Xəbər lenti

 

“Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” haqqında Sərəncam gözlənilən idi. Hələ ötən ilin sentyabr ayının 12-də cənab prezident sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı sərəncam imzalamış və bu layihənin həyata keçirilməsi mexanizminin hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə 3 ay vaxt vermişdi”.

Tanınmış iş adamı Mürvət Həsənli Ovqat.com-a açıqlamasında belə deyib.

Onun fikrincə, həmin vaxt ötən ilin dekabrın 12-də tamamlanırdı. Elədirsə, belə çıxır ki, Kənd Təsərrüfatı Nazirliyi prezidentin sərəncamından irəli gələn vəzifələrini 2 ay geçikdirib.

Əməkdaşımızın bu fikiriylə razlaşmayan Mürvət Həsənli bir ay geçikməni normal sayır:

“Mümkündür ki, Kənd Təsərrüfatı Nazirliyi hazırladığı layihəni zamanında cənab prezidentə təqdim edib. Prezidentin layihəylə dərindən tanış olması, başqa müxtəssislərlə məsləhətləşməsi, təklifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin müzakirəsinə verməsi də müəyyən zaman alır. Bütün bunlar üçün əlavə 2 ayın sərf olunması başadüşüləndir”.

Bəs, sitrus meyvəçiliyinin inkişafına xüsusi diqqət ayrılması nədən qaynaqlanır?

 Mürvət Həsənliyə görə, bu, ilk növbədə ölkəmizin qida sektorunun inkişafı strategiyasıyla bağlıdır:

“Bildiyimiz kimi, qeyri-neft sektorunun inkişafı prezident İlham Əliyevin bir neçə il əvvəl ortaya qoyduğu layihələrdən idi. Neftin qiymətinin ucuzlaşdığı bir dövrdə bu layihənin önəmi artmış və xüsusilə qida sektoruna xüsusi diqqət ayrılmışdır. Bunun bir səbəbi Azərbaycanın öz qida təhlükəsizliyinin əsasını qoyması, xarici ölkələrin asılılığından xilas olması idisə, digəri sitrus meyvələrinin post-sovet ölkələrinə, o cümlədən Rusiyaya ixrac perspektiviylə bağlıdır”.

Həmsöhbətimiz Azərbaycanın bir sıra rayonlarında sitrus meyvələrinin yetişdirilməsi üçün olduqca münbit şəraitin mövcudluğunu xatırladaraq, bugünkü sərəncamın xüsusilə cənub rayonlarımıza böyük investisiyaların yatırılacağını vəd etdiyinə inanır:

“Xüsusilə Lənkəran, Masallı, Astara kimi cənub rayonları və Xəzərətrafı ərazilər özünün sitrus meyvələriylə məşhurdurlar. Azərbaycan limonu, portağalı, feyxoası və s. meyvələri Rusiya bazarlarında əl-əl axtarılır. Deməli, həmin rayonlarda limon, naringi meyvələrinin yetişdirilməsini inkişaf etdirməklə həm Azərbaycanın ehtiyacını ödəmək, həm də ehtyacdan artığını xarici bazaralara çıxarmaq olar”.

Cənub rayonlarımızın torpaq qatının və ekoloji mühitinin sitrus meyvələri üçün nə qədər münbit olmasına baxmayaraq, indiyə qədər tam potensial məhsuldarlıq gücüylə becərilmədiyini də etiraf edən iş adamı bunu müxtəlif ölkələrdən idxal olunan eyni adlı məhsullarla əsaslandırdı: “Azərbaycana bu zamana qədər Türkiyədən, İrandan, Gürcüstandan sitrus meyvələri gətirilir, külli miqdarda xarici valyutamız xaricə axırdı. Halbuki, Azərbaycan mütəxəssisləri bir müddət əvvəl Koreyadan gətirilən bir çox sitrus meyvələri üçün bir ildə  2 dəfə məhsul almaq potensialımızın mövcudluğunu təsbit etmişdilər. Bu qədər bərəkətli torpaqlarımızdan istifadə edərək ölkəmizin iqtisadi imkanlarını, maliyyə gücünü artırmağımız günün ən əsas tələblərindəndir”.

Sitrus meyvəçiliyin inkişaf layihəsinin həyata keçirilməsini həm iqtisadi, həm əhalinin iş gücünün səmərəli istifadəsi, həm də siyasi baxımdan əhəmiyyətindən danışan həmsöhbətimiz fikirlərini belə əsaslandırdı:

 

“Bilirsiniz ki, neft bumu ölkəmizdə urbanizasiya prosesini sürətləndirmişdi. Neft sektorunda işçilərə olan tələbat regionlardakı insanların paytaxta axışını şərtləndirirdi. Bu isə ölkədə kənd təsərrüfatında geriləməyə səbəb olduğu kimi, şəhərlərimizdə səmərəsiz tünlüklər yaradırdı. Neftsonrası iqtisadi dövr üçün isə bu vəziyyət ciddi problemlərə səbəb ola bilərdi. Hər keçid dövründə olduğu kimi, qeyri-neft sektorunun inkişafı prosesində yarana biləcək müvəqqəti çətinliklər xüsusilə cənubdan və şimaldan gələ biləcək müəyyən təhlükələrə qarşı müqavimət gücümüzü azaldırdı. Xoşagəlməz perspektivə yol verməmək üçün Azərbaycan hakimiyyəti regionların inkişafı qayğısına qalmalı, hər kəsin işgüzarlıq qabiliyyətini ortaya qoyması üçün şərait formalaşdırmalıydı. Kənd təsərrüfatı sahəsində yeni iş yerlərinin yaradılması həm də Azərbaycanda sosial müavinət alanların sayının azalması deməkdir. Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov da ünvanlı sosial yardım əvəzinə, iş yerlərinin artırılması siyasətini həyata keçirəcəklərini açıq şəkildə bəyan etmişdi. Bu siyasət həm büdcəni əlavə yükdən azad edəcək, yeni iş yerlərinin açılması büdcəyə yeni mənbələr qazandıracaq, həm də insanlarımızın daha yaxşı yaşamasına səbəb olacaq. Üstəlik, sosial vəziyyəti yaxşılaşan insanlarımız, xüsusilə də gənclərimiz xarici təhülkələrdən sığortalanacaqlar. Bu mənada cənab prezidentin son sərəncamı bir çox baxımdan faydalı, perspektivə hesablanmış strateji yol xəritəsinin tərkib hissəsidir”.

 Qeyd edək ki, bu gün prezident İlham Əliyev “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidir.

Kənd Təsərrüfatı Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat verməlidir.




Ana səhifəyə qayıt        Baxış: 1 405          Tarix: 13-02-2018, 22:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma