Xəbər lenti

  

Sabah mitinq keçirən, deyəsən, təkcə Milli Şura olmayacaq. Rəsul Quliyevin liderliyini dəstəkləyən GAP da eyni gündə Fəvvarələr meydanında aksiya keçirməyə qərar verib.

Üstəlik, bu aksiya icazəsiz olacaq.

Ovqat.com-a bu haqda partiyanın sədri Ağasif Şakiroğlu bildirib.

Onun sözlərinə görə, 7 mart 2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti Gələcək Azərbaycan Partiyasının 10 mart 2018-ci il tarixində Fəvvarələr meydanında mitinq etməklə bağlı müraciətinə “yox” cavabı verib. Partiya isə mitinq keçirməkdə israrlıdır:

“Bizlər isə öz qərarımızda israrlıyıq və Konistitutsiyon hüquqlarımızdan istifadə edərək 10 mart 2018-ci il tarixində saat 16:00-da öz etiraz aksiyamızı keçirmək haqqında qərarımızı qüvvədə saxlayırıq”.

Dünən GAP digər təşkilatlara - Klassik Xalq Cəbhəsi, Böyük Azərbaycan, Azadlıq, Ümid partiyalarına da rəsmi müraciət ünvanlanayaraq, həmin aksiyaya qoşulmağa çağırıb. Bəs, görəsən, bu çağırışa reaksiyalar necə olacaq?

 

Suallarımızı cavablandıran KXCP sədri Mirmahmud Mirəlioğlu həqiqətən belə bir müraciəti aldıqlarını və gənclərə dəstək verəcəklərini bildirdi. Onun sözlərinə görə, Bakı meriyasının Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarından sayılan ifadə və toplaşmaq azadlığını məhdudlaşdırmağa, buna icazə verib-verməməyə hüququ yoxdur: “Qanunvericiliyə əsasən, partiyalar aksiya keçirmək barədə Bakı meriyasına sadəcə xəbərdarlıq etməyə, meriya və polis orqanları isə onların təhlükəsizliyini  qorumağa borcludurlar. Burada hər hansı icazədən söhbət gedə bilməz. Bakı meriyasının GAP-a göndərdiyi rədd məktubu səlahiyyət həddini aşdığı üçün gənclərin öz Konstitusiya hüquqlarından istifadə etmələri tam qanunidir və biz də bu təşəbbüsü dəstəkləyirik. İnşallah, onların aksiyalarında da iştirak edəcəyik”.

 

Ümid partiyasının Mətbuat katibi Elman Abbasov da dünən elə bir müraciət məktubu aldıqlarını, amma bu barədə hələ müzakirə aparmadıqlarını bildirdi: “Bilirsiniz ki, dünən iş günü deyildi, mən təsadüfən partiya qərargahında idim. GAP gəncləri bir məktub gətirdilər. Məktub İqbal bəyə ünvanlanmışdı. İqbal bəyin isə yaxın qohumu dünyasını dəyişdiyindən, yəqin ki, bu gün də işə gələ bilməyəcək. Dolayısıyla bu təklifin zəruri səbəblərdən müzakirə oluna biləcəyini düşünmürəm”.

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə rəhbəri olduğu təşkilatın sabahkı mitinqdə iştirak etməyəcəyini vurğuladı. Onun bildirdiyinə görə, BAP Siyasi Əməkdaşlıq Mərkəzində təmsil olan təşkilat kimi ancaq özünün müzakirəsində iştirak etdiyi aksiyalara qatılır: “Sabahkı icazəsiz mitinqdə iştirakla bağlı məsələ isə Silyasi Əməkdaşlıq Mərkəzində müzakirəyə çıxarılmayıb və biz də dolayısyla bu müzakirələrdə iştirak etməmişik. Bununla belə, hər bir Azərbaycan vətəndaşı kimi GAP üzvlərinin də siyasi aksiya keçirmək hüquqları var və biz bu təşəbbüsə hörmətlə yanaşırıq”.

Azadlıq partiyasının sədri Əhməd Orucla isə əlaqə yaratmağımız mümkün olmadı.

Qeyd edək ki, GAP-ın sabahkı mitinqi "Saxta seçkilərə “yox” deyirik!", "1995-ci ildə qəbul edilmiş Konistitusiya bərpa edilsin!", "Siyasi məhbuslara azadlıq!", "Azad Seçki!", “Seçki sousuna “yox!”” və sairə bu kimi şüarlarla sabah saat 16-də keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 2 025          Tarix: 9-03-2018, 10:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma