Xəbər lenti

 

"Soyuq müharibə zamanı Vaşinqtonun tələbilə kommunizmə qarşı vəhabiliği yaymağa başladıq”.

“Hürriyyət” xəbər verir ki, bu önəmli etirafı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman “Vaşinqton Post”-a müsahibəsində dilə gətirib.

ABŞ-a iki həftəlik səfər edən vəliəhd jurnalistin sualını cavablandırarkən, vəhabiliyin bu zamanadək Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyini, amma terrorizmin əsas mənbəyinə çevrilən qruplar üzərindəki nəzarətini itirdiyini də etiraf edib. O, həmin siyasətin səbəbini isə belə əsaslandırıb:

“Qlobal miqyasda məscid və mədrəsələrə investisiya qoyuluşlarının kökləri Soyuq müharibə dövrünə gedib çıxır. Sovet İttifaqının müsəlman ölkələrlə münasibətlərini inkişaf etdirməsini əngəlləmək üçün müttəfiqlərimiz Səudiyyə Ərəbistandan öz resurslarını səfərbər etməsini istədilər. Biz də Səudiyyə mərkəzli fondlar tərəfindən vəhabiliyin maliyyələşdirilməsini təmin etdik. Amma bu işlə məşğul olarkən, kəndirin ucunu da qaçırdıq. İndi hər şeyi geri yığmaq lazımdır".

Qeyd edək ki, vəhabi düşüncəli cihad qrupları SSRİ-yə qarşı ilk döyüşlərini Əfqanıstanda başladılar. Səudiyyə Ərəbistanının maliyyəsi, Pakistanın təlimiylə yaradılan Taliban (tələbələr) qüvvələri mədrəsələrdə yetişdirildi və Əfqanıstanda ciddi zərbə vurduqları sovet ordusunun bu ölkədən çıxmasını təmin edə bildilər. Daha sonra Talibanların əlinə keçən Əfqanıstan qlobal terror mərkəzi kimi fəaliyyət göstərdi. ABŞ-ın xeyir-duasıyla Əfqanıstanda “islami cihadı” maliyyələşdirən Səudiyyə krallığının ən zəngin ailəsindən gələn Üsamə Bin Ladin (Laden) daha sonra silahını öz keçmiş himayədarına qarşı çevirdi. Bin Ladinin yaratdığı əl-Qaidə təşkilatı Uzaq və Yaxın Şərqdə “islami” terror təşkilatlarının da əsas ilhamverici qüvvəsi oldu.




Ana səhifəyə qayıt        Baxış: 5 902          Tarix: 28-03-2018, 18:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma