BMT TŞ-da Suriyada “humanitar” atəşkəslə bağlı müzakirələr təxirə salınıb.
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, qətnamə layihəsi üzərində danışıqlarda razılıq əldə edilmədiyi üçün səsvermə bu günə saxlanılıb.
Bugünkü toplantının yerli saatla 12.00-də ( Bakı vaxtı ilə 21.00-də) keçirilməsi gözlənilir.
BMT TŞ-nın üzvlərinin açıqlamalarından aydın olur ki, “oyunu” yenə Rusiya pozub. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Twitter hesabında paylaşdığı açıqlamadan da bunu sezmək mümkündür. Xanım diplomat Rusiyanı səsverməni gecikdirməkdə günahlandıraraq, yazıb: “Təhlükəsizlik Şurası səsvermədə yekdil fikrə gələnə qədər daha neçə insan öləcək? Suriya xalqı gözləmək iqtidarında deyil”.
Qeyd edək ki, Küveyt və İsveç tərəfindən hazırlanan qətnamə layihəsi başda Şərqi Quta olmaqla bütün Suriya ərazisində humanitar yardımların ünvanına rahat çatdırılması üçün bir aylıq atəşi dayandırmağı nəzərdə tutur. Qətnamə qəbul edilərsə,Türkiyə də Afrin əməliyyatını bir ay dayandırmalı olacaq.
Dünənki toplantıdan bir neçə saat əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov layihənin lehinə səs verəcəklərini bildirmiş və atəşkəs tərəfdarlarını xeyli ümidləndirmişdi. Səsvermənin təxirə salınması isə Rusiyanın müxtəlif fikirlərlə əslində blef etdiyini göstərir.
Qeyd edək ki, bu məsələdə Rusiyanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Çünki BMT TŞ-nın Əsasnaməsinə görə, bu cür qətnamələrin qəbul edilməsi üçün Şuranın 15 üzvündən ən azı 9-unun layihənin lehinə səs verməsi və 5 daimi üzvün heç birinin veto hüququndan istifadə etməməsi tələb olunur. Rusiya daimi üzv olduğundan veto qoyarsa, qətnamə qəbul edilməmiş sayılar.
Səsvermə artıq 3-cü dəfədir, Rusiyanın razılığa gəlməməsi səbəbindən təxirə salınır.
Paylaş: