Xəbər lenti
Dünən, 19:25

  

“124 min peyğəmbərin olduğu deyilir. Quranda isə cəmi 30-40-nın adı var, digərləri bilinmir. Ancaq o da var ki, hər dövrdə Allah bir elçi göndərir. Onun adını Atatürk də qoya bilərsiniz, peyğəmbər də. Məhz Heydər Əliyev də Allah tərəfindən Azərbaycana göndərilən peyğəmbərdir”.

Bu sözləri may ayının 7-də millət vəkili Aqil Abbas deyib. Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edən millət vəkili fikirlərinə onu da əlavə edib ki, dahi rəhbərin anadan olması ilə Cümhuriyyətin 100 illiyinin üst-üstə düşməsi təsadüfi deyil, peyğəmbərlik əlamətidir və xaqımız bu iki mühüm hadisəni bayram kimi qeyd etməlidir.

Aqil müəllimin bu fövqəladə nəzəriyyəsini təhlil etməmişdən əvvəl, gəlin, onun özünü tanıyaq:

Aqil Abbas: millət vəkili, qəzet redatoru, tanınmış jurnalist və s.

83 saylı seçki dairəsindən seçilib. 2005-ci ildən bəridir, bu dairədə yaşayan seçicilərin dəyişilməyən təmsilçisidir. Həmin seçki dairəsinə Füzuli rayonu da daxildir. Yəni Qarabağın bir hissəsi.

İnsafən, Aqil Abbas bu dairəyə yad adam da deyil. 1953-cü ilin Beynəlxalq Yalan günündə, yəni aprel ayının 1-də Ağcabədi rayonunun Kolalı kəndində dünyaya gəlib. 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdam rayonuna köçüb və tələbəlik illərinə qədər Qarabağın bu mərkəzi şəhərində yaşayıb. Başqa sözlə desək, iliyinə qədər qarabağlıdır.

O, həm də böyük Azərbaycan şairi Məmməd Arazın ailə üzvüdür.

“Demək, Günəş Yer üzünə qarğıyıb,

Demək, sənə, Vətən eşqim, qar yağdı,

Demək, kardır Azərbaycan torpağı,

Sizə yetim deyən olsa, qızlarım!”-

deyən şairin kürəkənidir. Hətta rəhmətlik Məmməd Arazın bir şeirini də öz kürəkəninə həsr etdiyinə dair söyləntilər var:

Bu gileydən qəlbim yaman xallanır:

Çox ünvanda qaçaq tərif yallanır.

Bir ağılın budağından sallanıb,

Neçə-neçə ağlı dayaz yaşayır”.

Babalı deyənlərin boynuna, əgər rəhmətlik şair bu şeiri şəxsən Aqil Abbasa həsr etməyibsə belə, hörmətli millət vəkili Heydər Əliyevi peyğəmbərə bənzətməklə bənddəki bir misranın stereotipi olmağa haqqı qazanmaqla qürur duya bilər. Söhbət “Çox ünvanda qaçaq tərif yallanır” misrasından gedir.

Deyə bilərsiniz ki, bu statistik məlumatların Aqil Abbasın mərhum prezidentimiz Heydər Əliyev haqqında dediyi sözlərə nə dəxli var? Hövsələnizi basıb yazının davamını oxusanız, bu əlaqəni anlaya bilərsiniz.

Birinci əlaqə ondan ibarətdir ki, Beynəlxalq Yalan günündə dünyaya göz açan Aqil Abbasın həm Qurandan sitat gətirib, həm də son əsrimizdə yaşayan birini peyğəmbər adlandırması heç də təsadüfi görünmür. Nədən ki, Aqil müəllimin istinad etdiyi həmin müqəddəs kitabda Məhəməd peyğəmbər “xatəmül-ənbiyya” adlandırılır. Yəni peyğəmbərlərin sonuncusu. Quranın ehkamlarına görə, Məhəmməd peyğəmbərdən sonra dünyaya bir daha peyğəmbər göndərilməyəcək və bunu iddia edənlər ya yalançıdır, ya yaltaq, ya da fırıldaqçı.

"Məhəmməd Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur”.

(Əhzab:40)

İkinci əlaqə ondan ibarətdir ki, iliyinə qədər qarabağlı və Qarabağ əhalisinin təmsilçisi olan Aqil Abbas həmin yalanı söylədikdən cəmi bir gün sonra Ermənistanın yeni Baş naziri Nikol Paşinyan Şuşaya səfər edərək, Azərbaycan xalqı haqqında çox ağır ittihamlar səsləndirmişdi: “Tarixdə  Azərbaycan kimi qorxaq bir dövlət görməmişəm. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik? Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq”.

Paşinyan düşmən dövlətin rəhbəridir. Onun bizim haqqımızda bundan daha betər fikirlər səsləndirməsi gözlənilməz deyil. Fəqət Aqil Abbas kimi jurnalisti, qələm adamı, millət vəkili, ziyalısı və s. olan bir cəmiyyət, nə yazıq ki, düşmən sözünə haqq qazandırır. Yaşadığı və böyüdüyü torpaq düşmən tapdağında qaldığı halda, inandığı müqəddəs kitabın ziddinə gedərək, müasir çağımızda peyğəmbər axtarışına girişən bir ziyalıya nə ad vermək olar, sizcə? Üstəlik, o, millət vəkilidirsə, deməli, milləti təmsil edir. Milləti təmsil edirsə, deməli, onun xarakterini də özündə əks etdirir. Aqil Abbas heç olmasa, daşıdığı bu adı göz önündə bulundurub sözlərinə diqqət etməli, dost-düşmən yanında özünü və adından danışdığı xalqını nüfuzdan salmamalıdır. Əks halda Nikol Paşinyanın hədyanlarına haqq qazandırmış olar.

Aqil Abbası isə belə şeylər düşündürmür. Onun bu uzun deputatlıq dövründə dilə gətirərək məşhurlaşdığı fikirlərin Dağlıq Qarabağla, erməni problemiylə heç bir əlaqəsi yoxdur. Ağcabədi və Füzuli əhalisini təmsil edən Aqil Abbas bu zamana qədər ya etirazçı elektorada “soğan əkmək” təklifi, ya da müasir peyğəmbər axtarışı ilə yadda qalır. XXI əsrdə peyğəmbər axtaran bir millət vəkilinin təmsil etdiyi xalq dost-düşmən qarşısında hansı təsəvvür yarada bilər?

Qeyd edək ki, Azərbaycan xalqının məzlum günündə görmək yalnız Paşinyana xas özəllik də deyil. Paşinyanın bir müddət əvvəl İrəvanda təşkil etdiyi və Sarkisyan üzərində qələbə çaldığı mitinqlərə qatılan yüzminlərlə erməni də xalqımızın güzarınına lağ edən şüarlar səsləndirirdilər: “Bizi Azərbaycana çevirməyin!” Bənzər, hətta daha aşağılayıcı fikirlər rus siyasətçisi Vladimir Jirinovski tərəfindən də zaman-zaman dilə gətirilib və biz onu ölkəmizə dəvət edib, təntənəli şəkildə qarşılayıb, təmtəraqla yola salmışıq. Avropa Parlamentinin bir çox deputatları da, hətta qardaş Türkiyənin bəzi ziyalıları da zaman-zaman bizim cəhalətimizə gülüşləriylə diqqəti cəlb etmişlər.

Paşinyanın həmin aşağılayıcı fikirlərini Azərbaycanın işğal olunmuş ərazisində, həm də Qarabağın tacı sayılan Şuşada söyləməsi isə məsələnin ən ağrılı tərəfidir. Nədən ki, Paşinyan sanki öz fikirlərini əyani şəkildə sübut etmək ədasını ortaya qoyurdu. Demək istəyirdi ki, Azərbaycan dövləti qorxaq olmasaydı, mənim burda nə ölümüm vardı?

Sözsüz ki, Ermənistan baş nazirini “yıxıb sürüyən”, “ağzının payını verən” rəsmilərimiz də tapıldı. Bu dil pəhləvanları xüsusilə, millət vəkilləri arasından çıxdı. Başda Fəzail Ağamalı olmaqla digər millət vəkili Hikmət Babaoğlu, politoloq Mübariz Əhmədoğlu, XİN-nin sözçüsü Hikmət Hacıyev xeyli aşıb coşdular. Bəziləri Azərbaycanın 2016-cı ildə aprel döyüşlərində əldə etdiyi qələbələrdən danışdılar. Amma unutdular ki, onların geri qaytarmaqla qürurlandıqları bir parça ərazi də Azərbaycan torpağıdır, erməni baş nazirinin cəsarətimizə rişxənd edərkən ayağını basdığı Şuşa şəhəri də. Kimin sözünün daha təsirli olduğuna özünüz qərar verin.

Açığını desəm, düşmən birisinin bu cür aşağılayıcı sözlərinin bir millətin oyanışı üçün dərman xarakterli olduğuna inanıram. Hər bir dərman kimi, düşmən sözü də acı olar və bu aşağılayıcı üslublar əks tərəfi özünə gətirər, onun yüksəlişinə yola açar. Necə ki, tarix boyu insan oğlunu bu cür düşmən sözlər inkişafa vadar edib. Tarixçilərin fikrincə, dövlətlərin olmadığı ibtidai icma quruluşlarını geri salan əsas səbəb öz həmnövləri arasında düşmənlərinin olmamasıydı. Torpaqların mənimsənilmədiyi, mülkiyyət təsəvvürünün formalaşmadığı həmin dövrlərdə insanlar əldə etdikləri azuqəni belə bir-biriylə bölüşür, hansısa maddi varlıq üstündə döyüşmürdülər. Mülkiyyət anlayışının ortaya çıxmasından sonra hər şey dəyişildi. Tayfalar, millətlər arasında düşmənlər ortaya çıxdı. İnsan oğlunu indiki inkişaf mərhələsinə gətirən də məhz bu mübarizələr oldu. Bir-biriylə rəqabət, geri qalmamaq hisləri dövlətləri gücləndirdi. Geri qalanlar irəli gedənlərin yeminə çevrildi. Bu mənada Paşinyanın sözləri Azərbaycan xalqının silkinib özünə gəlməsinə xidmət edir. Bizi geriyə sürükləyən isə Aqil Abbasların ibtidai təsəvvürləridir.

Bu gün etiraf etməsək belə, Ermənistandakı hakimiyyət dəyişikliyi düşmən dövləti xeyli irəli apardı. Ən azı ona görə ki, beynəlxalq aləmdə demokratik rejim imici qazandı. Biz isə Aqil Abbasların, Fəzail Ağamalıların, Zahid Orucların boğazdan yuxarı sözləri ilə ilkəl toplum imicimizi möhkəmləndiririk. Avropada, ABŞ-da isə beynəlxalq təşkilatlar Azərbaycanın iri məmurlarının xalqdan oğurladıqları sərvətləri, əcnəbi deputatlara verdikləri rüşvətləri incələyirlər. Deputatlarımız, politoloqlarımız, “müxalif”lərimiz isə hakimiyyətin ünvanına xoruz banı eşitməmiş təriflər yağdırırlar. İki ölkənin bu önəmli fərqi o deməkdir ki, bir çox beynəlxalq arenada erməni sözü bizi daha çox üstələyəcək. Hətta regiondakı qeyri-demokrat rejimlərin himayəçisi olan Rusiya belə, Paşinyanla münasibətləri isti tutmağa çalışır. Aqil Abbas isə hələ də peyğəmbər arayışındadır. Halbuki, xaricdən bu qədər məzlum görünməyimizin əsas səbəblərindən biri də elə Milli Məclisimizin bu qədər miskin durumda olmasıdır və hörmətli Aqil müəllim də istər öz deputat mandatı, istərsə də boğazdan yuxarı təriflərilə bizi dost-düşmənə güldürməyə, qeyri-demokratik ölkə imicimizi möhkəmlətməyə xidmət edir.

Elədirsə, kimdir bu millətə ən böyük zərbə vuran: öz aşağılayıcı sözləriylə bizi qəflət yuxusundan ayıltmağa çalışan düşmənmi, yoxsa bizi ilkəl yuxulara qərq etmək üçün peyğəmbər nağılları danışan millət vəkili Aqil Abbasmı?

Heydər Oğuz

“Hürriyyət”




Ana səhifəyə qayıt        Baxış: 15 302          Tarix: 11-05-2018, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma