Xəbər lenti

 

“Ölkə başçısının qaçqın və məcburi köçkünlərin sosial təminatı ilə bağlı siyasəti tam normaldır. Amma kimlərsə bu siyasətə və şəxsən Prezidentin humanitar mövqeyinə sanki kölgə salmağa çalışır. Bu  neqativ hallardan biri də yersiz fikirlərin səsləndirilməsi və məddahlıqdır”.

Ovqat.com xəbər verir ki, bunları iqtisadçı ekspert Elçin Qurbanov saytımız üçün qələmə aldığı məqalədə bildirib.

O, deputat Fuad Miradovun Milli.az saytında dərc olunan bir açıqlamasına həsr etdiyi məqaləsində sanki Prezidentin həyata keçirdiyi işləri heç kəsin görmədiyini, Fuad Muradovun bu əməlləri şərh etməsə, ölkə rəhbərliyinin çarəsiz qalacağı təsəvvürünün yarandığını qeyd edərək, yazır:

“Hörmətli deputat görəsən, Suriyadan Əsəd rejimindən qaçıb Türkiyəyə və Avropa ölkələrinə sığınan qaçqınların sosial təminatının hansı mənbələrdən ödəndiyini bilirmi? Türkiyə 3 milyondan artıq , Almaniya yüz minlərlə miqrantın qidalanmasını, geyimini, sağlamlığını, sığıncağını yüksək səviyyədə təmin edir. O ki qaldı qaçqınların probelmləri ilə məşul olan bir sistemin olmasına, yəqin ki, deputat Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsini nəzərdə tutur. Nə fərqi var komitə və ya komissiyanın olmasında? Başqa ölkələrdə bu problemi komissiya həll edir. Deputat öz vətəndaşına dövlətin sahib çıxmasını qaçqınların boynuna minnət kimi qoyur. Bu sağlam düşüncə deyil”.

 

Qeyd edək ki, Fuad Muradov məlum açıqlamasında Azərbaycanın qaçqın və məcburi köçkünlərin sosial problemlərini dövlət hesabına həll edən çox nadir ölkələrdən olduğunu vurğulayaraq demişdi:

"Ümumiyyətlə, prezident İlham Əliyevin sosial sahə ilə, insanların həyatı ilə bağlı məsələlərdə, əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar və verdiyi qərarlar hər zaman unikallığı ilə seçilir. Azərbaycan dövlətinin siyasəti də, dövlət büdcəsi də ümumilikdə götürdükdə sosial yönümlüdür. Nəzərə almalıyıq ki, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərimizə həmişə xüsusi həssaslıqla yanaşılıb və onların həyat şəraitinin və maddi rifahının yaxşılaşmasını təmin etmək üçün müxtəlif yardımlar edilib, onların kommunal xərclərinin böyük bir hissəsi ödənilib".

Bu fikirlərin həddindən ziyadə məddahlıq nümunəsi olduğuna diqqət çəkən Elçin Qurbanov məqaləsində fikirlərini belə əsaslandırıb:

“Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I bəndində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təqdim edilir. 16-cı Maddədə isə bildirilir:

“Maddə 16. Sosial inkişaf və dövlət:

  1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır” - Konstitusiya dövlətin ali məqsədini və sosial inkişafla bağlı vəzifələrini, məsuliyyətini müəyyən edir.

Deputatın məlum açıqlamasında isə sanki başqa dövlətin qaçqın və məcburi köçkünlərindən danışılır. Belə yersiz məddahlıqlar hörmətli deputat Qüdrət Həsənquliyevin yaltaqlığın qadağan edilməsi haqqında qanun qəbul edilməsi fikrinə haqq qazandırır. Sözsüz ki, yaltaqların ifrat mövqeyi ölkə başçısının imicinə heç də müsbət təsir göstərmir. Xüsusilə də deputat tərəfindən söylənilən çox yersiz və lazımsız ifadədir.

Yeri gəlmişkən, bu gün də siyasəti davam etdirilən mərhum Heydər Əliyevin bir fikrini yadınıza yaxşı-yaxşı salın: “Məni tərifləyən xoş sözlər deyil, acı həqiqəti deyin”. Müdriklərin deyimlərində də “Səni tərifləyənin deyil, tənqid edənin yanında oturun” qeyd olunur”.




Ana səhifəyə qayıt        Baxış: 2 221          Tarix: 1-02-2018, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma