Xəbər lenti

 

“Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədov ilə Zülfüqarlı qardaşları arasında uzun illərdən bəri davam edən mübarizə son vaxtlar daha da genişlənməyə başlayıb. Bu müddət ərzində 3 zavodları əlindən alınan qardaşların son sığınacaq yeri - Keşlədəki “Birlik” MMC yenidən hücuma məruz qalıb. Məlumata görə, Rasim Məmmədovun adamları may ayının 15-də sözügedən müəssisədəki  istehsal xəttini sökməyə başlayıblar. Yüzlərlə fəhlənin işlədiyi zavoddakı həmin istehsal xətti isə müəssisənin bel sütununu təşkil edir. Zavod əməkdaşlarının Ovqat.com-a bildirdiyinə görə, bu xəttin sökülməsi müəssisənin öz fəaliyyətini tamamilə dayandırması deməkdir. Bu isə öz növbəsində yüzlərlə işçinin işsiz qalmasına, hər il dövlət büdcəsinə ödənən milyonlarla manatlıq vəsaitin, bir sıra xarici ölkələrə edilən ixracatın kəsilməsinə, yerli banklardan götürülən milyonlarla manatlıq kreditlərin ödənilməsində problemlərə və s. neqativ hallara yol aça bilər. Nəticədə son illər qeyri-neft sektorunun inkişafını başlıca prioritet kimi qarşıya qoyan ölkəmizin bu sahədə atdığı kövrək addımlar da axsayar, onsuz da xeyli aşağı reytinqi ilə seçilən investisiya mühiti imicimiz ciddi şəkildə zədələnər.

Bəs, bu qədər neqativliyə yaşıl işıq yandıran son hadisə nədən qaynaqlanır? Nədən uzun illərdən bəri  davam edən Rasim Məmmədov - Zülfüqarlı qardaşları çəkişmələri dayanmaq bilmir? Yüzlərlə insanın çörək ağacının kəsilməsi kimlərə və nəyə xidmət edir?

  

Bu və digər suallara cavab tapmaq üçün müəssisənin rəhbərliyi ilə görüşdük. Son hadisələrin hüquqi əsaslarına aydınlıq gətirən “Birlik” MMC-nin nümayəndəsi Salman Əliyevin bildirdiyinə görə, hər şey müəssisədəki armatur və şveller istehsal edən texniki avadanlığın kimə aid olmasıyla bağlı mübahisələrdən başlayıb. “Bakı Steel Construction” ASC bu avadanlığın hüquqi sahibi sifətiylə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qarşısında iddia qaldırıb. Məhkəmə  iddianı təmin edib və “mülkiyyətin öz sahibinə” geri qaytarılmasına qərar verib. 17 aprel 2014-cü il tarixində çıxarılan bu hökmlə razılaşmayan “Birlik” MMC Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və əllərindəki sənədlərlə avadanlığın özlərinə aid olmasını sübuta yetirməyə çalışıblar. Bakı Apellyasiya Məhkəməsi ortaya qoyulan sənədlərin inkarının mümkünsüzlüyünü gördüyündən, cavabdeh tərəfin iddialarını guya qismən təmin edib. Həmin məhkəmənin 17 dekabr 2015-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, avadanlıq bəzi hissələri  müəssisədə saxlanılmaqla “Bakı Steel Construction”a təhvil verilməlidir. Bir sözlə, “Birlik” MMC-nin “bel sütunu” iki parçaya ayrılmalı, onun bir qismi hüquqi, bir qismi isə faktiki sahibinə verilməlidir. Lap, bir əhvalatda deyildiyi kimi.

 

Haşiyə

Günlərin bir günü iki qadın bir uşaqla qazinin yanına gəlir. Hər ikisi uşağı özünün doğduğunu iddia edir. Qazi görür ki, olmayacaq, qərar verir:

-Biriniz ayağından, biriniz başından tutub dartın. Uşaq yarı bölünsün, kimə nə çatar, çatar.

Saxta ana dərhal bu hökmlə razılaşır, əsl ana isə uşaqdan imtina edir. Qazi də beləcə, uşağın əsl anasının kim olduğunu müəyyənləşdirir. Uşağı ondan imtina edən qadına verir.

Bizim məhkəmə sistemi də eynilə bu cür qərar verib. “Bakı Steel Construction” isə bununla razılaşıb.

  

Bəs, görəsən, “Birlik” MMC-nin əlindən alınan bu hissə “Bakı Steel Construction”-un nə işinə yaraya bilər?

Salman Əliyevin fikrincə, “Bakı Steel Construction” şirkətinin əslində bu avadanlığa ehtiyacı yoxdur. Əvvəla, onların eyni tipli avadanlıqları var və həmin istehsal vasitəsilə kifayət qədər iş görürlər.

Digər tərəfdən, “Birlik” MMC-də 1 metr beton içərisində basdırılan bu başıbəlalı avadanlıq qaynaqla kəsilərək sökülməlidir. Bu isə xeyli insanın çörək ağacı funksiyasını daşıyan işlək bir dəzgahın, metal tullantısına çevrilməsi deməkdir. Görünür, “Bakı Steel Construction” da həmin dəzgahdan bu məqsədlə istifadə edəcək. Beləcə, bir müəssisənin bel sütunu adi dəmir parçasına, armatura çevrilib Bakıda ucalan hansısa çoxmərtəbəli binanın metal konstruksiyasına  çevriləcək. Nəticədə isə yüzlərlə adam işsiz qalacaq, Azərbaycanın ən perspektivli müəssisəsi yox olacaq. Hansı ki, ölkə prezidentinin "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli, 745 nömrəli Fərmanın uyğun olaraq İqtisadiyyat Nazirliyindən 12 oktyabr 2017-ci il tarixində İN/İTS-122/2017 saylı İnvestisiya Təşviqi Sənədi verilib.

 

Üçüncü sual: “Qətlinə fərman verilən” “Birlik” MMC-ni itirmək Azərbaycan iqtisadiyyatına hansı zərərləri vura bilər?

Zənnimizcə, bu suala iki aspektdə cavab axtarmalıyıq:

  1. Faktiki iqtisadi zərərlər,
  2. Dolaylı iqtisadi zərərlər.

Faktiki iqtisadi zərərlər kateqoriyasına  “Birlik” MMC-nin hazırkı iş imkanları, dövlətə ödədiyi vəsaitlər daxildir. Müəssisənin İdarə Heyətinin sədri Ramiz Əhmədovun əməkdaşımızla söhbətində birdiyinə görə, zavodda 300-dən çox insan işləyir. Hər biri ən azı 400-500 manat məvacib alaraq ailəsini dolandırır. Müəssisə fəaliyyətini dayandırdıqdan sonra ən çox zərər çəkənlər də elə onlar olacaq. Aztəminatlı ailələrin gözünü dikdiyi son ümid yerinin itirilməsi, təbii ki, sosial problemlərin həllinə xidmət etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir.

Digər tərəfdən, bu müəssisə hər il ölkə büdcəsinə bir milyon manatdan çox vergi verir. Bürokratik aparatla uzun illərdən bəri problemlər yaşadıqlarından müəssisə indiyədək heç bir qanunsuz fəaliyyətə yol verməyib, qazancını  vergi orqanlarından gizlətməyib. Müəssisənin sahiblərindən olan Nurəddin Zülfüqarlı tanınmış jurnalist Şahvələd Çobanoğluya 2011-ci ildə verdiyi geniş müsahibəsində də bu faktı təsdiq edərək deyirdi: “Biz hər zaman qanunlara riayət etməyə çalışırdıq, bütün əməliyyatları qanuniləşdirirdik. Bizim yeganə gücümüz bu idi”.

Nurəddin Zülfüqarlı həmin müsahibədə onu da bildirirdi ki, müxtəlif zamanlarda bəzi dairələrdən qeyri-qanuni həvəsləndirici təkliflər də alıb. Amma bu təkliflərin hamısını geri çevirib. İş adamı bunu özünə qarşı qurulan tələlərlə əsaslandırıb:

“Hətta bir ara bizi qeyri-qanuni malların gətirilməsinə yönləndirmək istədilər, getmədik. Yəni ləkələmək istəyirdilər ki, əllərində vasitələr olsun. Açıq şəkildə sıxışdırma hiss olunurdu. Əllərində fakt olmadığından, ləkələmək üçün başqa müxtəlif metodlara əl atırdılar”.

 

Öz işini bu qədər təmiz quran müəssisə, işçilərini sığortalamaqdan tutmuş, elektrik, su, qaz puluna qədər bütün borclarını da vaxtlı-vaxtında ödəyib. “Birlik” MMC-nin İdarə Heyətinin sədri Ramiz Əhmədovun dediyinə görə, müəssisə hər ay 340 min-400 min manat işıq, 70-80 min manat qaz pulu verirmiş.  Ayda su üçün ən azı 5 min manat ödəyirmiş. Müəssisə bağlandıqdan sonra, təbii ki, bu ödənişlər də olmayacaq.

“Birlik” MMC-nin başına gətirilən bu oyundan bank sektoru də öz nəsibini alacaq. Ramiz Əhmədovun bildirdiyinə görə, təkcə “PaşaBank”dan indiyədək 10 milyon manat kredit götürüblər. Müəssisə işləməsə, təbii ki, bu borcun ödənişində də ciddi problemlər yaranacaq.

Məhsullarının keyfiyyətinə görə, İSO beynəlxalq standart sertifikatı alan zavod son zamanlar dünyanın bir çox ölkələrinə mal ixrac etməyə başlayıb. Təkcə Gürcüstana bu ilin 4 ayında 1.4 milyon dollardan artıq mal satıb. Əməkdaşımıza təqdim olunan sənədlərdən aydın olur ki, zavod hər ay mal ixracatını da artırırmış. Sənədlərə görə, bu ilin yanvar ayında Gürcüstana 96 ton dəmir məhsulları satan zavod fevral ayında həmin rəqəmi 648 tona yüksəldib. Mart ayında sözügedən göstərici 912 ton, aprel ayında isə 984 ton olub. Getdikcə yüksələn xətlə böyüyən ixrac potensialının ilin sonuna qədər dəfələrlə artacağı gözlənilirdi. Son zamanlar bir çox İran şirkətləri ilə də ilkin razılıq müqavilələri bağlayan zavodun bu ölkəyə Gürcüstanla müqayisədə daha çox məhsul ixrac edə biləcəkdi. Beləcə, ölkə iqtisadiyyatına  xeyli xarici valyuta gələcəkdi. İndisə zavodun bu qədər böyük qazanc gətirən avadanlıqları bir başqa zavodda dəmir tullantısı kimi istifadəyə hazırlanır.

 

Dolayı iqtisadi zərərlərə gəlincə, “Birlik” MMC-nin başına gətirilən oyunlar, sözsüz ki, Azərbaycana investisiya qoymağa hazırlaşan xarici iş adamlarında bir çox xoşagəlməz qənaətlər formalaşdıra bilər. Qanuni iqtisadi fəaliyyətə önəm verən, dövlətdən gəlirini gizlətməyən, vaxtlı-vaxtında vergisini ödəyən öz tanınmış iş adamına uzun illərdən bəri olmazın məşəqqətlərini yaşadan bir ölkəyə kim güvənib investisiya qoyar? Üstəlik, Zülfüqarlı qardaşları dünyanın bir çox ölkələriylə iqtisadi əməkdaşlıq içərisindədirlər. Təsadüfi deyil ki, Keşlədəki zavodun bütün avadanlıqları, o cümlədən sökülməsi qərarlaşdırılan kombinəedilmiş yayma xəttinin bəzi hissələri Türkiyədən və Çindən gətirilib. İndi həmin şirkətlər də bu hadisədən xəbərdardırlar və nələrin baş verdiyini anlaya bilmirlər.

 Bir çox xarici iş adamları Zülfüqarlı qardaşlarının yenidən Azərbaycana investisiya qoyduğunu eşidib, onlar da bu addımı atmağa hazırlaşırmış.  Hər halda “Birlik” MMC-nin İdarə Heyətinin sədri Ramiz Əhmədov belə deyir. Onun bildirdiyinə görə, həm özlərini, həm də partnyorlarını buna həvəsləndirən ölkə rəhbərliyinin xarici iş adamlarına müraciəti olub.

 

2011-ci ildə qarşılaşdığı problemlərdən sonra ölkəni tərk edən Zülfüqarlılar qlobal neft böhranı yaşanan dövrdə Cənab Prezidentin məşhur çıxışını eşidib öz doğma yurdlarına qayıtmağa qərar veriblər. Məqsədləri, Prezidentin də dediyi kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafında əllərindən gələni əsirgəməmək olub. Bəzi iri məmurlar kimi korrupsiyadan qidalanmayan, alın tərləri hesabına qazandıqları halal pulları öz ölkələrinin iqtisadi dirçəlişinə yatırmaq istəyən qardaşların yenidən eyni problemləri yaşaması həqiqətən də ürküdücüdür. Kapital isə ürküdücü yerlərə axmaz, özü üçün daha güvənli yer axtarar. Bu mənada “Baku Steel Company” MMC-nin öz himayədarlarının imkanından faydalanıb Zülfüqarlı qardaşlarına yaşatdığı problemlər yalnız monopoliya qurmaq cəhdiylə məhdudlaşmır, həm də Cənab İlham Əliyevin son zamanlar həyata keçirməyə çalışdığı istisadi strategiyaya sağalmaz yaralar vurur. Bütün bu amillər nəzərə alınaraq, tərəflər arasında ortaq dil tapılmalı, problem daha mötədil yolla həll olunmalıdır.

Növbəti sual: Bəs, Azərbaycanın iki iri müəssisəsi arasında ortaq dil tapmaq mümkündürmu?

Bu sualımızı müəssisənin hüquqşünası Salman Əliyev cavablandırdı. Onun sözlərinə görə, Zülfüqarlı qardaşları öz doğma yurdlarında iqtisadi fəaliyyətlə məşğul olmaq üçün bəlkə də heç kimin getməyəcəyi kompromis varianta belə hazırdır:

  

“Biz məlum məhkəmə qərarını tamamilə qanunsuz hesab etsək də, dövlət adından çıxarıldığı üçün ona hörmətlə yanaşırıq. Buna görə də məhkəməyə ərizə ilə müraciət edərək, texniki avadanlığın digər tərəfə aid verilən hissəsini real bazar qiymətinə almaq istəyirik. Bu, hər iki tərəfin maraqlarına uyğundur: biz yeni avadanlıq almış kimi öz işimizi davam etdirə bilərik. Qarşı tərəf isə metallomu hazır məhsul kimi satmış olar”.

Salman Əliyev bu barədə bir neçə ünvana – Azərbaycan Prezidenti Cənab İlham Əliyevə, I Vitse prezident Mehriban xanım Əliyevaya, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Çingiz Bəşirova teleqram göndərdiyini bildirdi.

Doğrusu, bu qədər ciddi kompromisdən sonra “Baku Steel Company” MMC yenə öz iddiasından geri çəkilməsə, deməli, məqsəd, həqiqətən də, azad rəqabət aparmaq deyil, ya monopoliya qurmaq, ya da ölkə rəhbərinin həyata keçirməyə çalışdığı qeyri-neft sektorunun inkişafı strategiyasını sabotaj etməkdir. Qanunvericiliyə görə isə, bu iki məqsədin ikisi də iqtisadi cinayətdir. Ümidvarıq ki, Azərbaycanın siyasi iradəsi yaşanan bu xoşagəlməz hadisəyə münasibətini bildirəcək və hər şey öz ədalətli həllini tapacaq.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 9 363          Tarix: 16-05-2018, 02:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma