Xəbər lenti
Dünən, 19:25

 

Azərbaycan bir neçə il bundan əvvəl dərin qəflət yuxusundan oyandı: dünya bazarında “qara qızıl”ın qiymətləri kəskin düşmüş, nəticədə ölkə iqtisadiyyatı dərin böhrana girmişdi.  Qarşılaşdığı iqtisadi böhranın önləmək üçün bir çox inzibati tədbirlərə əl atan hökumətimiz, nəhayət, bu siyasətini davam etdirə bilmədi və milli valyutamız iki dəfə böyük devalivasiyaya uğradi. Azərbaycan manatı birdən-birə 150% ucuzlaşaraq,  bir dollar 2 manata qədər yüksəldi. Daha sonra neftin qiymətləri bahalaşdıqca manatın məzənnəsi də, hardasa, 0.58 dollar səviyyəsində stabilləşdi. Neft böhranından əvvəl bir manatın 1.2 dollar olduğunu nəzərə alsaq, bu 100% ucuzlaşma deməkdir.

Ağır iqtisadi problemlər yaşayan Azərbaycan hakimiyyəti məhz neft böhranı yaşanan dövrdə iqtisadiyyatın şaxələnməsinin vacibliyini anlamışdı. Ölkə rəsmiləri öz çıxışlarında açıq şəkildə bu strategiyalarını elan edir, xaricdə yaşayan azərbaycanlı iş adamlarını qeyri-neft sektorunun inkişafına investisiya qoymağa çağırırdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev cənabları da 2016-cı ilin iyun ayında keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında çıxış edərkən bu məsələnin üzərində xüsusi dayanaraq, demişdi:

 "Böyük maliyyə imkanları olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və digər sahələrə investisiya qoysunlar”.

Doğrusu, ölkə rəhbərinin bu çıxışına xaricdə fəaliyyət göstərən nə qədər iş adamlarımızın səs verdiyi bilinmir. Bilinən odur ki, öz iqtisadi fəaliyyətlərini ölkəmizə daşıyan sərmayədarların sayı gözləndiyi qədər olmadı. Azərbaycan hakimiyyətinin gözləntilərinin tam mənasıyla doğrulmamasının səbəbi heç də xaricdə pul qazanmağa üstünlük verənlərin yad ölkələrdə manqurtlaşmasından irəli gəlmirdi. Ümumiyyətlə, iqtisadi münasibətlərdə bu cür boğazdan yuxarı bayağı millətçiliyin heç bir əsası yoxdur. İqtisadi münasibətləri siyasi-demoqoji şüarçılıqlar yox, iqtisadi qanunauyğunluqlar müəyyənləşdirir. Hakimiyyət rəsmən elan etdiyi post-neft dövrü hədəfinə çatmamasının səbəbi də məhz bu amillərdə axtarılmalı, iş adamlarının ölkəyə investisiya yatırmalarının iqtisadi əsasları yaradılmalıdır. Ancaq bu zaman əcnəbi-soydaş fərqi olmadan pul qazanmaq istəyən sərmayə sahibləri rahatlıqla Azərbaycana gələr, ölkəmizdə bir çox iş yerləri açılar, iqtisadiyyatımız şaxələnər və inkişaf edər.

Azərbaycanda isə münbit investisiya mühiti testdən keçirilməliydi. Hər kəs ilk addımı atanı gözləyir, onun üzləşəcəyi durumdan nəticə çıxarmaq istəyirdi. Əgər ilk “qaranquşlar” Azərbaycan havasında uça biləcəkdilərsə, digər təsəbbüskarların da arxası kəsilməyəcək və hər kəs öz ana vətəninə investisiya yatıracaqdı.

İnsafən, ölkə başçısının Dünya Azərbaycanlılarının IV Qurultayında çağırışına səs verənlər də tapıldı. Bunlardan biri də Zülfüqarlı qardaşlarıdır. İlk dəfə 2006-ci ildən etibarən sıxışdırılaraq Azərbaycandan didərgin salınan qardaşlar on ildən sonra yenidən ölkəmizdə qeyri-neft sektorunun inkişaf mərhələsinə qədəm qoyulduğunu eşidərək Ana Yurda qayıtdılar. Məqsədləri 2006-ci ildə qaldıqları yerdən davam etmək, iqtisadi xarakterini dəyişdirdiyini bildirən ölkəmizə investisiya qoymaq idi. Görünən budur ki, 2016-cı ildə ikinci qayıdışlarında xeyli ümidlə bu işə girişən qardaşlar qarşısında əvvəl heç bir maneə də yox idi. “Bakı İnşaat Sənaye” müəssisəsi üzərində təsis olunan  “Birlik” MMC bir çox yerli və xarici keyfiyyət nişanları ilə mükafatlandırılmış, ölkənin ən nüfuzlu bankları tərəfindən (“PaşaBank”dan 10 milyon manat) lazımı kreditlə təmin edilmiş, İqtisadiyyat Naziliyi tərəfindən şirkətə 12 oktyabr 2017-ci il tarixində İN/İTS-122/2017 saylı İnvestisiya Təşviqi Sənədi verilmişdi.

Hər şey öz axarında gedərkən, birdən-birə Züfüqarlı qardaşlarının yenə əzəli rəqibi “Bakı Steel Construction” ortaya çıxacaq, qardaşların yeganə zavodlarının “bel sütunu” sayılan kombinəedilmiş yayma xəttinə göz tikiləcək və məhkəmə qərarlarıyla bu xəttin sökülməsinə qərar veriləcəkdi. Bu həm də o zaman baş verəcəkdi ki, dünya neft bazarında “qara qızıl”ın qiymətləri düşdüyü “quyudan” yüksəlməyə başlayacaq, dolayısıyla Azərbaycana gələn xarici kapitalın həcmi artacaqdı. Yenidən neft kapitalı rahatlığına qovuşan Azərbaycan məmurları bu qiymət yüksəlişindən həvəslənəcək və Cənab Prezidentin iradəsinə xilaf çıxaraq, ölkəmizdə başqa sahələrin lüzumsuzluğuna inanmağa başlayacaqdılar. Görünür, köhnə şakərlərindən yaxa qurtara bilməyən  hakimiyyət komandası yenə ənənəvi vərdişləriylə hərəkət etməyi daha məqsədəuyğun hesab edəcəkdilər. Beləcə, Zülfüqarlı qardaşların min bir əziyyətlə ərsəyə gətirdikləri müəssisənin də qara günləri başlayacaqdı.

“Bakı Steel Construction” şirkətinin “Birlik” MMC-yə qarşı qaldırdığı məhkəmə iddiasının iqtisadi əsası olmadığını ona edilən səmərəli təklifdən boyun qaçırması da təsdiqləyir. Ötən yazımızda da qeyd etdiyimiz kimi, “Birlik” MMC “Bakı Steel Construction”-a mübahisəli avadanlığın dəyərini ödəmək təklifi etmiş, fəqət rədd cavabı almışdır. Halbuki, həmin avadanlıq söküləcəyi təqdirdə, metallom kimi istifadə ediləcək, dəmir sobalarında əridilərək, armatura, şvellerə çevriləcəkdi. Bu əməliyyatın gətirəcəyi qazanc isə avadanlığın qiymətilə müqayisə belə edilə bilməzdi. Di gəl ki, “Bakı Steel Construction” həm özü, həm də rəqibi üçün xeyli səmərəli olan bu təklifi qəbul etmir, 300-dən çox insanın işlədiyi bir müəssisənin fəaliyyətini dayandırmasıyla nəticələnəcək qərara üstünlük verirdi. Deməli, məqsəd iqtisadi inkişafın təməlləri sayılan azad rəqabətin yayınmaq və monopoliya yaratmaq cəhdi idi.

Maraqlı burasıdır ki, “Bakı Steel Construction” şirkəti Azərbaycanın metallurgiya məhsulları ehtiyacını təkbaşına ödəmək gücündə də deyil. Hər halda bunu “Bakı Steel Construction”un dönməz müdafiəçisi qismində çıxış edən Eynulla Fətullayev (baxmayaraq ki, o, bir zamanlar Zülfüqarlı qardaşlarının da əsas təbliğatçısı idi) dünən qələmə aldığı “Кустарные олигархи уходят от налогов и зарабатывают 30 миллионов в год! СТАТЬЯ ВТОРАЯ”  adlı məqaləsində özü də bilmədən etiraf edirdi. Müəllifin yazdığına görə, 2018-ci ilin ilk rübündə Rusiya və Ukraynadan Azərbaycana 500 min ton metallurgiya məhsulları idxal olunub bə bunun müqabilində 352 milyon dollar xarici bazara axıb. Jurnalist bunun günahını Zülfüqarlı qardaşlarının guya keyfiyyətsiz mal istehsalı ilə əsaslandırmağa çalışsa da, arqumenti qətiyyən əsaslı görünmür.

Əvvəla, ona görə ki, Eynulla Fətullayevin kustar adlandırdığı Zülfüqarlı qardaşlarının müəssisəsi İSO Beynəlxalq Stardartlar sertifikatı almış və deməli, bu standartlara uyğun məhsul istehsal etdiyi  beynəlxalq ekspertlər tərəfindən təsdiqlənmişdi.

İkincisi, ona görə ki, hər şirkət öz adıyla məhsul buraxır və Azərbaycan inşaat sektorunun rəhbərliyi kimin hansı keyfiyyətdə mal istehsal etdiyini gözəl bilir. Bəhlul Danəndənin sözü olmasın, keçi qoyun ayağından asılmadığı kimi, “Birlik” MMC də “Bakı Steel Construction” adıyla mal satmır. İnşaat bazarında “ümumi Azərbaycan məhsulu” deyilən bir anlayış da yoxdur. Bu ümumi anlayışlar yalnız xarici məhsullara şamil edilə bilər ki, tikinti sektorunda çalışan iş adamlarından aldığımız məlumata görə, əslində bazarda bu anlayışlar da mövcud deyil. Məsələn, Rusiya malları Çelyabinski, Altay, Tula, Həştərxan və sair metalları adıyla tanınır, eyni sözləri Ukrayna və Türkiyə məhsulları üçün də demək olar.  Tikinti sektoru spesifik sahə olduğundan bu sahədə işləyənlər hansı malı aldıqlarını hər kəsdən yaxşı bilirlər.

Digər tərəfdən, məlumatlardan o da anlaşılır ki, “Birlik” MMC son bir neçə ildə məhsul istehsalına başlayıb və əsasən, hər məhsulu (məsələn, armatur), həm də kütləvi istehsal etmir. Bunun səbəbi həmin sektora yenicə investisiya qoyması və rəqibinin bəzi əngəlləyici tədbirləri ilə qarşılaşamasıyla bağlıdır. Belə çıxır ki, əgər yerli bazarda Azərbaycan qara mettallurgiyasının adı qaraya çıxıbsa, bunun günahı başqa ünvanlarda axtarılmalıdır. Əks halda, tükü tükdən seçən Azərbaycan tikinti sektoru cəmi 4 ay ərzində 352 milyon dollarını xaricə axıtmazdı.  Elədirsə, Ukaynaya, Rusiyaya axıdılan bu vəsaitdən bir qisminin Zülfüqarlı qardaşlarına çox görülməsi hansı məntiqlə əsasalandırıla bilər? Axı, “Birlik” MMC-in yaydığı məlumata görə, bu şirkət təkcə Azərbaycanda müştəri tapmaqla qalmamış, hətta Gürcüstana 2018-ci ilin ilk rübündə 1.4 milyon dollarlıq mal ixrac etmiş, İrana isə daha çox məhsul ixrac edəcək ərəfəsində idi. Nəzərə alsaq ki, bu işgüzar əlaqələr Azərbaycan büdcəsinə ciddi pullar qazandıra bilərdi, rentabelli bir müəssisənin başına gətirilənləri anlamaq mümkün deyil.

Zülfüqarlı qardaşlarını hədəfə alan həmin silsilə yazılarda diqqəti bir məqam da cəlb edir. Müəlliflər Züfüqarlıları keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə birləşib dövlət çevrilişi hazırlamaqda ittiham edirlər. Eynulla Fətullayevin ciddi cəhdlə ortaya atdığı bu iddianın cavabını qardaşların özləri dəfələrlə veriblər. Bildirdiklərinə görə, Fərhad Əliyevin nazirliyi dövründə də az basqıya məruz qalmayıblar və hətta bu səbəbdən aralarından sərin yellər əsib.

Üstəlik, sabiq nazirin dövlət çevrilişi hazırlaması barədə iddialar da inandırcı görünmür. Əks halda, o, vaxtından əvvəl azadlığa buraxılmaz və Sumqayıt Kimya Parkı kimi strateji istehsal sahəsində ən mühüm işlərdən biri ona həvalə edilməzdi. Bu faktın özü Azərbaycan hakimiyyətinin uzun illərin araşdırmalarından sonra Fərhad Əliyevin monopoliyaya qarşı girişdiyi mübarizədə haqlı olduğu qənaətinə gəldiyini təsdiqləyir. Yəqin, bir çoxları unutmaz ki, 2005-ci ildə sabiq nazir məhz “hər kəs yerli mal alsın, xeyir vətənə qalsın” deviziylə qeyri-neft sektorunu inkişaf etdirməyə çalışırdı. Onun siyasi iradənin gözündən salınaraq uzun müddətli həbsə göndərilməsi də məhz bu islahatlarından qaynaqlanırdı. Bəlkə də düz, on ildən sonra Azərbaycan hakimiyyətinin yüksək dairələri də eyni qənaətə gəlmiş və ölkədə qeyri-neft sektorunun inkişafına qərar vermişlər. Bu mənada Eynulla Fətullayevin hələ də köhnə musiqinin akkaordları arasında var-gəl etməsi xeyli mürtəce təsir bağışlayır.

Müəllifin iddiaları içərisində normal məntiqlə əsaslandırılması mümkün olmayan arqumentlərdən biri də Zülfüqarlı qardaşlarının Türkiyədəki investisiyaları ilə bağlıdır. İddiaya görə, guya, Zülfüqarlı qardaşlarına Azərbaycana sərmayə qoymaq ona görə lazımdır ki, burda qazandıqlarını Türkiyədəki böyük tikinti sahəsinə yatırsınlar. Adama deyərlər ki, bu qardaşların əgər Türkiyədə böyük miqyaslı tikinti sektoru vardırsa və işlərini on ildən artıqdır davam etdirə bilirlərsə, niyə Azərbaycandan qazandıqları pulu oraya yatırsınlar? Onlar həmin sahədən heçmi pul qazanmırlar? Elədirsə, pul qazanmadıqları sahədə nədən Azərbaycandan əldə etdikləri kapitalı yelə versinlər? Axı, adətən, iqtisadi məntiq böyük biznesin hesabına kiçik biznes  sahələrini yaratmağı tələb edir.

Yuxarıda zikr etdiyimiz kimi, kiçik məntiqi mühakimə qarşısında duruş gətirməyən iddialarla Azərbaycanın iqtisadi inkişafı qarşısında əngələ çevrilməyə çalışan media patronu həm də xeyli xudpəsənddir. Özünü “böyüktirajlı” mətbu orqan, başqalarını isə “kiçiktirajlı” (bu, lap, kənd təsərrüfatı sahəsindəki iribuynuzlu, kiçikbuynuzlu təsnifatına bənzəyir) görən jurnalist unudur ki, həqiqət gövdənin qalınlığı və ya parıltılı geyim-quşaqlarla ölçülmür. Adətən böyük həqiqətlər çılpaq və sısqa olurlar.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 580          Tarix: 22-05-2018, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma