Xəbər lenti
Dünən, 19:25

 

“Tramp hakimiyyətinin son məqsədi İranda rejim dəyişikliyinə nail olmaqdır”.

“Hürriyyət” xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Trampın yaxın dostu, yeni baş müşaviri və Nyu Yorkun keçmiş meri Rudi Giuliani deyib.

Vaşinqtonda keçirilən "İranda azadlıq, insan haqları və demokratiya” mövzulu toplantıda çıxış edən Giulianinin fikrincə, Yaxın Şərqdə sülhün bərqərar olmasının yeganə yolu rejim dəyişikliyidir və Tramp da bu məsələdə qərarlıdır: “Tramp Tehrandakı rejim dəyişikliyinə İsrail-Fələstin sülh danışıqlarından  da çox əhəmiyyət verir”.

Qeyd edək ki, hələ prezident seçilməmişdən qabaq da İrana qarşı ritorikası ilə seçilən Donald Tramp ötən ilin dekabr ayında bu ölkədə başlayan etiraz aksiyalarına açıq dəstək vermiş, öz məşhur Twitter hesabında molla rejimi əleyhinə statuslar paylaşmışdı: "Dəyişiklik zamanı gəldi" və “İran xalqı illərdir təzyiq altında saxlanılır" kimi.

Hakimiyyətə gəldikdən sonra da P5+1 (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya) ölkələri ilə İran arasında 2015-ci ildə imzalanan və Tehranın nüvə proqramını məhdudlaşdırmasına hesablanan sazişi bəyənməyən Tramp bu sənədin ləğvi üçün qollarını çırmalamışdı. Artıq bu məsələnin may ayının 12-də Senatın müzakirəsinə çıxarılacağı gözlənilir. Sazişə imza atan digər dövlət liderlərinin bu təşəbbüsün qarşısını almaq üçün indiyədək göstərdiyi səylər isə nəticə verməyib. Ötən həftələrdə Fransa prezidenti Emmanuel Makronun və Almaniya Baş naziri Angela Merkelin Vaşinqton səfərlərində də nüvə sazişi gündəmə gətirilmiş, “elçilər” Ağ evi razı salmadan əliboş vətənlərinə qayıtmışdılar. İndisə Trampın baş müşavirinin sözlərindən belə çıxır ki, məsələ heç də nüvə təhlükəsi ilə bağlı deyilmiş, ABŞ prezidenti İrandakı rejimi yıxmaq istəyirmiş.

Əslində Trampın həmin sazişlə bağlı bundan əvvəl dilə gətirdiyi bəzi fikirlər də nüvə silahı təhlükəsinin bəhanədən başqa bir şey olmadığını göstərir. O, məlum sazişə İranın raket potensialının məhdudlaşdırılması maddəsinin də əlavə olunmasını tələb edir ki, bunun nüvə təhlükəsi ilə yaxından-uzaqdan dəxli yoxdur. Məhz bu səbəbdən də İran prezidenti Həsən Ruhani öz  həmkarının tələbinə sərt reaksiya vermiş, Vaşinqtonun sazişdən imtina etməsi halında “böyük peşmanlıq” yaşayacağını vurğulamışdı. Ruhani İranın raket gücü ilə bağlı gündəmə gətirilən mövzu ilə bağlı açıqlamasında isə konkret mövqeyini ortaya qoymuşdur: "Müdafiə silahlarımız məsələsini heç kəslə müzakirə etmirik. Özümüzü müdafiə etmə üçün necə bir qərar aldığımız heç kimi maraqlandırmır".  

P5+1 dövlətləri adından nüvə sazişini imzalayan Fransa və Almaniyanın ABŞ-la fərqli mövqelərdən çıxış etmələri də əslində dünya sülhünün mühafizəsi üçün deyil. Hər iki Avropa dövlətini hazırda İranla yaxınlaşdıran iqtisadi səbəblər var. Bildiyimiz kimi, hələ onillərlə əvvəl ABŞ İrana qarşı embarqolar tətbiq edəndə bu sanksiyaları dələn ilk ölkə Fransa olmuşdu. Fransanın “Total” şirkəti İranla müqavilələr bağlamış və onun neft hasilatına böyük investisiyalar yatırmışdır. Nüvə sazişinin bağlanmasından sonra Almaniyanın bir çox şirkətləri də İrana axın etmiş, tikinti sektorundan tutmuş, bəzi fabriklərin yenidən qurulması layihələrinə qədər bir çox sahəyə kapital qoymağa başlamışlar. İrana qarşı sanksiyaların yenidən gündəmə gəlməsi və gözlənilən müharibə təhlükəsi bu investisiyaları tamamilə batıra bilər. Məsələyə bu aspektdən nəzər salanda Yaxın Şərqin  yeni parlayan ulduzu İranla iqtisadi əməkdaşlıq fürsətini zamanında yaxalaya bilməyən ABŞ-ın aqressivliyini anlamaq mümkündür. Bəlkə də ABŞ Fransa və Almaniyanı bu ölkədən qovaraq, piroqun ən böyük və yağlı tikəsini öz qabağına qoymaq istəyir. Bu baxımdan, bir neçə gündən sonra taleyi müəyyənləşəcək “nüvə sazişi” əməliyyatının əsas hədəfi İran yox, Avropa ölkələridir, desək yanılmarıq.

Trampın nüvə sazişinə qarşı bu tutumu İsrail tərəfindən də ciddi müdafiə edilir. Əslində ABŞ prezidentinin bu mövqeyinin formalaşmasında yəhudi lobbisinin və İsrail hakimiyyətinin rolu danılmazdır. Xatırladaq ki, nüvə sazişi ilk imzalananda buna ən sərt qarşı çıxan İsrail Baş naziri Binyamin Netanyahu olmuşdu; o, Vaşinqtona səfər edərək, ABŞ-ın həmin dövrdəki prezidenti  Barak Obama ilə görüşmüşdü. Netanyahunun nüvə sazişindən imtina etmək təklifini rədd edən Obamanın bu cavabından sonra İsrail Baş naziri Konqresdə və Senatda görüşlər keçirmiş, ABŞ siyasilərini hərəkətə keçməyə çağırmışdı. Netanyahunun bu özbaşınalığına qarşı Obamanın da reaksiyası sərt olmuşdu. O, 2015-ci ilin mart ayının 4-dəki 40 dəqiqəlik çıxışında Netanyahunu köhnə palan içi sökməkdə günahlandırmış və nüvə müzakirələrinin bir kənara atılmasının tarixi xəta olacağını açıqlamamışdı. Həmin ərəfədə ən maraqlı çıxış isə Demokrat Partiyasının Konqresdəki təmsilçisi Nansi Pelosidən gəlmişdi. Xanım konqresmen İsrail Baş nazirinin Konqresdəki çıxışını ABŞ-ın zəkasını təhqir etmək cəhdi kimi qiymətləndirmiş və “onu dinlədikcə, hirsimdən ağlayacaqdım” demişdi.

Binyamin Netanyahu indi də boş dayanmır, İranı ən aktiv müdafiə edən Rusiyanı “zərərsizləşdirməyə” çalışır. Verilən məlumatlara görə, İsrail Baş Naziri bu məsələni öz istədiyi kimi həll etmək üçün çərşənbə günü Moskvaya gedərək, Vladimir Putinlə görüşəcək. Putinin Netanyahuya nə cavab verəcəyi hələlik bilinməsə də, son zamanlar Suriyada yaşanan bir çox hadisələr Moskvanın yaxşı sövdələşmə şərtləri müqabilində öz tərədaşlarını hərraca çıxarmağa hazır olduğunu göstərir.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 168          Tarix: 7-05-2018, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma