ABŞ prezidenti Donald Tramp Amerika ordusunun yaxın zamanda Suriyadan çıxarılacağını bildirib.
“Hürriyyət” xəbər verir ki, prezident bu qərarını missiyalarının tamamlanmasıyla izah edib.
"Orada – Suriyada olmağımızın yeganə səbəbi İŞİD idi. Başqa bir səbəbi yox idi. Bu məqsədə böyük ölçüdə çatdıq",-deyən Trampın fikrincə, bundan sonra həmin problemlə başqalarının məşğul olması daha məqsədəuyğundur: “Bizim prioritetimiz isə ilk növbədə öz ölkəmizin iqtisadiyyatının yüksəltmək və sərhədlərini qorumaq olmalıdır”.
Trampın bu qərarı bir çox ölkələrdə təəccüblə qarşılansa da, əslində gözlənilməz deyildi. Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin sədri Reks Tillersonu vəzifəsindən uzaqlaşdıran Tramp hakimiyyətinin xarici siyasətdə mühüm dəyişikliklərə gedəcəyi gözlənilirdi. ABŞ-ın xarici siyasətdə başlıca istiqamətlərindən biri isə, sözsüz ki, Yaxın Şərq, o cümlədən Suriya məsələsidir. Dolayısıyla, bu dəyişiklik Suriya məsələsində də özünü göstərməli idi.
Bununla belə, Trampdan daha fərqli siyasət gözləyənlərin sayı da az deyildi. Nədən ki, dövlət katibi Reks Tillersonun yerinə gətirilən Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq (MKİ) sədri Mayk Pompeo daha “şahin” mövqeyilə seçilirdi. Məhz buna görə də bir çoxlarının Yaxın Şərqdə daha kəskin mövqe sərgilənəcəyini gözlədiyi bir zamanda ABŞ prezidentinin Suriyadan çəkilməsini açıqlaması şok effekti yaratdı.
Aydın görünür ki, Trampın bu qərarında yeni dövlət katibi Mayk Pompeonun məxsusi rolu olub. Trampa qalsa, o, ən qanlı çözüm yollarına əl atmaqdan belə çəkinməyəcək xarakterə malikdir. Dünya ictimaiyyəti bu adamın nə qədər acımasız olduğunu Raqqa əməliyyatı zamanı gördü. Həmin əməliyyatda sivil xalqı canlı qalxana çevirən İŞİD qüvvələrinə qarşı mübarizədə heç bir tərəddüd göstərmədən şəhərin bombalanmasına qərar verən ABŞ prezidentinin bu radikal tövrü onminlərlə dinc sakinin ölümünə yol açdı. Raqqadakı binaların 80-90 faizi içində yaşayan insanlarla birlikdə yer üzündən silindi. İndi belə, həmin binaların dağıntıları altında qalıb qoxan cəsədlərin üfunətindən şəhərə girməyin mümkünsüzlüyü xəbər verilir.
Sözsüz ki, belə bir acımasız qərara imza atan Trampın hümanist idealları əsas gətirib ABŞ ordusunu Suriyadan çıxartmaq istədiyini düşünmək sadəlövhlük olardı və onun özü də bunu iddia etmir, “bizim prioritetimiz ilk növbədə öz ölkəmizin iqtisadiyyatının yüksəltmək və sərhədlərini qorumaq olmalıdır”,-deyir.
Trampın açıqlamasından göründüyü kimi, sözügedən qərarın verilməsinin əsas səbəbi ABŞ-ın iqtisadi və hərbi strateji maraqlarından qaynaqlanır. Bəs, bu maraqlar nələrdən ibarətdir?
Bilindiyi kimi, ABŞ-ın Yaxın Şərqdə, xüsusilə Suriyada apardığı militarist siyasət onun üzvü olduğu NATO-nun daxilində ciddi parçalanmaların yaranmasına gətirib çıxarıb. Xüsusilə, Alyansın hərbi gücü və geostrateji mövqeyi baxımından ən güclü üzvlərindən olan Türkiyənin bu siyasətə ciddi etirazları, hətta Vaşinqtonun iradəsinə zidd olaraq Suriyaya hərbi müdaxiləsi iki müttəfiq arasında münasibətləri gərginləşdirir, onları üz-üzə qoyur.
Vaşinqton üçün ən pisi isə odur ki, yürütdüyü siyasətin nəticəsində, bir zamanlar Rusiya qarşısında sipərə çevrilən bu ölkə getdikcə “ortaq düşmən”ə yaxınlaşır, bölgədə ABŞ-a qarşı Rusiya-İran-Türkiyə ittifaqı yaranır. Artıq Türkiyə Rusiyadan özünümüdafiə sistemləri almaqla qalmır, həm də Moskvanın yüzillər boyu arzuladığı Aralıq dənizinə çıxışı qarşısındakı bütün əngəllər ortadan qalxır. Rusiyanın dünya dövlətinə çevrilmək hədəfinin başlıca prinsiplərindən olan bu arzu artıq reallaşıb. Moskva Qara dəniz donanmasını Suriyanın Şərqi Aralıqdakı Tartus limanına göndərməklə faktiki olaraq 4 böyük su hövzəsini - Hind okeanını, Aralıq dənizini, Qırmızı dənizi və Atlantik okeanını öz nəzarəti altına alıb. Bu isə bütün su hövzələrinə nəzarəti özünün dünya hegemoniyasının başlıca hədəfinə çevirən ABŞ-ın geopoltik maraqlarına ziddir.
ABŞ hərbi-strateji maraqları baxımından arzuolumaz gedişatı durdurmaq üçün nəyin bahasına olursa-olsun, Ankaranı öz əvvəlki mövqeyinə qaytarmalı, Soyuq müharibə dövründə olduğu kimi, dünyanın aparıcı hərbi qüvvələriylə müttəfiqliyini sürdürməli, Rusiyanı regionda təkləməlidir. Di gəl ki, onun bu arzusu Suriyada həyata keçirdiyi siyasətlə nəinki bir araya sığmır, hətta özü təklənmiş vəziyyətə düşür. Təsadüfi deyil ki, super gücün xüsusilə Suriyada PYD/PKK qruplaşmasından başqa heç bir müttəfiqi yoxdur və istər yerli əhali, istərsə də regionda aktiv rol oynamağa çalışan xarici qüvvələr ona ən böyük düşmənləri kimi baxırlar. Bu da Vaşinqtonu xeyli mürəkkəb vəziyyət qarşısında qoyur. O, ya öz səhv siyasətini davam etdirərək, faktiki olaraq öz nüfuzunu PYD/PKK-nın maraqlarına qurban verməli, ya da Suriyadan çəkilib getməlidir. Çünki gəlinən indiki nöqtədə onun Suriyadakı başqa qüvvələrlə əməkdaşlıq imkanları yoxdur. Kürd separatçıları ilə müttəfiqlik isə yuxarıda da qeyd etdiyimiz kimi həm, Yaxın Şərqlə Rusiya, həm də Asiya - Avropa arasında körpü rolu oynayan geostrateji bir məkandan – Türkiyədən uzaqlaşmaq deməkdir.
ABŞ-ın indiyə qədər Yaxın Şərqdə yürütdüyü siyasət onun iqtisadi maraqlarına da ziddir. Məlumatlara görə, ABŞ məşhur 11 senyabr hadisəsindən indiyə qədər keçən 17 il ərzində “terrorizmə qarşı mübarizə”yə 2 trilyon dollara yaxın pul xərcləyib. Amerika Konqresinin ötən ilki hesabatına görə, bunun 687 milyard 600 milyon dolları Əfqanıstana, 748 milyard 100 milyon dolları isə İraqa və Suriyaya sərf olunub. Əldə edilən nəticə isə sıfıra bərabərdir. Xüsusilə Suriyada vəziyyət nəinki yaxşılaşmayıb, əksinə daha da mürəkkəbləşib. Bu isə ABŞ-ın hərbi xərclərinin daha da artması deməkdir.
Ən önəmli iqtisadi itki isə ABŞ-ın bu bazarda rəqabəti Çinin xeyrinə uduzmasıdır. ABŞ təyyarələrinin bombalayıb viran qoyduğu Yaxın Şərqin infrastruktur layihələrinin bir çoxunu Çin şirkətləri həyata keçirir və ciddi qazanc əldə edir. Üstəlik, iqtisadiyyatları darmadağın edilmiş, Qərblə əlaqələri kəsilmiş Yaxın Şərq ölkələri öz təbii sərvətlərini daha ucuz qiymətə Asiya nəhənginə satmalıdırlar. Beləcə, ABŞ-ın regionda daha artıq qalması özündən çox, rəqibinin işinə yarayır.
Bütün bunları nəzərə alan ABŞ administrasiyasının yaxın zamanlarda regionu tərk etməsi gözlənilən idi. Təsadüfi deyil ki, Tramp hakimiyyətə gəldiyi ilk dövrlərdə açıq şəkildə bunun mesajını verir və əvvəlki hakimiyyəti Yaxın Şərqdə səhv siyasət aparmaqda günahlandırırdı. Sadəcə müəyyən səbəblər ucbatından indiyədək yürüdülən siyasətlər seçkiöncəsi təbliğatıyla ziddiyyət təşkil etdiyindən və Trampın özü də çox ziddiyyətli şəxsiyyət olduğundan bir çox təhlilçilər onun bu addımı atacağına inanmırdılar. Tramp isə Suriyadakı ABŞ ordusunu çıxarmaq qərarı ilə seçkiqabağı dilə gətirdiyi fikirləri səs yığmaq üçün demədiyini təsdiqləməyə çalışır.
Heydər Oğuz
Paylaş: