21 Fevral Çərşənbə günü İran Müdafiə naziri Əmir Xatəmi Azərbaycana etdiyi rəsmi səfər çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Artur Rasizadə tərəfindən ayrı-ayrılıqda qəbul edildi. Xatəmi səfəri zamanı Azərbaycanlı həmkarı Zakir Həsənov və Müdafiə Sənayesi naziri Yavər Camalovla da geniş görüşlər keçirdi. Rəsmi mənbələrə görə, görüşlərdə regional təhlükəsizlik məsələləri, iki ölkə arasında mövcud hərbi-texniki əlaqələrin vəziyyəti və birgə əməkdaşlıq imkanları müzakirə olundu.
Azərbaycan Müdafiə naziri Zakir Həsənov və İran Müdafiə naziri Əmir Xatəmi (Bakı, 21 Fevral 2018). Mənbə: Https://mod.gov.az/az/news/azerbaycan-ve-iran-herbi-emekdasligi-genislendirir-21728.html
Xatəminin səfəri hər iki ölkədə olduğu qədər region ölkələrində də maraqla izlənildi. Bu ilginin böyük ölçüdə səfərin İrana qarşı ABŞ və İsrailin təhdidlərinin artım göstərdiyi kritik bir dövrdə baş verməsindən qaynaqlanması mümkündür. Nazirlik kreslosuna 20 Avqust 2017-ci il tarixində oturan Xatəminin ilk xarici səfərini qonşu Azərbaycana etməsi İran üçün Azərbaycanın strateji əhəmiyyətini təsdiqləyir. Digər bir ifadə ilə, hər iki ölkə baxımından da bu səfər adi diplomatik təmasların ötəsində bir əhəmiyyətə malikdir. Danışıqlarda iki ölkəyə dair enerji, hərbi strateji, müdafiə və təhlükəsizlik sahələrinə yönəlik bəzi məqamlara dörd maddə halında diqqət çəkilməsi səfərin əhəmiyyətini daha aydın ortaya qoyur.
İlk olaraq iki ölkə arasındakı 765 kilometrlik sərhəd xəttinin təhlükəsizliyini təmin etmək zərurəti Azərbaycanın İran üçün strateji əhəmiyyətini artırır. Sözügedən kəmərin mühüm bir hissəsi "dondurulmuş münaqişə bölgəsi" (frozen conflict zona) adlandırılan və Ermənistan-Azərbaycan müharibəsinə səhnə olan Qarabağ bölgəsindən keçir. Aprel 2016-cı il tarixində dörd gün ərzində bu "dondurulmuş münaqişənin" "buzları əriməyə" və bölgədə yenidən silah səsləri eşidilməyə başlayanda İran bu vəziyyətdən narahat olmuş və tərəfləri təmkinə çağırmaq məqsədilə hər iki ölkəylə yüksək səviyyəli görüşlər keçirmişdir.
Xatəminin Azərbaycana səfərində regionun təhlükəsizliyi üçün təhdid yaradan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təkrar etməsi vacibdir. Ancaq, İran-Ermənistan əlaqələrinin hər zaman yaxşı səviyyədə seyr etməsi Azərbaycan tərəfində İranın bəyanatları ilə əməlləri arasındakı fərqlər barəsində inamsızlığa yol açır. Bənzər inamsızlıq, İsrail-Azərbaycan və Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrindən dolayı İran tərəfində də mövcuddur.
İki ölkə əlaqələrinə dair diqqət çəkən ikinci məqam Xatəminin səfərdə İranın müsəlman dövlət olan Azərbaycanın müdafiə potensialını artırmasına önəm verdiyini vurğulayaraq, ölkəsinin Azərbaycana "bu sahədə hər cür köməkliyə hazır" olduğunu bildirməsidir. Bu açıqlamalar yaxın dövrdə iki ölkə arasında hərbi sahədə (texniki, tibb, təhsil və s) bir çox yeniliklərin baş verəcəyini göstərir. Səfər boyunca müdafiə sənayesində birgə istehsalat da daxil olmaqla müvafiq sahələrdəki əməkdaşlıq çərçivəsində fikir mübadiləsi aparılmış olması bu ehtimalları gücləndirir. Azərbaycan Silahlı Qüvvələri hərbi məhsulların tədarükü və texniki təchizat baxımından Rusiya, hərbi təhsil baxımından Türkiyə, bəzi yüksək texnologiya məhsulları və hərbi həll kontekstində də İsrail ilə əməkdaşlıq etməkdədir. 13 Dekabr 2016-cı il tarixində İsrail Baş naziri Benyamin Netanyahu ilə Bakıda keçirdiyi görüşün ardından Azərbaycan Prezidenti Əliyev iki ölkənin şirkətləri tərəfindən müdafiə sanayi sahəsində imzalanan müqavilələrin dəyərinin təxminən 5 milyard dollar olduğunu açıqlamışdı1. 2017-ci ilin sentyabrında Azərbaycan Müdafiə naziri Zakir Həsənovun israilli həmkarının dəvəti ilə İsrailə ilk dəfə həyata keçirdiyi səfərdə bu ölkənin öndə gələn müdafiə sənaye müəssisələrini gəzdiyini də qeyd etmək yerinə düşərdi.
İranı narahat edən digər bir hadisə isə Azərbaycanın Səudiyyə Ərəbistanıyla genişlənən tarazlayıcı hərbi əməkdaşlıqdır. Türkiyə və Pakistanla yanaşı Səudiyyə Ərəbistanı da Dağlıq Qarabağ probleminin həllində Azərbaycanı dəstəkləyir və Ermənistanla diplomatik münasibətlər qurmur. Azərbaycan Müdafiə naziri Həsənov 2016-cı ilin aprelində Qarabağda yenidən baş verən müharibənin ildönümündə - 4-5 Aprel 2017-ci ildə Səudiyyə Ərəbistanına səfər etmişdir. Həsənov rəsmi təmaslar çərçivəsində Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz tərəfindən qəbul edilərkən, Müdafiə naziri və ikinci vəliəhd şahzadə Məhəmməd bin Salmanla da bir araya gəlmişdi. Nazir Həsənov həmçinin Səudiyyə Ərəbistanı rəhbərliyi altında qurulan "Terrora Qarşı İslam İttifaqı" mərkəzini də ziyarət etmişdi. İki ölkə arasında ən sonuncu yüksək səviyyəli hərbi təmasın İran Müdafiə nazirinin Bakı səfərindən qısa müddət əvvəl 6 fevral 2018-ci ildə reallaşması isə ayrıca diqqət çəkir. Bu yüksək səviyyəli görüşlərlə yanaşı, Səudiyyə Ərəbistanının hərbi nümayəndə heyəti Azərbaycan Müdafiə naziri ilə görüşərək hərbi hissələri ziyarət etmişdir.
Səudiyyə Ərəbistanı kralı Salman bin əbdüləziz və Azərbaycan Müdafiə Naziri Zakir Həsənov (Ər-Riyad, 5 aprel 2017). Mənbə: Https://mod.gov.az/az/news/mudafie-naziri-seudiyye-erebistaninin-krali-ile-gorusub-18144.html
İran-Azərbaycan münasibətlərində mühüm əhəmiyyət kəsb edən üçüncü məsələ isə Xatəminin səfərdə Xəzər dənizindəki təhlükəsizlik məsələsinə işarə etməsidir. Sahildaş ölkələrin dövlət başçıları səviyyəsində bu il imzalanacaq müqavilə ilə hüquqi statusunun həll olunması planlaşdırılan Xəzər dənizində Qərb neft və qaz şirkətlərinin qazma işləri aparması İranı narahat edir. Belə ki, 2001-ci ildə İran hərbi gəmiləri Azərbaycanın su sərhədlərini və təyyarələri ilə hava məkanını pozaraq Xəzərdəki bəzi neft və təbii qaz sahələrində aparılan işlərin dayandırılmasına səbəb olmuştu2. Son görüşlərdə isə İran Müdafiə naziri Xəzəryanı dövlətlərin buranın təhlükəsizliyini təmin etməsinin lazım olduğunu və bu sahədəki etinasızlığın bölgənin təhlükəsizliyini zəifliyə sürükləyərək digər ölkələrin müdaxiləsinə rəvac verəcəyini bildirmişdi.3 Bu bəyanın sətir araları Xəzərin hüquqi statusu müəyyən olunduqdan sonra yaranacaq yeni geosiyasi vəziyyətin təhlükəsizlik sahəsində və regiondankənar aktorların fəaliyyətlərində İranın maraqlarının gözardı edilməməsinin lazım olduğuna dair mesajlar ehtiva edir.
Xatəminin Azərbaycan səfərində Silahlı Qüvvələrin Hərbi Akademiyasını də ziyarət edərək, burada verdiyi bəyanatda "hərbi təcrübələrimizi Azərbaycanla bölüşməyə hazırıq" ifadələrindən istifadə etməsi ikitərəfli münasibətlərə dair qarşıya çıxan dördüncü noktadır4. Akademiyanın direktoru Heydər Piriyev isə iki ölkədəki hərbi universitetlər arasında yaxın əlaqələrin qurulması arzusunu dilə gətirmişdir. Bundan başqa, iki ölkənin hərbi rəsmilərinin həyata keçirdikləri qarşılıqlı səfərlərlə hərbi təhsil sahəsində birgə layihələr inkişaf etdirmək üçün zəmin axtarışında olduqları bilinməkdədir5.
Azərbaycan mətbuatında ölkənin İrandan 1990-cı illərin əvvəlində və sonrakı illərdə satın aldığı müxtəlif silah və sursatlar barədə keyfiyyət problemi yaşadığına dair ziddiyyətli məlumatlar və mübahisələr yer alıb. Hərbi mənbələrin açıqlamaları olmadan bu cür məlumatları təsdiq etmək çətindir. Ancaq Azərbaycanın Silahlı Qüvvələrinin təchizat və ehtiyaclarını ödəmə məsələsində Rusiya, Türkiyə və İsrail kimi ölkələrlə sabit əlaqələrinin və böyüyən yerli müdafiə sənayesinə malik olduğu nəzərə alınarsa, bu ölkə ilə İran arasında orta müddətdə yalnız hərbi təhsil, tibb və hərbi məqsədli taktiki məlumat mübadiləsi kimi sahələrdə yeni əməkdaşlıq imkanlarının meydana çıxması mümkündür. Uzun perspektivdə isə İrana əlavə beynəlxalq sanksiyaların tətbiq olunmaması və ya regional qeyri-sabitlik baş verməməsi halında hərbi texnikaların birgə istehsalı da gündəmə gələ bilər. Azərbaycanın hərbi sahədə ənənəvi tərəfdaşları olan Türkiyə və Rusiyanın yanaşı, İsrail və Səudiyyə Ərəbistanıyla inkişaf etdirməkdə olduğu əlaqələr və İran ilə Ermənistan arasındakı yüksək səviyyəli hərbi təmaslar, İran-Azərbaycan hərbi əməkdaşlığının sərhədlərini müəyyən edən xarici amillər olacaqdır. Sərhəd təhlükəsizliyi və Cənubi Qafqazda regional sabitliyin qorunması isə hər iki ölkənin ortaq çıxarları olmağa davam edəcəkdir.
Qaynaqlar
[1] “Azərbaycan indiyədək İsraildən 5 milyard dollarlıq silah alıb”. Lent.az. 13.12.2016
http://news.lent.az/news/262380 [Erişim: 22 Şubat 2018].
[2] Aslanlı, Kenan. (2017). İran-Azerbaycan Ekonomik İlişkileri. https://iramcenter.org//d_hbanaliz/analiz_iran-Azerbaycan_Ekonomik_iliskileri.pdf [Erişim: 22 Şubat 2018].
[3] Minister: Iran-Azerbaijan defense co-op against no country. http://www.irna.ir/en/News/82840489 [Erişim: 22 Şubat 2018].
[4] “İran ve Azerbaycan askeri alanda işbirliğini geliştiriyor”. https://tr.mehrnews.com/news/1869429/ [Erişim: 22 Şubat 2018].
[5] (http://www.defanews.ir/)
Kənan Aslanlı
İRAM
Çeviri “Ovqat”-a aiddir.
Paylaş: