Söz - tarixən dünyanın ən güclü silahı olub. Hətta müasir media anlayışının təşəkkül tapmadığı qədim dövrlərdə belə, sözün bir ordudan qüdrətli olduğu həqiqəti dərk edilmiş, müxtəlif filosof, mütəfəkkirlər tərəfindən dilə gətirilmişdir. Necə ki, Azərbaycan ədəbiyyatının ən böyük zirvəsi sayılan Məhəmməd Füzuli hələ 16-cı əsrdə qələmə aldığı məşhur qitəsində şahla şairin gücünü müqayisə edərkən, üstünlüyü söz adamına vermişdi. O da şahın qüdrətinin “baş verən saətdə bir inqilab”la yox olacağını, şairin sözünün isə zaman keçdikcə başqa ölkələri fəth edəcəyini düşünürdü.
Müasir medianın ortaya çıxmasıyla sözün qüdrəti daha da artıb. Xüsusilə zamanəmizdə söz və onu yeni möhtəvasına qovuşduran media orqanları bir çox ölkələrin əlində başqa dövlətləri fəthetmə vasitəsinə çevrilib. Təsadüfi deyil ki, müasir politologiya elmi də bu qüdrəti silah kimi təqdim etməkdən çəkinmir, dövlətlərin “yumşaq gücünün əsas komponenti” adlandırır.
Hazırda bütün silahlar təkmilləşdirildiyi kimi, media da özünün inkişaf dövrünə qədəm qoymuş, sürətini və dağıdıcılıq gücünü artırmışdır. Bu gün ən sürətli və uzunmənzilli qitələrarası raketlərin dünyanın bu başından digər başına getməsi üçün xeyli zamana ehtiyac duyulduğu halda, sosial şəbəkələr vasitəsilə “yumşaq güc” bir gözqırpımından daha iti sürətə sahib olmuşdur. Necə ki, ABŞ-da paylaşılan istənilən status Azərbaycanda da, Çində də, Rusiyada da eyni anda görünür və eyni dalğalanmalar yaradır. Bu həm də “yumşaq güc”ün təxribat törətmə potensialının nə qədər geniş məkanı əhatə edə biləcəyini göstərir.
Dünyanın ağıllı adamlarının sözə bu yüksək sürəti vermələrinin səbəbi, əlbəttə ki, onun həm də daha ucuz başa gəlməsində, düşmənin daxili gücündən özünə qarşı istifadəyə imkan verməsində, daha dağıdıcı nəticələr yarada bilməsindədir. Bu baxımdan bütün dövlətlər xarici təzyiqlərə məruz qalmamaq üçün özünün informasiya strategiyasını formalaşdırır və Füzulinin təbirilə desək, sözün təkcə özlərində deyil, həm də xarici ölkələrdəki insanların könlünü fəthetmə qüdrətinə malik olmasına çalışırlar. Əks halda, qloballaşan dünyada yalnız öz içinə qapanaraq yaşasan, özünü başqalarının yemi olmaqdan sığortalaya bilməzsən. Necə ki, Liviya, Suriya, İraq, Misir, Tunis və sair ölkələr bunu bacarmadılar.
Xüsusilə “ərəb baharı” qüdrətli media orqanlarına sahib cırtdan dövlətlərin özlərindən qat-qat güclü ölkələri yerlə yeksan etmək imkanına malik olduğunu bir daha sübuta yetirdi. Əhalisi və ərazisi Qahirənin bir məhəlləsi qədər olan Qətərin “Əlcəzirə” telekanalının Afrikadan Yaxın Şərqə qədər geniş əraziləri necə silkələdiyi hər kəsə bəllidir və bu mövzu üzərində çox dayanıb zamanınızı almaq istəmirəm. Təkcə onu demək kifayətdir ki, ərəb ölkələrinin gözümçıxdıya saldığı Qətər böhranının başlıca səbəblərindən biri Dohanın “yumşaq gücü” - “Əlcəzirə” idi.
Azərbaycan hakimiyyəti də öz inkanları çərçivəsində media siyasəti yürüdür, dövlət büdcəsindən bu işə dünyanın heç bir ölkəsində rast gəlinməyəcək ölçüdə maliyyə ayırır, media silahını əllərində tutan “müsəlləh əsgərlər”ə - jurnalistlərə müftə evlər, imtiyazlar, medallar paylayır. Böyük maliyyələr xərclərinə baxmayaraq, bu siyasət sıçan doğuran dağ kimi arzulanan hədəfi reallaşdıra bilmir. Halbuki, dünyanın inkişaf etmiş ölkələri nəinki mediaya 5 qəpik pul xərcləmir, əksinə ondan pul qazanırlar. Özü də az yox; milyonlarla, milyardlarla dollar.
Heç uzağa getməyək, Azərbaycan hakimiyyətinin “bir millət – iki dövlət” şüarı altında anti-demokratik bütün addımlarını örnək aldığı və ictimai rəyə örnək kimi göstərdiyi Türkiyədə uzun illər boyu Doğan Media Qrupu ölkə büdcəsinə ən çox vergi ödəyən sahibkarlıq subyekti kimi tanınıb. Türkiyə vergi ödəyiciləri arasında dəfələrlə birinci yerə çıxan bu holdinqin indiyədək nə qədər vergi ödədiyi isə bilinmir. Türkiyənin media sahəsində ikinci ən çox vergi ödəyən “Sözçü” qəzeti isə 2016-cı ildə dövlət büdcəsinə, nə az, nə çox, 4.584.603 lirə vergi ödədiyini açıqlamışdı. Nəzərə alsaq ki “Sözcü” həm də müxalif qəzetdir, xarici ölkələrdə siyasi xarakterindən asılı olmayaraq, bütün media orqanlarının nəinki pul yeyən, əksinə qazandıran silah olduğu tam mənasıyla anlaşılır.
Azərbaycanın media siyasətini idarə edənlərin “uzaqgörənliyi” sayəsində isə bu yumşaq güc öz ölkəmizdə belə, heç kimin izləmədiyi əhəmiyyətsiz vasitəyə, həm də böyük pullar üyüdən dəyirmana çevrilmişdir. Məlumatlara görə, hər il Prezidentin ehtiyat fondundan yüzminlərlə, milyonlarla dollar vəsait öz yazarlarından başqa heç kimin oxumadığı və ictimai rəy yaratmayan bu dəyirmanın ağzına tökülür. Dəyirmanın digər ağzından isə “un” yox, istifadəyə yararsız kəpək çıxır. Nəticədə ölkəmiz qlobal informasiya mübadiləsi yarışında nəinki qonşu dövlətlərə, hətta öz təşəbbüsü ilə “kustar media qurumu” yaradıb sosial şəbəkələrdən Azərbaycana fikir aşılayan mühacirlərə belə uduzur. Bunu həmin söyüş kampaniyasını aparanlar barədə Bakı şəhərində keçirilən bir sörğu da təsdiqləyir. “Azad söz” youtube istifadəçisinin paytaxtın mərkəzində yoldan təsadüfən keçənlərdən soruşduğu “Məhəmmədi, Orduxanı, Turalı tanıyırsızmı” sualına respondentlərin mütləq əksəriyyətinin cavabı müsbət olub.
Yəqin razılaşarsınız ki, həmin “söyüşcül” mühacirlərin “ağzının payını verənlərin” əksəriyyətinin adı soruşulsaydı, respondentlərin yenə mütləq çoxluğu, böyük ehtimalla, gözlərini döyərdilər. Elə bu faktın özü mənasız layihələrə pul paylamaqla gerçək media ortaya çıxarmağın mümkünsüzlüyünü göstərir.
Azərbaycanın “yumşaq gücü”nün bu qədər təsirsiz olmasının səbəblərinə gəlincə, bunları iki ana qrupa – obyektiv və subyektiv amillərə ayırmaq olar.
Obyktiv amillərə Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyətindən qaynaqlanan faktorlar daxildir. Bunlardan ən önəmlisi isə ölkəmizin siyasi xarakterinin azad medianın formalaşması üçün münbit şərait yaratmamasıdır.
Məlum olduğu kimi, Azərbaycanda inhisarlaşmış iqtisadiyyat mövcuddur. Demək olar ki, kibrit qutusundan tutmuş telefon ticarətinə, banan və digər kənd təsərrüfatı alverinə qədər bütün sahələr hansısa iri məmurun, nazirin himayəsi, yaxud birbaşa yönləndirməsilə idarə olunur. Rəqabətsiz ortam istər-istəməz həmin sahədə medianın əsas gəlir qaynağı olan reklamçılıq sektoruna ehtiyacı aradan qaldırır. Nəticədə media hansısa məmurun himayəsini qəbul etmək və onun əlinə baxmaq məcburiyyətində qalır. İri məmurlar isə yalnız “sözəbaxan” jurnalistikanı maliyyələşdirdiyindən azad sözün ağzına kilid vurulur. “Sözəbaxan” jurnalistika isə günəbaxan toxumu kimi çırtlana-çırtlana öz təsir gücünü itirir.
Digər obyektiv səbəblərdən biri isə bütün diktatura rejimlərində olduğu kimi, Azərbaycan hakimiyyətinin də alternativ fikri süngüylə qarşılamasıdır. Yalnız mediada yox, bütünlüklə cəmiyyətdə hakim olan bu yanaşmadan ən böyük əziyyəti siyasilər və jurnalistlər çəkirlər. Faktiki olaraq yalnız mədhiyyəçiliyə icazə verilən cəmiyyətimizdə uğur qazanmaq üçün əttökən yaltaqlıq yarışları başlayır və söz də, söz adamı da nüfuzdan düşür. Toplum həyatının digər sahələrində əttökən yaltaqlıq yarışı dar çərçivədə qaldığından nüfuzdan düşmə prosesi çox yaşanmasa da, media orqanları üçün eyni sözləri demək çətindir. Jurnalist millət qarşısında dayandığından dilə gətirdiyi fikirlərlə öz nüfuzlarının da qəbrini qazırlar.
Üçüncü ən mühüm amil media qurumlarının başağrıdıcı səhvlərdən sığortalanmaq və izləyicilərini özlərinə bağlamaq üçün yüngül xarakterli əyləncə proqramlarına daha çox yer ayırmaları, siyasi maarifləndirici mövzulardan qaçmağa çalışmalarıdır. Dünyanın əksər ölkələrində bütün zamanını xəbər və analitik proqramlara ayıran tele-kanallar rəvacda olduğu halda, bizdə Xoşqədəmlər, Zaurlar ekranlarda at oynadırlar. Beləcə, telekanallar yaşlı vətəndaşların böyük qismini özlərinə bağlasalar da, gənclər arasında maarifləndirmə işi aparmadıqlarından cəmiyyətimiz xaricdən təlqin olunan informasiya axınının təsirində qalır. Bu cür metodlarla cəmiyyəti informasiya məkanından tamamilə uzaqlaşdırmağa çalışan hakimiyyət nədənsə unudur ki, məlumatlandırılmaq xüsusiyyəti insanoğlunun yaradılış xislətindən irəli gəir və sən o sahəni boş qoyduqca, bir başqası dolduracaq.
Sözsüz ki, Azərbaycan hakimiyyətinin 25 illik media siyasəti azad sözü boğmağa yönəldiyindən bu işə rəhbərlik edənlər də öz missiyalarını ən amansız şəkildə həyata keçirirlər. Subyektiv amillərə aid etdiyimiz bu xüsuslar onsuz da təməlləri yanlış zəmin üzərində atılmış medianı daha acınacaqlı hala gətirir. Bir qarın çörək pulu üçün alçaldılan jurnalistlər, ümumiyyətlə, adam yerinə qoyulmur, acından ölməmək üçün yaltaqlıq yarışında ən son damla nüfuzuna qədər rəqabətə zorlanırlar. Azərbaycan mediasının yaltaqlıq yarışının təməl fəlsəfəsi isə şeirlərimdən birində dediyim kimi
“Yaxşıca yataqlan, yaxşıca yalvar,
Yaxşı yalvarana yaxşı da yal var”
-prinsipdir. Bu prinsiplə isə öz ölkəndə belə könülləri fəth edə bilməzsən.
Azərbaycan media siyasətinə rəhbərlik edən başbilənlərimiz hakimiyyətin jurnalistlərə müftə ev paylamasını dünyada analoqu olmayan humanizm aktı, sözə verilən yüksək dəyər kimi qiymətləndirsələr də, bu "xeyirxahlıq" mətbuatımızın indiki hala düşməsinin ən başlıca səbəblərindəndir. Əvvəla, ona görə ki, ən yaxşı dövlət siyasətinin “kiməsə balıq vermək yox, kiminsə balıq tutmasına şərait yaratmaq” olduğu nəinki müasir çağımızda, hətta antik dövrlərdə belə bilinirdi. Azərbaycan hakimiyyəti isə “balıq verə-verə” ələbaxımlı və diligödək öyrəşdirdiyi media adamlarının nəzarətdən kənar “balıq tutması”na da fürsət yaratmır, bununla da sözün cəmiyyət həyatında qüvvədən düşməsinə yol açır. Öz xalqını belə inandırmaq gücündə olmayan medianın xarici təsirindən isə ümumiyyətlə, danışmağa dəyməz.
Digər tərəfdən, evlərin jurnalistlərə paylaşdırılmasında kifayət qədər subyektizmə yol verildiyi də bu gün inkaredilməz həqiqətlərdəndir. Şəxsən uzun illərdən bəri media işçiləriylə yaxın münasibətdə olan birisi kimi mən, bu sahədə işə başladığım ilk gündən tanıdığım bir çox istedadlı qələm adamının bu haqdan yararlanmadığını bilirəm. Onların arasında Elxan Şükürlü, Əvəz Zeynallı, Ləman Əliəşrəf qızı, Rusvat Bayramov, Azadə Balayeva və digər tanınmış jurnalistlər, mediada saçını ağartmış qələm adamları da var və bu şəxslər indiyədək paylanmış 350 mənzildən birinə yiyələnə bilməyiblər. Ev bölgüsündən pay alanlar isə hazırda senzura vəzifəsini yerinə yetirən Mətbuat Şurası üzvlərinin yaxınları, qohum-əqrəbaları, əlinə qələm almağı bacarmayan “seçilmişlərdir”. Jurnalistlərə bu cür yanaşmaq isə əsl qələm adamlarını təhqirdən başqa bir şey deyil və nəinki onları hakimiyyətdən razı salır, əksinə incitməyə, küsməyə xidmət edir. Çünki burada söhbət təkcə kiməsə ev verib-verməməkdən də getmir. Söhbət həm də ondan gedir ki, hakimiyyətin media siyasətini idarə edənlər bu ədalətsiz bölgü ilə həqiqi qələm adamlarına “sən bizim nəzərimizdə heç 350 nəfərdən biri də deyilsən” deyirlər. Özü də bütün bunlar Azərbaycan prezidentinin kölgəsinə sığınılaraq edildiyindən, jurnalistlərin narazılığı ən yuxarı instansiyaya yönləndirilir.
Ölkəmizin media siyasətini formalaşdıran hakimiyyət nümayəndələrinin son zamanlara qədər anlamadıqları əsas məsələlərdən biri də mətbuatın formal (yapısal) xarakterinin dəyişilməsidir. Yuxarıda da qeyd etdiyimiz kimi, həm sürət, həm ucuzluq, həm də interaktivlik baxımından sosial media klassik mətbuatı üstələdiyindən daha effektiv nəticələr doğurur. Məhz bu səbəbdən də dünyanın bir çox yerlərində hakimiyyətə can atan siyasilər sosial şəbəkələrin imkanlarına daha çox bel bağlayırlar. Sosial şəbəkələrin bu gücünü qəbul edən toplumlarda dəyişim prosesi dinc, buna qarşı çıxan cəmiyyətlərdə isə iğtişaşlarla, gərginliklərlə tamamlanır. Necə ki, klassik medianın kəskin qarşı çıxıdığı və düşmən elan etdiyi Tramp sosial şəbəkələrin gücü hesabına ABŞ-ın prezidenti olmağı bacardı. Bunun əksinə, Misirdə, Tunisdə, Suriyada və s. ölkələrdəki iqtidarlar isə zamanın tələbinə ayaq uydura bilmədiklərindən həm özlərini, həm də toplumlarını məhvə sürüklədilər.
Sevindirici haldır ki, son zamanlar Azərbaycan hakimiyyəti də bu reallığı anlamağa, dünənə qədər qarşı çıxdığı sosial şəbəkələrlə işləməyə başlayıb. Bunu hakimiyyətin media siyasətini müəyyənləşdirən Əli Həsənovun son vaxtlar facebook paylaşımlarına üstünlük verməsi də sübut edir. Prezident köməkçisinin dünən keçirdiyi mətbuat konfransında dilə gətirdiyi bəzi həqiqətlər hakimiyyətin bundan sonra quracağı media siyasəti barədə də ipucları verir:
“2000-ci illərin ikinci yarısında ABŞ-da Barak Obamanın qələbəsini Tvitter inqilabı kimi səciyyələndirmişdilər. Təxminən o dövrdən etibarən sosial şəbəkələr dünya siyasətinə, qlobal informasiya mühitinə təsir edən, bir sıra hallarda ayrı-ayrı ölkələrdəki daxili siyasi mübarizənin taleyini həll edən əsas vasitələrdən biri kimi qəbul edilməyə başlayıb. Təsadüfi deyil ki, 2017-ci ildə ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsinin əsas səbəblərindən biri kimi də sosial şəbəkələrdə düzgün strategiyanın qurulması və həyata keçirilməsi göstərilir”.
Bununla belə, Əli Həsənovun hələ də etiraf edə bilmədiyi həqiqətlər var və bu problemlər zamanında həll edilməsə, ölkəmiz müasir çağımızın ən böyük strateji silahını – “yumşaq gücü”nü tamamilə itirə bilər. Hörmətli Əli müəllim haqqında bəhs etdiyimiz məlum çıxışında Azərbaycanda senzuranın yoxluğunu, hər kəsin istədiyi kimi sözünü dediyini və internet vasitələrindən faydalandığını bildirib: “Azərbaycan heç bir dönəmdə, ən azından Ümummilli Lider Heydər Əliyev tərəfindən 6 avqust 1998-ci ildə KİV üzərindən bütün senzura və qadağalar ləğv olunduqdan sonra nə hər hansı media qurumunun fəaliyyətinə məhdudiyyət qoymayıb, nə yeni fenomen olan şəbəkə məhdudlaşdırma yolunu seçməyib, nə də ki, ölkəmizdə milli şəbəkələrin qurulmasına ciddi təşəbbüs göstərməyib”.
Görünür, Azərbaycanda “Azadıq” qəzetinə, “Meydan TV”-yə və bu kimi bənzər virtual informasiya vasitələrinə girişin məhdudlaşdırılması cənab prezident köməkçisinin ya yadından çıxıb, ya da ümumiyyətlə, onun bu barədə məlumatı olmayıb. Bəlkə də hörmətli Əli müəllim bir vaxtlar Azərbaycanda fəaliyyət göstərən çox sayda jurnalistin cəlai-vətən edildiyini və xaricdə oturub Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparan media mexanizminin əsas çərxlərini həmin jurnalistlərin təşkil etdiyini də bilmir. Azərbaycan hakimiyyətinin indiyə qədərki səhv və yanlış addımlarını görə bilmədikcə uğurlu “yumşaq güc” formalaşdıra da bilməyəcəyini nəzərə alıb bu həqiqəti xatırlatmağı özümə borc bildim. Çünki bu ölkə hamımızındır və okeanın ortasında altını sıçanlar gəmirən gəmi batanda peyda olan əlahəzrət Əzrail yalnız günahkarları yox, bütün yolçuları cəzalandırır- gəmi ekipajını gəmiricilərin gəmiyə daraşmasına göz yumduğu, yolçuları isə bunu görə-görə hay-həşir salmadığı üçün.
Ümidvaram ki, hörmətli gəmi komandirləri mənim bu kövrək harayımı özlərinə qarşı təxribat əməli, ermənilərə işləmək xəyanəti kimi qiymətləndirməyəcəklər. Məqsədimiz əl-ələ verib batan gəmini xilas etməkdir.
Heydər Oğuz
“Hürriyyət”
P.S. Əli Həsənovun dünənki çıxışında üzərində durulması gərəkən başqa nüanslar da vardı. İndiki dövrdə bu nüanslara toxunmağın zərərli olduğunu düşündüyümdən üzərindən sükutla keçirəm.
Paylaş: