“Dünyanı böyük maliyyə fəlakəti gözləyir. Bu böhran baş verdiyi zaman çox pis “ayı bazarı” yaşanacaq”.
Ovqat.com xəbər verir ki, bu sözləri “Rogers” Holdinq İdarə Heyətinin sədri Cim Rocers bildirib.
Vaxtilə məşhur milyarder Corc Sorosun ortaqlarından olan Cim Rocersin fikrincə, yaxınlaşmaqda olan bu böhran onun 75 illik həyatında gördüyü bütün iqtisadi tənəzzüllərdən daha ağır keçəcək. Gözlənilən tənəzzülün bu ilin sonunda başlayacağını vurğulayan oliqarx əsasən qızıl, gümüş və kriptopulların dəyərini itirəcəyini proqnozlaşdırır:
"Yəqin ki, birjalar bir müddət yuxarı istiqamətdə seyr edəcəklər. Amma böhranın bu ilin içərisində başlaması mümkündür."
Milyarderin fikrincə, gözlənilən böhran zamanı xüsusilə uzunmüddətli faiz dərəcələri yüksələcək. Necə ki, 1981-ci ildə “faiz dərəcələrində 35 ilin ən böyük “öküz bazarı” yaşandı. Eyni şeylər yenə də olacaq. Faiz nisbətlərində və istiqrazlarda uzunmüddətli “öküz bazarı” ilə tanış olacağıq. Hətta budəfəki faiz dərəcələri daha yuxarı qalxacaq".
Bəs, iqtisadi termin olan “ayı” və “öküz” bazarı nədir?
Suallarımızı cavablandıran iş adamı Mürvət Həsənliyə görə, maliyyə bazarlarında tez-tez istifadə olunan “ayı və öküz bazarı” anlayışları finansal trendi ifadə edir:
““Öküz bazarı” artım, “ayı bazarı” isə bunun tam tərsi – azalma meyli deməkdir. Bu terminin mənşəyinə gəlincə, öküzlərin hər şeyi buynuzları ilə aşağıdan yuxarıya qaldırdıqlarına, ayıların isə hər şeyi dağıtdıqlarına inanılır – dilimizdəki “ayı xidməti” anlayışında olduğu kimi. Həmin terminləri daha çox qiymətli kağızlar və qızıl bazarlarında eşidə bilərik”.
Təcrübəli milyarderin bu proqnozlarının, yəqin ki, Azərbaycan hökuməti tərəfindən də nəzərə alındığına inanan iş adamının fikrincə, xüsusilə Neft Fondunun vəsaitlərinin önəmli hissəsinin qızıla və daşınmaz əmlaka yatırılması gözlənilən qlobal maliyyə böhranında ölkəmizə ciddi zərərlər vura bilər: “Odur ki, bildiyimə görə, ölkə rəhbərliyi Fondda pul itirməkdənsə, həmin vəsaitləri tədricən çəkib, kredit şəklində yerli iş adamlarımıza verməyi planlaşdırır. Bu, həyata keçirilərsə, həm ölkədə iqtisadi artım təşviq edilər, həm də gələcəyimzin qarantiyası olan maliyyə gücümüz qorunub saxlanılar”.
Paylaş: