Prezident seçkiləri arxada qaldı. Hər kəsin gözü ölkə başçısının quracağı yeni hökumətə dikilib. Artıq Ali Məclisin yeni hökuməti təyin edəcək plenar islası çağrılıb. Sabah keçiriləcək iclasda yeni Baş nazirin kimliyi müəyyənləşə bilər. İclasdan sonra isə ciddi kadr dəyişikliklərinin baş verəcəyi gözlənilir.
Məsələ burasındadır ki, seçki təşviqatı boyunca bir çox siyasilər səsvermədən sonra aparılacaq islahatlardan danışır, əsasən də ciddi kadr dəyişiklikləri proqnozlaşdırılırdı. Bu proqnozu şərtləndirən amillər isə az deyil.
Əvvəla, konstitusiyaya görə, seçkidən sonra hökumət avtomatik istefaya gedir və prezidentin yeni kabinet qurmasının önü açılır. Sözsüz ki, Prezidentin ona verilən səlahiyyətlərdən istifadə edib özü üçün əlavə yükə çevrilən kadrlardan yaxa qurtarmasını gözləniləndir.
İkincisi, Prezidentin özü də andiçmə mərasimində ciddi islahatlara gedəcəyini vurğulamış, bundan əvvəl isə Prezident Adinistrasiyasının rəhbəri Ramiz Mehdiyev yenə bir kitablıq məqaləsində açıq-aşkar böyük kadr islahatlarına gediləcəyinin siqnalını vermişdi.
Üçüncü, artıq geridə qalan prezidentliyi dövründə ölkə başçısının komandasında ciddi axsamalar qeydə alınmışdı: ölkədə ağır devalvasiyalar baş vermiş, xeyli iş yerləri bağlanmış, banklar müflis olmuş, xoşagəlməz bir çox insidentlər yaşanmışdı. Əlbəttə, belə bir vəziyyətdə hər bir rəhbər şəxs növbəti hakimiyyətə yeni kadrlarla getdiyini göstərib ümumxalq rəğbətini təzələyərdi. Yəqin seçicilərin 86 faiz səsini topladığı elan olunan İlham Əliyev də bu addımı atacaq. Əks-halda, Əmir Teymurun ifadələri ilə desək, “xalqı ümid və qorxu arasında tut” tövsiyyəsindəki balans pozular, ümidini itirən Azərbaycan ictimaiyyəti çarəni başqa liderlərdə və siyasi hadisələrdə axtarar.
Bəs, İlham Əliyevin növbəti hakimiyyəti dövründə qələmi ilk qırılan nazirlər kimlər ola bilər?
Azərbaycan ictimaiyyəti bu günə qədər həmin sualın cavabını müxtəlif iri məmurların timsalında axtarıb. İlk istefaya göndəriləcək şəxslərin arasında bir çox iri məmurun adı hallanıb. Sözsüz ki, qurban gedəcək kadrlar arasında maliyyə böhranında, monopoliyalar yaratmaqda günahlandırılan nazirlər ilk sırada yer alacaqlar. Bununla birlikdə, öz postuyla vidalaşanlar arasında bir sürpriz adın da yer alacağı gözlənilir. Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev də “qara siyahıya” düşənlərdəndir və açığını desək, hazırda onun ilk qurbanlardan olacağı heç kimdə şübhə doğurmur.
Oqtay Şirəliyevin seçki ərəfəsində bəxtinin gətirməməsi bir neçə faktorla izah olunur.
Bu faktorlardan biri nəinki son 5 il ərzində, hətta seçki ərəfəsində səhiyyə sistemində baş verən bəzi xoşagəlməz hadisələrdir. Məsələn, seçkidən, hardasa, bir ay qabaq Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində yanğın baş vermiş və hadisədə 25 adam dünyasını dəyişmişdi. Faciə o qədər sarsıdıcı olmuşdu ki, Prezident İlham Əliyev işinin-gücünün ən sıx vaxtında bütün tədbirləri təxirə salıb hadisə yerinə getmişdi. Kim bilir, bəlkə özgə zaman olsaydı, onlarla insanın qətliamına çevrilən bu yanğından sonra Oqtay Şirəliyev tutduğu postdan dərhal uzaqlaşdırılardı. Ən kritik zamanlarda təmkinini pozmayan İlham Əliyev isə öz komandasının yarıtmazlığı barədə seçiqabağı mənfi təsəvvürlər yaratmamaq üçün gözləməyə üstünlük verdi. Amma bu, heç də seçkidən sonra da həmin susqunluğun davam etməsi demək deyil. Öz komandasının bu cür kritik anlarda ciddi səhləkarlığını bağışlamayan İlham Əliyevin Səhiyyə naziri barədə hansı qərarı verəcəyi yaxınlarda bəlli olacaq.
Məsələ burasındadır ki, həmin faciənin günahı valideynlərinə əsəbləşib yorğanı yandıran bir sərxoşun ayağına yazılsa da, Səhiyyə sisteminin də günahı az deyildi. Ən azı ona görə ki, həmin sağlamlıq ocağının taxta konstruksiyası dəyişdirilməmiş və bina hər an çıxa biləcək xoşagəlməz sürprizlərdən sığortalanmamışdı.
Digər tərəfdən faciə baş verən zaman narkoloji dispanserin qapı-pəncərələrinin, hətta bəzi xəstələrin əl-ayağının bağlandığı barədə də mətbuata bəzi informasiyalar sızdırılmışdı. Məlumata görə, faciənin bu qədər böyüməsində bu “proflaktik” tədbirlərin də rolu az olmamışdı.
Səhiyyə sistemimizin illərdən bəri davam edən yarıtmaz fəaliyyəti də Oqtay Şirəliyevin sonunu gətirəcək amillərdəndir. Sirr deyil ki, Azərbaycan büdcəsindən hər il səhiyyə sisteminin inkişafına yüzmilyonlarla manat vəsait ayrılır. Hətta rəsmi statistikalara görə, bu məbləğ 740 milyon manatdan yuxarıdır. Nəzərə alsaq ki, Azərbaycan büdcəsinin ümumi həcmi 20 milyardır, bu, kifayət qədər böyük məbləğdir. Di gəl ki, bu vəsaitlər səhiyyə ocaqlarının təkmilləşdirilməsinə heç bir köməklik göstərmir. Hələ də xəstəxanalar rüşvətxor baş həkimlərin əlində külli miqdarda pul qazanmaq vasitəsinə çevrilib. Azərbaycan insanları isə ən adi tibbi yardım almaq üçün ya İrana, ya Türkiyəyə, ya da Avropa ölkələrinə pənah aparırlar. Öz həkimlərimizin ümidinə qalanların üzərində isə “Yasin”, “Fatihə” surələri oxunur. Bu mənada Azərbaycan səhiyyə sisteminin indiki vəziyyəti məşhur bir aforizmi xatırladır: “Həkimlərin səhvini torpaq gizlədir”.
Mətbuatın yazdığına görə, səhiyyə sistemində ortaya çıxan yeyinti faktları da Səhiyyə nazirinin taxtını xeyli laxladıb. Minval.info-ya daxil olan məlumatda deyilir ki, Norkoloji Mərkəzdə baş verən dəhşətli hadisə, eyni zamanda olayın ardınca yeyinti faktlarının ortaya çıxması Oktay Şirəliyevi indidən cəzalı duruma salıb: “O, hazırda demək olar ki, vəzifəsini icra etmir. Nazirlikdə qurum rəhbərinə yaxın olan kadrların fəaliyyəti də dondurulmuş vəziyyətdədir. Görünən odur ki, O.Şirəliyevin kreslosu ilə vidalaşmağına az qalıb”.
Səhiyyə Nazirliyinin bir çox xəstəxanalardan gələn şikayətləri qulaqardına vurması da onun işini çətinləşdirir. Bu yaxınlarda xalq arasında “Vərəm İnstitutu” kimi tanınan Ağ Ciyər Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda baş verənlər səhiyyə sisteminin nə qədər yarıtmaz durumda olduğunu bir daha ortaya qoydu. Araşdırmalar zamanı məlum oldu ki, həmin instituta rəhbərlik edən şəxs O. Şirəliyevin tələbə yoldaşıdır və o, baş həkim təyin olunandan sonra bütün yeni kadrları öz yaşıdları ilə əvəz edib. Üstəlik, həmin baş həkim bundan 5 il əvvəl ciddi insidentə səbəb olduğu ittihamı ilə rəhbərlik etdiyi başqa bir idarədən uzaqlaşdırılmışdı. Səhiyyə sisteminin rəhbərliyini bacarıqsız dost-tanışları ilə dolduran naziri, təbii ki, heç bir ölkə rəhbəri öz postunda saxlamaz.
Şirəliyevin qələminin qırılmasını tezləşdirən hadisələrdən birinin isə bu yaxınlarda öz mərhum müavininin dəfn mərasimində yaşandığı bildirilir. Həmin mərasimdə iştirak edən nazirin media nümayəndəsinə qarşı dözümsüzlüyü, hətta onun foto-şəkilini çəkmək istəyən jurnalisti 2 nəfərə döydürməsi xalqa xidmət edəcəyi vədi verən bir hakimiyyətin komanda üzünə yaraşmır. Sözsüz ki, Prezidentin buna laqeyd qalması öz imicinə də mənfi təsir göstərə bilər və ölkə başçısı işini bacarmayan bir adama görə öz fəaliyyətinə kölgə salmaz.
Üstəlik, nazirin şəxsi keyfiyyətləri barədə də ictimaiyyət arasında xeyli şaiyyələr dolaşır. Bu məlumatların reallığı nə dərəcədə əks etdirib-etdirmədiyini demək çətindir. Sadəcə onu demək mümkündür ki, Səhiyyə naziri də öz yerində olmayan kadrlardandır.
Ovqat.com
Paylaş: