifadə ediblər. Bəzi ekspertlər Suriyanın şimalında ABŞ tərəfindən yaradılan süni böhranın məhz bu məqsədə qulluq etdiyini düşünürlər. İddiaya görə, ABŞ Suriyanın şimalındakı kürdləri qəsdən aktivləşdirərək, Türkiyəni Afrin əməliyyatına girməyə vadar edir və beləcə, Suriya Milli Dialoq Konqresinin keçirilməsinə mane olmağa çalışırdı. Çünki konqresdə iştirak edəcəyi gözlənilən qruplardan biri də PYD idi. Rusiya, Suriya və İran bölgənin ən nüfuzlu qruplarından biri kimi kürd separatçılarının da konqresə qatılmasını arzulayır, Türkiyə isə bu fikri yaxına buraxmaq istəmirdi. Son Afrin əməliyyatıyla ciddi yara alan kürd separatçılarının konqresdə iştirakı çətinləşə bilərdi, bu da Rusiya və İranı narahat edirdi. Zira davamlı sülhün təminatı üçün Suriyadakı bütün etnik, dini qrupların konsensusa gəlməsi arzulanırdı ki, kənarda ABŞ-ın istifadəsinə açıq heç bir qüvvə qalmasın. Bölgədəki kürdlərin əsas cəmləşdiyi təşkilat isə PYD idi.

Təsadüfi deyildi ki, Türkiyə “Zeytun budağı” əməliyyatını başlayar-başlamaz ən ciddi etirazlardan biri İrandan gəlmiş və rəsmi Tehran Suriya Milli Dialoq Konqresinin baş tutmayacağından narahatlığını dilə gətirmişdi. Dilə gətirməsə belə, eyni nigaranlığı Moksvanın da daşıdığı rus mətbuatında dərc olunan yazılardan aydınlaşırdı.

Putinin Suriya üzrə xüsusi nümayəndəsinin bu gün verdiyi məlumatlar isə artıq Soçi üçlüsünün Suriya Milli Dialoq Konqresinin iştirakçıları barədə fikir birliyinə gəldiyini göstərir. Belə aydın olur ki, Rusiya və İran da PYD-ni müzakirə subyekti kimi gözdən çıxarmalı olublar. Beləcə, Qordi düyününü kəsən üçlü ABŞ-ın məkrli siyasətlərindən birini də balatalayıblar.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 244          Tarix: 21-01-2018, 02:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma