Xəbər lenti

  

Suriyada Rusiyaya aid hərbi təyyarə vurulub.

Ovqat.com-un bildirdiyinə görə, məlumatı AFP xəbər agentliyi yayıb.

Təyyarənin İdilibin şimal-qərbində müxaliflər tərəfindən vurulduğu bildirilir. Pilotun sağ ələ keçirildiyi iddia olunur.

Qeyd edək ki, İdilibin şimal-qərb hissəsində əsasən Heyət-i Təhrir-i Şam (HTŞ) kimi əl-Qaida uzantısı olan qruplar aktiv fəaliyyətdədirlər. Bir zamanlar ABŞ və Səudiyyə Ərəbistanına bağlı olan bu qruplar bir müddət əvvəl Rusiyanın Xmeymin hərbi bazasına hücumla da gündəmə gəlmişdilər. 13 pilotsuz təyyarə ilə edilən həmin hücumdan sonra Rusiya S-400 havadan müdafiə sistemlərini aktiv hala gətirmişdi. Bu isə Suriya hava sahəsində uçan istənilən “yad obyekt”in avtomatik olaraq vurulması anlamına gəlirdi.

“Zeytun budağı” hərbi əməliyyatından bir müddət əvvəl hayata keçirilən hücum əslində Rusiyadan çox, Türkiyəyə qarşı təxribat kimi qiymətləndirilmişdi. Ona görə ki, Soçi üçlüsünün keçirdikləri görüşlərindən birində Şimali Suriya 4 müxtəlif müharibəsiz zonaya bölünmüş, İdilib isə Türkiyənin payına düşmüşdü. Razılaşmaya görə, həmin bölgədəki qüvvələrə Ankara nəzarət etməli, onların müttəfiqlərə hücumlarının qarşısını almalı idi. Di gəl ki, həmin bölgədə Türkiyənin tam nəzarət edə bilmədiyi silahlı qüvvələr vardı və bunlar əsasən əl-Qaidəyə bağlı dəstələrdə cəmləşmişdilər.

İkinci məsələ isə, Rusiyanın yenidən S-400-lərini aktiv hala gətirəcəyi təqdirdə türk təyyarələrinin uçuş imkanlarının məhdudlaşması ilə bağlıdır. Zira Suriya hava sərhədlərini qoruyan S-400 avtomatik atəş halına gətirildikdə, raketlər radara yaxalanan obyektləri vurmaq üçün xüsusi komanda gözləmədən dərhal hərəkətə keçirlər.

Türkiyə “Zeytun budağı” əməliyyatından öncə də yaranan bənzər təhlükəni ortadan qaldırmaq üçün Rusiya ilə xeyli müzakirələr aparmış və Xmeymindəki S-400-lərin avtomatik atəşləmə sistemini bağlamağa nail olmuşdu. İndi əl-Qaidəçi qrupların bənzər təxribata əl atması Rusiyanı yendən eyni addım atmağa vadar edir. Bu isə “Zeytun budağı” əməliyyatının ən kritik anında Türkiyə ordusunu hava bombardımanı imkanını yenidən məhdudlaşdıra bilər.

***

 

Rusiya İdilibdə vurulan təyyarəsinin qisasını aldı: 30 terrorçu öldürüldü

 

Rusiya Suriyanın İdilib vilayətində S-25 tipli təyyarəsinin vurulduğunu etiraf edib.

Ovqat.com xəbər verir ki, fakt Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.

Bildirilib ki, vurulmuş təyyarənin pilotu əsir düşməmək üçün terrorçularla döyüşüb və öldürülüb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qisas əməliyatına başlayan rus ordusu terrorçulardan 30 nəfəri öldürüb. Bu məlumatın terrorçuların ratsiya söhbətlərindən “tutulduğu” qeyd olunur.

Təyyarəyə hücumun əl-Qaidəyə bağlı Ceyş ən-Nəsr silahlıları tərəfindən edildiyi xəbər verilir. Maraqlıdır ki, Ceyş ən-Nəsrin adı Afrin əməliyyatına dəstək verən qüvvələr arasında da keçir. Bildirildiyinə görə, ASO-da təmsil olunan 16 qrup 2015-ci ilin avqust ayında İdilib və Xama vilayətlərində Ceys ən-Nəsr adı altında birləşmişdilər.

Zənnimizcə, bu amil  Türkiyə-Rusiya arasındakı ittifaqa kölgə salmaq üçün bəhanəyə çevrilə bilər və sözügedən təyyarənin məhz Ceys ən-Nəsrə vurduruluması təsadüfi deyil; iki qonşu dövlət arasında yaranan kövrək birliyi pozmaq istəyən xarici xüsusi xidmət orqanlarının sifarişinə bənzəyir. Əl-Qaidəyə bağlı qüvvələrin ABŞ tərəfindən yaradılması və ASO-ya daxil olsalar da, onlara Türkiyənin tam nəzarət edə bilməməsi bu ehtimalı qüvvətləndirir.




Ana səhifəyə qayıt        Baxış: 970          Tarix: 3-02-2018, 21:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma