Günlərdir böyük səbrsizliklə gözlənilən Suriya Milli Dialoq Konqresinin ilk toplantısı skandalla başlayıb.
Ovqat.com-un bildirdiyinə görə, THKP-C Acilciler adlı terror təşkilatının lideri Mihraç Uralın da Soçi sammitinə çağrıldığı məlum olub və bu, Türkiyə nümayəndə heyəti ilə yanaşı suriyalı müxalif təmsilçilərin də ciddi etirazına yol açıb.
Bildirildiyinə görə, müxalif düşərgəni təmsil edən türkmən və bəzi ərəb nümayəndələr sammiti tərk ediblər. Onların öz təmsilçilik hüquqlarını Türkiyəyə həvalə etdikləri bildirilir.
Bəs, Soçi sammitində bomba effektli yaradan Mihraç Ural kimdir?
Mihraç Ural bir neçə il bundan əvvəl Türkiyənin Reyhanlı qəsəbəsinə edilmiş terror aksiyasında şübhəli bilinir və rəsmi Ankara tərəfindən axtarışda olan terrorçular siyahısına salınıb. 2013-cü ildə törədilən həmin terror hücumunda 52 nəfər öldürülmüş, xeyli mülki vətəndaş yaralanmışdı.
Mihraç Uralın rəhbərlik etdiyi THKP-C Acilciler təşkilatı sol təmayüllüdür. Açması Türkiyə Xalq Qurtuluş Partiyası –Cephesi mənasına gəlir. Təşkilat 1974-ci ildə elan edilən amnistiya zamanı zindanından çıxan bir qrup tələbə tərəfindən yaradılıb. İdeoloji prinsiplərini həmin tələbələr tərəfindən qələmə alınan "Türkiyə İnqilabının Təxirəsalınmaz Problemləri" adlı bukletdən alan təşkilat qarşısına silahlı müqavimət hədəfi qoyub, qardaş ölkənin bir sıra şəhər və ucqarlarında döyüşçü yetişdirməklə məşğuldur.
Son illərdə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən sıxışdırılan THKP-C Acilciler öz fəaliyyətlərini Suriya sərhədlərinə daşıyıblar. Liderləri arasında ələvi ərəblərin (Nusayri) çoxluğu THKP-C Acilcilerin xüsusilə Hatayda təşkilatlanmasına səbəb olub. Bəşər Əsədin də məzhəbcə Nusayri olması bu terror təşkilatını rahatlıqla Dəməşqin təsir dairəsinə düşməsinə yol açıb.
Rəsmi Dəməşqin nümayəndə heyətinin üzvü kimi Mihraç Uralın Türkiyənin xəbəri olmadan Rusiya tərəfindən Soçiyə dəvət edilməsi də bu mənada təsadüfi deyil və Ankaranın Moskvadan izahat istəməsilə nəticələnib.
Qeyd edək ki, Suriya Milli Dialoq Konqresi Türkiyə, Rusiya və İranın birgə razılığı əsasında keçirilirdi və torplantıda Suriya iqtidarını və müxalifəti təmsil edən müxtəlif kəsimlərinin iştirakı gözlənilirdi.
Soçidə ortaya çıxacağı planlaşıdırılan bu format barədə dünyanın müxtəlif ölkələrinin münasibəti birmənalı deyil. ABŞ Suriya Milli Dialoq Konqresini Cenevrə sammitlərinə qarşı yaradılmış gərəksiz alternativ kimi görür və baş tutmasını əngəlləməyə çalışırdı. Rusiya isə bu iddia ilə razılaşmır, Soçi sammitini Cenevre görüşlərinə yardım etmək məqsədi daşıdığını bildirirdi. Xatırladaq ki, həm Soçidə keçirilən sözügedən toplantı, həm də Cenevre sammitləri Suriya məsələsinin həllini qarşıya məqsəd kimi qoyublar.
Qəribə görünsə də, Mihraç Ural skandalıyla Suriya Milli Dialoq Konqresinin baş tutmaması üçün həyata keçirilən təxribat Suriya və Rusiyanın iştirakı ilə reallaşdırıldı. Bu isə Suriya ətrafında çox mürəkkəb oyunların getdiyi və tərəflərin məlum münaqişənin yatırılmasında maraqlı olmadığı barədə şübhələri gücləndirir.
Ovqat.com
Paylaş: