Xəbər lenti

 

ABŞ-ın son zamanlar kürd faktorunu xeyli böyütməsinin digər məqsədi də ortaya çıxır. Faktiki olaraq Türkiyənin ərazi bütövlüyünə təhlükə yaradan ABŞ-ın qardaş ölkəni əslində Rusiya ilə üz-üzə qoymaqla yaranmaqda olan Türkiyə-Rusiya-İran ittifaqını beşikdə boğmağa çalışdığı getdikcə tam çılpaqlığı ilə aydın olur.

Təsadüfi deyil ki, Türkiyənin Afrin əməliyyatına başlayacağını elan etməsi ABŞ-dan çox, Rusiyanın kürkünə birə salıb. Rus mətbu orqanları açıq şəkildə Afrindəki kürdlərə atılacaq mərmilərlə əslində Rusiyanın vurulacağını bildirirlər. ABŞ rəsmiləri isə Afrində onsuz da öz əsgərlərinin olmadığını deyərək, Türkiyə prezidenti R. T. Ərdoğanın bir müddət öncə dilə gətirdiyi “terrorçuların sığındıqlarını dövlət bayraqlarını və çiyinlərindəki paqonları söküb sahibinə təslim edəcəyik” sözlərinin özlərinə aid olmadığına eyham vururlar. Türkiyənin Baş qərargah rəisinin və MİT müştəşarının bir müddət əvvəl Moskvaya getməsi, burada Suriya məsələsini rus yetkililəriylə müzakirə masasına yatırması da üz-üzə gətirilən iki qonşu dövlətin münasibətlərini yenidən nizama salmaq cəhdindən başqa bir şey deyil.

Rusiyayla Türkiyənin qarşı-qarşıya qoyulmasının əsası əslində Afrin əməliyyatı elan olunmamışdan əvvəl qoyulmuşdu. Bildiyimiz kimi, yanvar ayının 10-da Rusiyanın Xmeymim hərbi bazası pilotsuz təyyarə hücumuna məruz qalmışdı. Rusiya bu hücumun Türkiyənin nəzarəti altındakı İdilibdən təşkil edildiyini bildirsə də, hadisənin arxasında Ankaranın olmadığını vurğulamışdı. Rusiya Müdafiə Nazirliyinin həmin vaxt yaydığı məlumatda açıq şəkildə göstərilirdi ki, həmin hücum zamanı ABŞ təyyarələri də həndəvərdə uçuşur və hadisəni izləyirdilər. Məlumatda bu hücumda ABŞ barmağının olduğu aydın şəkildə ifadə olunurdu.

Onu da qeyd edək ki, bir neçə ay əvvəl Türkiyə, İran və Rusiya rəhbərlərinin Soçi sammitində Suriyanın şimalı 4 döyüşsüz bölgəyə bölünmüş və Ankaranın payına isə İdilib düşmüşdü. Bu da təsadüfi deyildi. Rusiya və Suriya ordusu Hələb şəhərini silahlı müxaliflərdən təmizləyərkən, Türkiyə dövriyyəyə girmiş və tərəflər müxaliflərin İdilibə yerləşdirilməsində ortaq məxrəcə gəlmişdilər. Dolayısıyla döyüşsüz regionlar bölgüsündə İdilibin Türkiyənin nəzarətinə verilməsi başa düşülən idi.

Bu mənada Rusiyanın hərbi bazasına hücumun arxasında Türkiyə dayanmasa belə, hücumların İdilibdən təşkil edilməsi Ankaranın üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirə bilməməsi anlamına gəlirdi. Rusiya da bunu bəhanə edərək, hərbi bazalarındakı S-400-ləri bənzər müdaxilələrə qarşı açdığını bildirmişdi. Bu isə həm də Türkiyənin Afrin əməliyyatına başlayacağı təqdirdə, hava qüvvələrindən istifadə edə bilməyəcəyi deməkdir. Nədən ki, S-400-lərin atışa açıq vəziyyətdə tutulması hava sərhədlərini pozan istənilən texnikanı dost-düşmən ayırmadan hədəfə çevirir.

Bu vəziyyətdə Türkiyə Afrin əməliyyatına başlamamışdan əvvəl ya Rusiya ilə tapmalı, İdilibə nəzarəti tam təmin etməli, ya da hərbi müdaxiləni yalnız quru qüvvələriylə həyata keçirməlidir. İdilibdəki vəziyyəti nəzarət altına almaq isə asan deyil. Çünki buradakı silahlı qüvvələr tez-tez səf dəyişirlər və kimin hansı cəbhədə olmasını müəyyənləşdirmək çətindir.

Görünən budur ki, Türkiyə Afrin əməliyyatına hava qüvvələrindən tamamilə təcrid edilmiş vəziyyətə gətirilir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 266          Tarix: 20-01-2018, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma