Avropanın ən çox enerji istifadəçisi Almaniya Baltik Dənizi üzərindən ölkəyə birbaşa qaz təmin etməyi qarşısına məqsəd qoyan “Şimal Axını-2” qaz boru kəməri layihəsini həm siyasi, həm də iqtisadi faydaları baxımından dəyərləndirərək, "bir daşla 2 quş vurmaq" istəyir.
Ovqat.com xəbər verir ki, bu dəyərləndirmə Türkiyənin Anadolu Agentliyinə aiddir.
May ayının əvvəllərində rus enerji şirkəti “Qazprom”la birlikdə “Şimal axını-2” qaz boru kəməri layihəsinin tikintisini sürətləndirən rəsmi Berlinin iqtisadi və siyasi maraqlarını analiz edən agentliyin “Almaniya Şimal axını-2” ilə bir daşla 2 quş vurmaq istəyir” sərlöhvəli yazıda qeyd olunur ki, bu addımdan sonra gözlər ABŞ prezidenti Donald Trampa və qaz tranziti layihələrindən kənarlaşdırılan Ukrayna və Polşaya çevrildi:
“Trampın aprel ayında Baltik ölkələrinin liderləriylə Ağ Evdə keçirdiyi görüşdə, “Şimal axını”-2 layihəsini tənqid etməsindən sonra Rusiyaya milyarca dollar ödəmək məcburiyyətində qalacaq olan Almaniyaya təzyiq etdiyi istiqamətində xəbərlər artmağa başladı.
Tənliyin digər tərəfi Ukrayna isə “Şimal axını-2” qaz boru kəməri layihəsinin Avropa İttifaqının (Aİ) birliyini pozmağı hədəfləyən "siyasi bir layihə" olduğunu irəli sürərkən, Polşa da layihənin Avropa təhlükəsizliyinə yönəldilmiş "yeni hibrid silah" olduğunu bildirir və bu səbəbdən də ona qarşı çıxır.
Rusiyanın “Şimal axını-2” layihəsi Ukrayna və Polşa kimi ölkələri"adlayıb keçərək, Almaniyaya birbaşa çatdırmağı və qaz miqdarını ikiyə qatlamağı, bu sayədə Qərbi Avropa üzərindəki nüfuzunu artırmağı nəzərdə tutur.
Sözügedən qayğılara rəğmən, Almaniya Ukraynanın layihədən uzaqlaşdırılmasına isti baxmır. Berlin rəhbərliyi Ukraynanın qaz boru xəttində tranzit rolunun aydınlaşdırılması lazım olduğunu müdafiə edir. Bu nöqtədə məsələ "Almaniya üçün təkcə iqtisadi deyil, eyni zamanda siyasi qayğıların da ön planda tutulduğu" kimi qiymətləndirilir.
Almaniya Baş naziri Angela Merkel Rusiya prezidenti Vladimir Putin ilə Soçidə keçirdiyi görüşdən sonra verdiyi bəyanatda, "Almaniya Ukraynanın bir tranzit ölkə kimi rolunun “Şimal axını-2” layihəsinin inşasından sonra da davam etməsi lazım olduğuna inanır. Bu, strateji əhəmiyyətə malikdir”, - demişdir.
Merkel həmçinin bu istiqamətdə bir nəticə alınmasına kömək etməyə hazır olduqlarını da ifadə edərkən, Ukrayna Dövlət Başçısı Pyotr Poroşenko ilə Kiyevdə görüşən Almaniya prezidenti Frank Valter Ştaynmeyer də Kiyevin rus qazının Ukrayna ərazisindən keçməsi üçün Almaniya ilə səylərini birləşdirməyə ümid etdiklərini vurğulayıb:
"Bunun üçün yalnız Almaniya və Ukrayna arasında deyil, Avropa Birliyi ilə də danışıqlar davam edir. Yaxın gələcəkdə nəticəyə nail olacağını ümid edirəm".
Almaniya, Ukrayna məsələsində ortaya qoyduğu qətiyyətli duruşla “Şimal axını-2 layihəsindən iqtisadi cəhətdən faydalanmaqla yanaşı, Avropadakı nüfuzunu artırmağa çalışaraq, bir daşla 2 quş vurmağı hədəfləyir.
2050-ci ilə qədər 80 faiz bərpaolunan enerji mənbələrinə keçməyi planlaşdıran Almaniyanın bu prosesi problemsiz şəkildə idarə etmək üçün rus qazına ehtiyac duyduğu və buna görə də “Şimal axını-2” layihəsini dəstəklədiyi bildirilir.
Maya dəyəri təxminən 10 milyard avro olaraq nəzərdə tutulan və Baltik Dənizinin altından min 230 kilometr boru xəttilə Rusiyadan Almaniyanın şimalına qaz nəql edəcək layihənin 2020-ci ilin başında dövrəyə girməsi və ildə orta hesabla 55 milyard kubmetr qaz daşıması nəzərdə tutulur.
Qazpromun yanaşı, Shell, OMV, Engie, Uniper və Wintershall kimi şirkətlərin üzərində birgə çalışdıqları layihəyə qarşı çıxan ABŞ, Polşa, Estoniya, Latviya, Litva, Ukrayna ilə Danimarka, Avropanın Rusiyadan enerji asılılığının artacağını və bunun əvəzinə Avropanın qaz mənbələrini şaxələndirməsi lazım olduğunu bildirirlər".
Ovqat.com
Paylaş: