Son zamanlar ölkə başçısının qəbul etdiyi bir sıra Fərman və Sərəncamlardan müharibə iyi gəlir. Dünən Prezident tərəfindən imzalanan, bəzi Qanunlara edilməsi nəzərdə tutulan dəyişikliklər də bu qəbildəndir.
Ovqat.com-un məlumatına görə, Prezidentin imzaladığı təkliflər paketində hərbi vəziyyət şəraitində hərbi senzura yaradılması öngörülür:
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40, № 5, maddə 837, № 12, maddə 1986; 2017, № 12 (I kitab), maddə 2254; 2018, № 1, maddə 16) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
- ikinci-dördüncü hissələr müvafiq olaraq üçüncü-beşinci hissələr hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq kütləvi informasiya vasitələrinin məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.”
- üçüncü hissəyə “Fövqəladə” sözündən sonra “və hərbi” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il.
***
Ölkə başçısının rəsmi saytı tərəfindən dünən yayılan digər Fərmanda isə hərbi vəziyyətin uzadılması barədə müddəanın “Müdafiə haqqında” Qanuna salınması nəzərdə tutulur:
“Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 18-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 148, № 11, maddə 683; 2004, № 5, maddələr 312, 319; 2005, № 7, maddə 576; 2006, № 3, maddə 219, № 5, maddə 385, № 11, maddə 933; 2017, № 12, I kitab, maddə 2196) aşağıdakı dəyişikliklər edilsin:
- 4-cü maddənin ikinci hissəsinin beşinci abzasında “tətbiq edilməsi” sözləri “elan edilməsi, qüvvədə olma müddətinin uzadılması” sözləri ilə əvəz edilsin.
- 5-ci maddənin ikinci hissəsinin on ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəbhəboyu zonanın (ərazinin) hüdudlarını və hərbi idarəetmə orqanlarının səlahiyyətlərini müəyyən edir, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi haqqında fərmanı təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;”.
- 14-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydası, hərbi vəziyyət dövründə hüquq və azadlıqların təminatı, habelə hərbi vəziyyətlə bağlı digər məsələlər “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il.
Paylaş: