ABŞ PKK-nın Suriya qanadına verməyi planlaşdırdığı silahlar arasınfa zirehli texnikalar və tanklar, həmçinin istilikgüdümlü raketlər də olacaq.
Ovqat.com xəbər verir ki, bu məlumatı Rusiyanın "Sputnik" informasiya agentliyi yayıb.
Agentlik xəbərin mənbəyi olaraq PYD rəsmilərindən birini göstərib.
ABŞ-ın müttəfiqliyə sığmayan hərəkəti bununla da bitmir. O, PYD-nin silahlardan peşəkar istifadə edə bilməsi üçün terrorçulara məsləhətçi əsgərlər də verəcək. Belə çıxır ki, hər silahın yanında bir Amerikalı mütəxəssis dayanacaq və faktiki olaraq silahlardan ABŞ əsgərləri istifadə edəcəklər.
Mütəxəssislərə görə, PYD-yə verilməsi nəzərdə tutulan silahların növü Türkiyənin Şimali İraq və Şimali Suriyada keçirdiyi hava əməliyyatlarının qarşısını almağa hesablanıb. Nədən ki, istilik güdümlü raketlərin əsas hədəflərindən biri də təyyarələrdir və təyyarələr xüsusi manevrlərlə bu raketlərdən yaxa qurtara bilirlər.
Tanklar və digər zirehli texnikalar da faktiki olaraq PKK-nın adi silahlı terror təşkilatından orduya çevrilməsi istiqamətində atılmış addım təəssüratı yaradır. Görünən budur ki, ABŞ Kürdüstanın Hərbi Hava Qüvvələrindən başqa digər hərbi strukturlarını Donald Trampın bir qərarıyla yaratmaq istəyir. Hətta yaxın gələcəkdə Hərbi Hava Qüvvələrinin formalaşdırılması da istisna deyil. Xatırlayırsınızsa, bir müddət öncə Kobaninin İŞİD işğalından azad edilməsindən sonra ABŞ hümanitar yardım daşımaq adıyla qəsəbədə hərbi hava limanı salmağa başlamışdı. Hava limanı o qədər böyük olacaqdı ki, 15 İyul hadisələrindən sonra Türkiyəylə ABŞ arasında yaşanan böhran zamanı Adanadakı İncirlik bazasının oraya köçürülməsi belə, gündəmə gətirilmişdi.
PYD qüvvələri ilə bərabər onların amerikalı məsləhətçilərinin eyni anda hərbi texnikaların yanında və ya içində dayanmasının təkcə təlim məqsədi daşımadığı da aydındır. Məqsəd həm də PYD silahlılarını Türkiyənin hücumlarından qorumaqdır. Belə ki, Ankaranın separatçılara açıdığı atəşin ABŞ əsgərinə yönələcəyi və bunun iki dövlət arasında ciddi böhrana yol aça biləcəyi də istisna edilməməlidir.
Görünür, məhz bu ehtimalı nəzərdə tutan Türkiyənin Müdafiə naziri Fikri İşıq, Trampın son qərarını başlı-başına böhran adalandıraraq deyib:
"Bunun bölgədə dəhşətli nəticələrə səbəb olacağını bilirik. Mənfi nəticələri isə bütün dünyanı təsir edər. Türkiyənin oyunu təkbaşına dəyişdirmə gücü yoxdur, amma maraqlarını qoruma gücü var".
Heydər Oğuz
Paylaş: