Xəbər lenti
Dünən, 19:25

 

İctimaiyyət tərəfindən birmənalı qarşılanmayan prezident seçkiləri arxada qaldı. Səsvermənin nəticələrində gözlənilməz heç nə baş vermədi. Yenə də ölkə başçısı İlham Əliyevə seçicilərin böyük çoxluğunun səsi yazıldı-86%. Onun 7 alternativinə isə bir yerdə 14% səs düşdü. Bir sözlə, yenə əski tas, əski hamam. Sözsüz ki, bu köhnə vərdişlərimizə beynəlxalq münasibətlər də əvvəlkilərdən fərqlənməyəcək.

Xatırladaq ki, bundan əvvəlki seçkilərdə prezident İlham Əliyevə 85% səs yazılmış, bu da beynəlxalq ictimai rəydə şübhə ilə qarşılanmışdı. Hətta ABŞ-ın məşhur tele-şərhçilərindən biri elan olunan nəticələri İsa peyğəmbərin katolik kilsəsində papa seçilməsi ilə müqayisə etmiş və bu ehtimalda belə, bənzər nəticələri ala bilməyin mümkünsüzlüyünü bildirmişdi. Görünür, MSK Qərbi növbəti dəfə, həm də daha artıq heyrətləndirmək üçün son seçkinin nəticələrinə 1 faiz də əlavə etdi.

Seçkinin qalibi kimi, məğlublarının “topladığı” səsləri də heç bir məntiqlə əsaslandırmaq mümkün deyil. MSK-nın məlumatına inansaq, ölkə başçısının ən yaxın təqibçisi Zahid Orucdur. 3,11 faiz səs toplayan Zahid Orucu 3.03%-lə Sərdar Cəlaloğlu izləyir.

Nəzərə alsaq ki seçkilərin ikincisi Zahid Oruc təşviqat prosesi zamanı seçilməyə qətiyyən iddia etmir, əksinə, özünü favoritin vəkili kimi aparırdı, MSK-nın elan etdiyi bu rəqəmlər qətiyyən inandırıcı görünmür və seçicilərin mövcud hakimiyyətdən razılığını ortaya qoymaq məqsədi daşıyır. Seçkilərinin ədalətli keçirildiyinə şübhə yaradan əsas məqam da elə bu məqsəddə gizlidir. Sanki MSK və seçki prosesini idarə edən qüvvələr xalqın yox, özlərinin namizədlərə münasibətlərini ortaya qoyublar. Öz təfəkkürlərinə yaxınlıq dərəcəsinə görə hər namizədin qarşısına istədikləri rəqəmi yazıblar. Seçkilərin əsas alternativ kimi çıxış edən Sərdar Cəlaloğlu da ona ötən seçkilərdə olduğu kimi, Hafiz Hacıyevdən, Razi Nurullayevdən sonra yer vermədikləri üçün, başda Məzahir Pənahov olmaqla, Azərbaycan başbilənlərinə minnətdar olmalıdır.

Yəqin razılaşarsınız ki, son prezident seçkilərinin nəticələrinə şübhə kölgəsi salan əsas amil ölkə rəhbərinin ötən dəfəkindən artıq səs toplamasıdır. Halbuki, 2013-cü ildə Azərbaycan özünün ən yaxşı günlərini yaşayır, ölkəmizin əsas gəlir qaynağı olan, xarici ticarət dövriyyəmizin 80-90 faizini təşkil edən neft həmin il dünya bazarında rekord qiymətə satılırdı. Azərbaycana külli miqdarda xarici valyuta axır və hakimiyyət heç nə etməsə belə, sadəcə neft pulları ilə milləti dolandırırdı. 2015-ci ildən başlayaraq neft qiymətlərinin aşağı düşməsi, insanlarımızın böyük əksəriyyətinin güzaranının pisləşməsi, hətta bir çoxlarının çarəsizlikdən intihara əl atması, əksər müəssisələrin işini dayandırması və işsizlər ordusunun günü-gündən artması, milli valyutamızın iki dəfə devalvasiyaya məruz qalması və s. problemlər, sözsüz ki, seçicilərin səsinə təsir etməli, məntiqlə, mövcud hakimiyyətin təmsilçisi daha az səs toplamalı idi. MSK-nın açıqladığı nəticələr isə tamamilə əksini göstərir. İlham Əliyevin vəkili kimi çıxış edən Zahid Orucun da səsini əlavə etsək, belə çıxır ki, mövcud hakimiyyət seçicilərin 89-90%-nin rəğbətini qazana bilib.

Son 5 ildə ictimai narazılığın ən yüksək səviyyəyə çatdığını nəzərə alsaq, qeyri-mümkün görünən bu seçki oyunbazlığı təkcə namizədləri yox, həm də xalqı aşağılamaq cəhdindən başqa bir şey deyil. Belə çıxır ki, YAP-çıların idarə etdikləri bu toplum sağlam düşünmə qabiliyyətini belə itirib, onu acından ölümə, ədalətsizlikdən intihara sürükləyən, ümummilli sərvətlərimizi mənimsəyən, son 25 ildə ölkə iqtisadiyyatını qurmaq əvəzinə iri məmurların talançılığına göz yuman, torpaqlarının 20 faizinin erməni işğalında qalmasına dözən rejimi dərin məhəbbətlə sevir, başına nə oyun gəlirsə gəlsin, öz dəli sevdasından vaz keçmək istəmir.

Əlbəttə, seçkinin saxtalaşdırılmadığını iddia edən iqtidar mənsubları hakimiyyət komandasının bu qeyri-adi dərəcədə yüksək səs qazanmasını narazı elektoratın boykot taktikası ilə əsaslandıra bilərlər. İlk baxışdan, həqiqətən də bu arqumentdə haqlılıq payı var. Elədirsə, o zaman MSK-nın seçici fəallığını 74,30 faiz göstərməsini haraya yazaq? Axı, milyonlarla vətəndaşımız iqtisadi çətinlik ucbatından xaricə üz tutub. Təkcə Rusiyaya 3 milyona yaxın azərbaycanlı pənah aparıb, Türkiyədə, Avropanın müxtəlif ölkələrində də xeyli soydaşlarımız bir tikə çörək qazanmağa çalışırlar. Onların özlərini yurd-yuvasından didərgin salan indiki rejimi dəstəklədiyini, hətta ona 90% səs verdiyini düşünmək mümkün deyil. Bu qədər insan əgər həqiqətən seçkidə iştirak edibsə, səsini kimə verib? Etməyibsə, onların sayı, yəqin ki, ümumi seçicilərin 25%-dən çox edər. Elədirsə, belə çıxır ki, Azərbaycanı hələ də tərk etməyən seçicilərin 100%-i səsverməyə gedib. Narazı elektoratın hakimiyyətin əsas favoriti ilə onun faktiki vəkilinə səs verməsi nə qədər realdır? Bu və ortaya çıxan bənzər sualların məntiqli cavabının olmaması dünən seçki keçirilmədiyini, sadəcə seçki oyunbazlığının baş verdiyini təsdiqləyir.

Zənnimizcə, bu seçki oyunbazlığının bir neçə səbəbi var. Əsas səbəblərdən biri isə birbaşa prezident İlham Əliyevə qarşı yönəlib. Belə ki, seçkilər normal keçirilsəydi, səsvermənin mütləq qalibi yenə İlham Əliyev olacaqdı. Narazı elektoratın əksər liderlərinin bu prosesdə iştirak etməməsi və öz tərəfdarlarını qanunvericiliklə praktiki mümkün olmayan boykota çağırması, hakimiyyət komandasının digər namizədlərdən fərqli olaraq daha mütəşəkkil təşviqat aparmaq imkanları istər-istəməz İlham Əliyevi seçkilərin həqiqi favoritinə çevirirdi. Ölkə rəhbəri 86 faiz olmasa belə, 50%-dən çox səs toplayıb öz səlahiyyətlərini yenə davam etdirə bilərdi. Bu halal qələbə nə xalq, nə də beynəlxalq ictimaiyyət  arasında 4-cü dəfə prezidentliyin legitimliyinə də şübhə yaratmazdı. Amma görünür, hakimiyyətdəki müəyyən qüvvələrə legitimliyi şübhəli prezident lazımdır. Bəs, ölkə başçısına edilmiş bu böyük haqsızlıq nəylə bağlıdır?

Zənnimizcə, bunun yeganə bir səbəbi ola bilər: cənab prezidenti beynəlxalq qınaqlarla üz-üzə qoyaraq, özlərindən asılı vəziyyətə salmaq, öz saxta xislətlərinə tabe etdirmək və 25 illik hakimiyyətlərini qorumaq. Hər halda son seçkilərin ardından İlham Əliyevin ciddi kadr islahatlarına gedəcəyi, rus imperializminin Azərbaycandakı uzantılarını budayacağı, demokratik dəyərlərə bağlı Qərbpərəst qüvvələrin iqtidar pilləsində irəliləyişini təmin edəcəyi gözlənilirdi. Seçkilərdən qabaq bu istiqamətdə müəyyən addımların atılması, bəzi kiçik kadr islahatlarının aparılması da irəli sürülən həmin ehtimalı qüvvətləndirirdi. İctimaiyyət arasında bəzi iri məmurların korrupsiya yolu ilə topladığı sərvətlərinin əlindən alındığı barədə məlumatlar dolaşırdı. Hər kəsin diqqəti seçkidən sonrakı mərhələyə dikildiyi bir zamanda ölkə başçısının aktivinə inandırıcı olmayan rəqəmlərin yazılması istər-istəməz ona bəslənən etimadı azaldır və ölkə rəhbərini rus imperializminin uzantılarına qarşı mübarizədə beynəlxalq dəstəkdən məhrum edir. Beləcə, o, yenə kreslodan son mənzilə getmək arzusunda olan bir ovuc qoca kadrların ənənəvi siyasətinin ümidinə qalır. Üstəlik, bütün bunlar Azərbaycanın iqtisadi cəhətdən tamamilə Qərbdən asılı olduğu, ağır sanksiyalarla üzləşə biləcəyi bir zamanda həyata keçirilir.

Son seçki oyunbazlığının digər səbəbi Azərbaycanın Qərbə inteqarsiyasını arzulayan beynəlxalq qüvvələrə verilmək istənilən mesajla bağlıdır. Sirr deyil ki, bu seçki prosesində yalnız Sərdar Cəlaloğlu Qərbpərəst mövqeyi ilə seçilirdi. Digər namizədlər isə zaman-zaman ruspərəst mövqelərini gizlətmirdilər. Namizədlərdən yalnız İlham Əliyev Heydər Əliyevdən miras qalan balanslaşdırıcı xarici siyasətdən geri çəkilməmiş, indiyədək bu kursu qorumağa çalışmışdı. MSK isə həm də narazı elektoratın səsinə iddia edən Sərdar Cəlaloğluna 3.03% səs yazmaqla, guya, Azərbaycan xalqının Qərbə münasibətini “ortaya qoydu”. Bu mesajdan belə çıxdı ki, Qərb dəyərlərinə və Türk Birliyinə üstünlük verənlərin nisbəti Rusiya aşiqləriylə müqayisədə dəfələrlə azdır. Nədən ki, ümumi səsdən balanslaşdırılmış xarici siyasətin təmsilçisi olan İlham Əliyevin payını (86.03%) çıxsaq, yerdə hardasa, 14%-lik səs qalır. Bunun sadəcə 3.03%-ni seçkilərdə Qərb və milli dəyərlərin təmsilçisi kimi çıxış edən Sərdar Cəlaloğlu alıbsa, deməli, 10-11%-lik hissə Rusiyapərəstlərə aiddir.

Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşdiyi indiki məqamda Azərbaycan hakimiyyətinin bu mesajları həm də gələcək oriyentasiyamızın ifadəsi təsirini bağışlayır. Görünən budur ki, Rusiyanın özündə belə mərkəzdənqaçma proseslərinin sürətləndiyi bir dövrdə Moskvanın hesabına Azərbaycanın bütün varidatını özününküləşdirənlər xarici havadarlarına minnət borcu ödəməkdən çəkinməyiblər.

Heydər Oğuz

“Hürriyyət”




Ana səhifəyə qayıt        Baxış: 1 430          Tarix: 12-04-2018, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma