“Vaxtilə Azərbaycanı işğal edən sovet ordusunun qurulması ildönümlərini kişilik bayramı kimi qeyd edirdik. İndisə öz milli ordumuzun yaranması gününü həmin səviyyədə keçirmirik. Halbuki, öz yurdunu, obasını, milli namusunu qorumaq daha çox kişilikdəndir”.
Tanınmış iş adamı Mürvət Həsənli Ovqat.com-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, tarixən ordu millət kimi tanınan Azərbaycan xalqının keçmiş əzmini özünə qaytarmaq yolu xalqın mentalitetində orduya kişilik məktəbi kimi baxmaq ənənəsini yenidən bərpa etməkdən keçir: “Xalq ordusuna bu cür baxmağa başladıqca, Silahlı Qüvvələri də möhkəmlənər və istənilən düşmən üzərində zəfər qazana bilər. İnsafən, son zamanlar Azərbaycan hakimiyyəti də bu istiqamətdə müəyyən addımlar atır. Xüsusilə ölkə başçımızın hərbi vətənpərvərlik hissini möhkəmləndirmək istiqamətində gördüyü tədbirlər təqdirə layiqdir. Cənab İlham Əliyevin ordunun 100 illiyi münsibətilə təltif etdiyi hərbçilər arasında hərbi-vətənpərvərlik təbliğatı ilə məşğul olanların ön sıralarda yer alması da hakimiyyətin əsgərlərin döyüş ruhunu daha da artırmaq istiqamətində çalışdığını göstərir”.
İş adamının fikrincə, Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Bakıda keçirilən hərbi parad da ordumuzun özünə inamını, xalqın əsgərlərə etimadını artırmağa hesablanıb: “Təsadüfi deyil ki, paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş zirehli texnikalar, raket və artilleriya silahları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ modern silah və texnikalar nümayiş olunur. Bu qüvvələrin nümayişi xalqa inam hissi aşıladığı kimi, düşmənə də göz dağıdır. İnşallah, Ali Baş Komandanın əmrilə bir gün bu ordu işğal altında olan torpaqlarımızı azad edəcək və Azərbaycanın bayrağını Xankəndinə sancacaq. Mən Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi münasibətilə başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla bütün hərbi qulluqçularımızı və xalqımızı ürəkdən təbrik edirəm”.
Paylaş: