“Azərbaycanın Maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin “xüsusi mesajını” çatdırmaq üçün Pakistana səfər edib”.
Virtualaz.org tərəfindən yayılan bu məlumatda bildirilir ki, Maliyyə naziri İslamabadda baş nazir Şahid Xaqan Abbasi ilə görüşüb.
Xəbərin ilk cümllərindəki iki məqam diqqətdən yayınmır: Azərbaycan prezidentinin “xüsusi mesajı” və Pakistanın Baş naziri ilə görüş.
Nəzərə alsaq ki, baş nazirlər adətən öz ranqlarında olan xarici rəsmi şəxslərlə görüşürlər, bu iki məqamın üzərinə xüsusi vurğunun qoyulması xəbərdən çox, kimlərəsə verilmiş mesaja bənzəyir. bu iki məqamın üzərinə xüsusi vurğunun qoyulması xəbərdən çox, kimlərəsə verilmiş mesaja daha çox bənzəyir. Məlumatın sözügedən media orqanının manşetindən verilməsi də bu ehtimalı dəstəkləyir.
Bəs, verilən mesaj nədir?
Zənnimizcə, mesaj növbəti prezident seçkilərindən sonra formalaşdırılması nəzərdə tutulan hakimiyyət komandasının heyəti ilə bağlıdır. Sirr deyil ki, hökumətin rəhbəri prezident olduğundan hər seçkidən sonra Nazirlər Kabineti də avtomatik istefaya gedir. Yeni Kabineti müəyyənləşdirmək isə prezidentin öhdəsinə qalır. Azərbaycan reallığında istənilən an ölkə rəhbərinin Kabineti dəyişdirmək səlahiyyəti olsa da, hesab edilir ki, ən asan kadr dəyişikliyi seçkilərin yaratdığı bu mühitdir. Zira vəziyyətin yaratdığı münbit şərait ölkə başçısına Kabinetdə kadinal dəyişikliklər aparmaq imkanı verir.
Bir çox mülahizələrə inansaq, seçkilərin vaxtından əvvəl keçirilməsi də ciddi komanda dəyişikliyi aparmaq zərurətindən doğub. İddiaya görə, ayyarımdam sonra keçirələcək seçkinin ardından prezident Nazirlər Kabinetini başdan ayağa dəyişdirəcək. Bəzi nazirlər ümumiyyətlə komandadan kənarlaşdırılacaq, bəziləri isə başqa posta əyləşdiriləcək. Hakimiyyətdən uzaqlaşdırılanların başında isə Baş nazirin gələcəyi istisna edilmir. Yaşı xeyli irəliləmiş, xəstə olduğu bildirilən Artur Rasizadənin fiziki imkanlarının da uzun illərdən bəri oturduğu kreslonu əldə saxlamağa imkan vermədiyi bildirilir.
Baş nazir postu uğrunda rəqabətdə isə indiyədək bir neçə adamın adı hallanırdı. Bunlardan bəziləri artıq vəzifədən uzaqlaşdırılaraq, istirahətə göndərilib. Məsələn, Ziya Məmmədovu, Fazil Məmmədovu buna misal gətirmək olar. Hazırda Artur Rasizadəyə ən ciddi rəqib kimi görünən çox azsaylı iri məmur qalıb – Kəmaləddin Heydərov, Cavid Qurbanov və s. Başda Cavid Qurbanov olmaqla bir çox iri məmurların bu posta iddiasına real baxılmır. Hələlik ən ciddi alternativ kimi Kəmaləddin Heydərovun adı ön plana çıxır. Baxmayaraq ki, son zamanlar fövqəlnazirinin qol-budağının budandığı da gələn məlumatlar arasındadır, hakimiyyətin mahiyyətinə uyğun işgüzarlıq qabiliyyəti onu ən şanslı namizədlərdən birinə çevirir.
Maraqlıdır ki, Azərbaycan iqtisadiyyatının bu günə düşməsində adı əsas günahkarlardan biri kimi hallandırılan Samir Şərifov da iddiaçılar arasındadır. Məsələyə bu aspektdən yanaşanda Maliyyə nazirinin Pakistana mesaj aparması faktının əhəmiyyəti anlaşılır.
Dəyərli oxucu bu yerdə sual edə bilər: Maliyyə naziri Samir Şərifovun Pakistana apardığı “xüsusi mesaj” nədən ibarət imiş ki, ölkənin ən aparıcı media orqanlarından birində manşet yazına çevrilib?
Ağlınıza “xüsusi mesaj”ın ictimaiyyətdən gizli tutulduğu versiyası gəlməsin. Virtualaz.org Pakistan mediasına istinad edərək, həmin “xüsusi missiya”nın mahiyyətini də açır. Sən demə, cənab Şərifov “Expo 2025” sərgisinin Bakıda keçirilməsinə dəstək almaq üçün İslamabadın qapısını döyübmüş:
Nazir “Azərbaycan prezidentinin xüsusi mesajını (Pakistanın baş nazir Şahid Xaqan Abbasiyə - Ovqat.com) çatdıraraq bildirib ki, İlham Əliyev “Expo 2025” sərgisinin və 2021-ci il Dünya Bank Konfransının Bakıda keçirilməsi üçün Pakistanın dəstəyinə ümid edir. Pakistan baş naziri bu tədbirlərin Bakıda keçirilməsi üçün ölkəsinin lazım olan dəstəyi verəcəyini bildirib”.
“Nə böyük mesajmış?”, deməyin. Görünür, ilin-günün bu vaxtında göstərilən bu cür “diqqətlər” kimlərəsə “xüsusi mesaj” kimi görünə bilirmiş. Amma onların əsl mesajın kimə yönəldiyi isə sual doğurur. Həqiqətən, Samir Şərifovun mesajı kimədir: - Pakistanın baş naziri Şahid Xaqan Abbasiyə, yoxsa Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova?
Heydər Oğuz
Ovqat.com
Paylaş: