Xəbər lenti
Dünən, 19:25

 

ABŞ-ın Rusiyanı çökdürmək üçün dünya bazarında neftin qiymətlərini ucuzlaşdırmaq tədbirlərinin heç bir nəticə verməməsi nəticəsində Ağ evin səbr kasası daşmağa başlayıb. Artıq  prezident Donald Trampın əsəblərinə hakim ola bilməməsi açıq şəkildə özünü büruzə verir. Onun dünən öz Twitter hesabında paylaşdığı statusunu da daxili narahatlığını xaricə vurması kimi qiymətləndirmək olar.

“Hürriyyət” qəzetinin bildirdiyinə görə, ABŞ prezidenti həmin statusunda yazıb:

 "Belə görünür ki, OPEK yenə iş başındadır. Dənizlərdəki tam dolu gəmilər də daxil olmaqla, hər yerdə rekord səviyyədə neft var. Bazarlarda neft qiymətləri süni olaraq çox yüksəkdir! Bu, yaxşı hal deyil və qəbul edilə bilməz!”

Tramp narahatlığı başa düşüləndir. OPEK ilə Rusiya və digər neft hasılatçıları qiymətlərin ucuzlaşmasının qarşısını almaq üçün istehsalı azaltsa da, ABŞ hökuməti tələb-təklif münasibətlərində yaratmağa çalışdığı disbalansı yenidən bərpa etmək üçün bütün qüvvələrini səfərbər edib hasilatı yüksəltdi. Teksas mərkəzli enerji şirkəti Baker Hughes-in ötən cümə günü açıqladığı məlumatlara əsasən, ABŞ fəal neft qazma quyularının sayını son 12 həftədə 10-uncu dəfə artırıb son 3 ilin ən yüksək zirvəsinə çıxartdı. Bu isə yaxın zamanlarda istehsalın artacağına dair gözləntilərə yol açırdı və istər-istəməz Yaxın Şərq böhranı ilə əlaqədar müştərilər arasında yaranan narahatlıqları tarazlamalıydı. Di gəl ki, ABŞ-ın bu gözləntiləri özünü doğrultmadı. Dünya bazarında neftin qiymətləri nəinki aşağı düşmədi, əksinə daha da artdı.

Analitiklər bu bahalaşmanın səbəbini Yaxın Şərqdə son həftələrdə baş verən gərginliklərdən qaynaqlandığını və neft qiymətlərinin son 3.5 ilin ən yüksək səviyyəsinə yüksəldiyini bildirirlər.  Təsadüfi deyil ki, dünən dünyada ən çox satılan Brent markalı neftin barrel qiyməti 74,75 dollara, ABŞ-ın Qərbi Texas tipli xam neftinin barrel qiyməti isə 69,56 dollara qədər qalxmışdı. Trampın haqqında danışdığımız Twitter paylaşımından sonra qiymətlərdə ucuzlaşma baş versə də, bu, çox cüzi olmuşdur: cəmi 0.2%. Ötən günü 73,78 dollarla tamamlayan Brent markalı neftin barrel qiyməti hazırda 73,63 dollara satılır.

 

Ekspertlər isə Trampın qlobal neft bazarındakı ucuzlaşmaya görə, OPEK-i tənqid etməsi yersiz hesab edirlər. Onların fikrincə, OPEK ilə Rusiya arasında ötən il əldə edilən hasilatı azaltma sazişi neftin qiymətlərini xeyli bahalandırsa da, indiki bahalılığın əsl səbəbi Vaşinqtondan qaynaqlanır. ABŞ Fransa və İngiltərə ilə bərabər Suriyaya hücum etməklə faktiki Yaxın Şərqdə gərginlik ocağını alovlandırdı. Neft alıcıları hər an böyük savaş çıxacağından ehtiyatlanaraq, gözlənilən böhran aradan qalxana qədər öz ehtiyatlarını artırma dərdinə düşdülər. Bir çox neft müştəriləri gələcək 6 ayı ehtiva edən müqavilələr bağlayaraq, yaxın perspektivlərini güvən altına almağa çalışdılar. Bu da istər-istəməz, ABŞ-ın hasılatı artırmasına rəğmən, neftin qiymətlərində yüksəlişə səbəb oldu.

Ekspertlər OPEK-lə Rusiya və digər neft istehsalçıları arasında bağlanan müqavilələrin də ucuzlaşmada təsirli olduğunu istisna etmirlər. Onların fikrincə, ötən ilin sonundan etibarən, həyata keçirilən bu müqavilələr sayəsində dünya miqyasında neft ehtiyatları böyük ölçüdə azalıb və bu ilin sonunda müddəti tamamlanan həmin müqavilələrin gələcək ildə də tətbiq olunması ehtimalı var. Bağlanan müqavilələr sayəsində neft qiymətlərinin artdığını dilə gətirən mütəxəssislər əslində yüksək qiymətlərinin ABŞ-ın neft istehsalçılarının da xeyrinə olduğunu vurğulayırlar.

Xatırladaq ki, neft bazarındakı təklifin çoxluğu və qlobal tələbatın aşağı olması səbəbindən neft qiymətləri 2014-cü ilin ortasında 115 dollardan 2016-cı ilin əvvəlinə qədər xeyli ucuzlaşmış, hətta 30 dolların altına düşmüşdü. Həmin dövrdə ən çox zərər görən neft hasilatçılarından biri də ABŞ olmuşdu. Bu ölkədə minlərlə neft şirkəti iflas etmiş, yüz minlərlə neftçi işsiz qalmışdı.

Neft qiymətlərinin 2017-ci ildən etibarən yenidən yüksəlişə keçməyə başlamasıyla ABŞ-ın xam neft hasilatında yenidən sürətli artım qeydə alınmışdır. ABŞ hətta Səudiyyə Ərəbistanını və Rusiyanı gerində qoyaraq, ən çox neft hasil edən ölkəyə çevrilmişdir. Məlumata görə, ABŞ-ın xam neft istehsalı keçən həftə yeni bir rekord səviyyəyə çataraq, sutkada orta hesabla 10,42 milyon barelə yüksəlib və bununla da son 14 həftənin 13-də artım qeydə alınıb.

 

Sözsüz ki, qiymətlərin yenidən aşağı salınması bu dəfə də ABŞ-ın neft şirkətlərinin zərərinə ola bilər. Görünür, onlar da öz iqtisadi maraqlarını xarici siyasətə qurban verməmək üçün Ağ evin Rusiyanı çökdürmək naminə dempinq planına ehtiyatla yanaşırlar. Tramp hakimiyyətinin neftdən strateji silah kimi istifadə etməsinin alınmamasının bir səbəbi də bundan qaynaqlana bilər.

Bütün bunlara baxmayaraq, Trampın dünənki Twitter paylaşımı Ağ evin neft qiymətlərini ucuzlaşdırmağı beyninə qoyduğundan xəbər verir və Vaşinqton əlindəki bütün vasitələrdən istifadə edərək, öz niyyətinə çatmağa çalışacaq. ABŞ prezidentinin OPEK-i hədəf alması isə bu baxımdan təsadüfi deyil. Bilindiyi kimi, OPEK ölkələri əsasən körfəz ölkələrindən təşkil olunub və başda Səudiyyə Ərəbistanı olmaqla bu dövlətlər ABŞ-ın kuklalarıdır. Trampın bu hədə-qorxularından sonra onların hasilatı artıracağını gözləmək olar. Bu isə yenidən neft qiymətlərinin sürətlə aşağı düşməsinə təkan verə bilər.

 Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 747          Tarix: 21-04-2018, 09:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma