
Bu gün Türkiyənin Avropa İttifaqındakı yeri məsələsi qurumun Xarici İşlər nazirləri tərəfindən müzakirə ediləcək və alınan qərar 28-29 İyunda ittifaq liderlərinin təsdiqinə təqdim olunacaq.
Ovqat.com xəbər verir ki, Türkiyəylə bağlı komissiyanın hazırladığı layihəyə ən çox qarşı çıxan Avstriyadır.
Məlumata görə, müzakirə zamanı yaxınlaşdıqca Vyananın müxalifliyi də sərtləşir. Son layihəylə bağlı onun əsas iradları isə "Türkiyənin Aİ-dən daha da uzaqlaşdığı" və "müzakirələrin effektiv olaraq dayanma nöqtəsinə gəldiyi" arqumentləridir.
İlk halı iki həftə əvvəl nəşr olunan layihə üzv ölkələrə təqdim olunduğundan bu yana Avstriya istədiyi dəyişiklikləri mətnə yer salmaq üçün xeyli səylər göstərdi. Son mərhələdə isə Aİ sədri Bolqarıstanın dövrəyə girməsini, əks təqdirdə ittifaqın genişlənməsinə dair mətnə veto qoyacağı mesajını verdi. Bundan sonra Bolqarıstan mətn üzərində müəyyən dəyişikliklər aparmaq əvəzinə, AB Komissiyasından yeni mətn tələb etdi. Komissiya böyük ölçüdə Avstriyanın tələblərini əks etdirən bir mətn hazırlayıb üzvlərin müzakirəsinə verdi. Bu mətndə ən gözəbatan ifadə isə "Türkiyənin Avropa perspektivinin risk altında" olmasıdır.
Aİ-də Türkiyənin üzvlük müzakirələrinin kəsilməsinə münasibət isə birmənalı deyil. Üzv ölkələrin böyük əksəriyyəti Avstriyaya qarşı çıxarkən, bu istiqamətdə ən ciddi səy göstərən İngiltərədir. Təsadüfi deyil ki, Komissiyanın hazırladığı layihə mətni İngiltərə əngəliylə qarşılaşıb. Rəsmi London Türkiyənin Avropa perspektivini bitirdiyi iddiasının mətndə yer almasına icazə verməyib. Avstriya indiki Baş naziri Sebastyan Kurz Xarici İşlər naziri olduğu 2016-cı ildə də Türkiyə ilə müzakirələrin kəsilməsi istiqamətində intensiv səy göstərmiş, ancaq ittifaqın 27 ölkəsinin razılaşmaması nəticəsində veto hüququndan istifadə etmişdi.
Bütün bunlar bugünkü müzakirələrin də qalmaqallı keçəcəyindən xəbər verir.
Paylaş: