Son dövrlərdə Türkiyə ilə münasibətləri xeyli korlanan Hollandiya Ankaranın sərt reaksiyasına səbəb olacaq növbəti addımını atıb.
Ovqat.com xəbər verir ki, Hollandiya parlamenti 1915 hadisələrini "Erməni soyqırımı” kimi tanıyıb.
Hollandiyanın koalisiya hökuməti ortaqlarından Xristian Birliyi (CU) tərəfindən hazırlanan "Erməni soyqırımının tanınması təklifi”ni Türk mənşəli siyasətçilər tərəfindən yaradılan DENK adlı partiyadan başqa digər siyasi təşkilatların hamısı dəstəkləyib.
Qərara görə, Hollandiya parlamenti 1915-ci il hadisələrini bundan sonra "soyqırım” kimi qiymətləndirəcək. Qərar hökumətin hər il 24 apreldə Ermənistanın paytaxtı İrəvanda keçirilən anma mərasimlərinə nazir səviyyəsində nümayəndə göndərməsini də nəzərdə tutur. Hollandiya daha əvvəl bu mərasimlərə yüksək səviyyəli siyasi nümayəndə göndərmirdi.
Maraqlıdır ki, parlament bu qərarı hökumətin iradəsinə qarşı çıxaraq, qəbul edib. Hökumət isə 1915-ci ildə baş verən hadisələrin soyqırım meyarlarına uyğun gəlmədiyi görüşündədir. Səsvermədən əvvəl mətbuat konfransı keçirən Hollandiya Xarici İşlər naziri Ziqfrid Kaag bildirmişdi ki, "soyqırım” ifadəsini işlətmək üçün Birləşmiş Millətlər Təşkilatının qətnaməsi ilə yanaşı, beynəlxalq məhkəmələrin bu barədə qərarı tələb olunur.
Hollandiyanın bu qərarı son zamanlar Türkiyə əleyhinə atılan ilk addım da deyil. Son zamanlar iki dövlət arasında ziddiyyətlər durmadan artır. Bir müddət əvvəl özünün Türkiydəki səfirini geri çağıran Hollandiya 15 iyul dövlət çevrilişində rol oynayan FETÖ-çülərə sığınacaq verməklə gündəmə gəlmişdi. Bundan əvvəl isə Türkiyədə keçirilən referendum ərəfəsində Hollandiyaya təbliğat səfərinə gedən türkiyəli nazirlərdən birini ölkədən deportasiya edilmişdi.
Paylaş: