Ermənistanda Başinyanın hakimiyyətə gəlməsilə Qarabağ ətrafında gərginliklər artmağa başladı. Yeni erməni Baş nazirinin andiçmə mərasimini Şuşaya salması və rəsmi Bakıya meydan oxuyarcasına oğlunu cəbhə xəttinə əsgərliyə göndərməsi Azərbaycan xalqının və hakimiyyətinin heysiyyatıyla oynamağa bənzəyirdi. Digər tərəfdən, yeni hökumətin Qərbəmeylli mövqeyi Rusiyanın da ermənilərin arxasından çəkilə biləcəyi qənaətini yaradır və bir çox siyasilər bunu işğal olunmuş torpaqlarımızın geri qaytarılması istiqamətində yaranmış tarixi fürsət kimi qiymətləndirirdilər. (Bax: http://ovqat.com/manset/21528-qudrt-hsnquliyev-ter-petrosyan-hl-yax-qurtard-ki-ban-ksmdilr.html)
Təsadüfi deyil ki, Azərbaycan ordusunun Naxçıvandakı bölmələri məhz bu hadisələrdən sonra Muxtar Respublikanın Günnüt kəndi istiqamətində əməliyyatlar keçirərək kənd ətrafındakı 11 min hektarlıq ərazini işğaldan azad etmişdilər. Günnüt əməliyyatında ən diqqətə şayan məqam dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ələ keçirilməsi olmuşdu. Həmin yüksəkliyin ən böyük strateji əhəmiyyəti ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yolunu nəzarət altına almaq imkanı verməsidir. Sanki hər şey bu yaxınlarda başlaya biləcək hərbi əməliyyatlar zamanı Ermənistandan Qarabağa veriləcəyi gözlənilən hərbi-logistik dəstəyin qarşısını almağa hədəflənmişdir.
Nəzarət altına alınmış həmin magistral yolu həm də İrandan Ermənistana uzanan nəqliyyat xəttinin tərkib hissəsidir. Yüksəkliyin alınması gözlənilən hərbi əməliyyatlar zamanı İranın Ermənistana mümkün hərbi dəstəyinin qarşısını almaq üçün əlverişli fürsətlər yarada bilər. Bir sözlə, bütün əlamətlər Dağlıq Qarabağda daha geniş hərbi əməliyyatlara başlamaq ərəfəsinə qədəm qoyduğumuzdan xəbər verir.
Bu gözləntiləri təsdiqləyən bir başqa addım isə dünən ölkə başçısı İlham Əliyev tərəfindən atıldı. Pezident hərbi və fövqəladə vəziyyətlərdə işə mane ola biləcək siyasi partiya və qurumların fəaliyyətini dayandırmağı tənzimləyən bir neçə maddənin qanunvericilik aktlarına salınması təşəbbüsüylə çıxış etdi. Cənab Əliyevin imzaladığı sənəddə deyilir:
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 387, № 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 11, maddə 683; 2002, № 8, maddə 463; 2004, № 2, maddə 57, № 5, maddə 321, № 8, maddə 598; 2005, № 4, maddə 278, № 6, maddə 464; 2006, № 3, maddə 225; 2007, № 11, maddələr 1049, 1053; 2010, № 4, maddə 276; 2012, № 5, maddə 414; 2014, № 11, maddə 1332; 2015, № 4, maddə 366; 2017, № 5, maddə 684) aşağıdakı məzmunda 16.4-1-ci maddə əlavə edilsin:
“16.4-1. Hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il.”.
Ölkə başçısının digər bir sərəncamı ilə isə qanuna edilmiş bu dəyişikliyin tənzimlənməsi Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə tapşırılır.
Sərəncamda deyilir:
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1099 VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018 ci il 1 may tarixli 1099 VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Prezidentin hərbi vəziyyətlərdə fəaliyyətini məhdudlaşdırmaq istədiyi qurumlar təkcə əl-ayağa dolaşan siyasi partiyalar da deyildi. Bu gün müxtəlif qeyri-hökumət təşkilatları bünyəsində toplanmış çevrələr də əl-ayağa dolaşa bilərlər. Prezidentin bir başqa qanunvericilik təşəbbüsüylə onların da fəaliyyəti dayandırılacaq. Ölkə rəhbərinin dünən imzaladığı bir başqa qərarnamə məhz bunu nəzərdə tutur:
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 710; 2001, № 9, maddə 576, № 11, maddə 675; 2003, № 1, maddə 16; 2005, № 4, maddə 278, №8, maddə 684, № 10, maddə 908; 2007, № 11, maddələr 1049, 1053; 2008, № 8, maddə 699; 2009, № 7, maddə 517, № 8, maddə 611; 2010, № 4, maddə 265; 2013, № 3, maddə 216; 2014, № 2, maddə 79, № 11, maddə 1359) aşağıdakı dəyişikliklər edilsin:
- 31.3-cü maddə üzrə:
1.1. birinci cümlədə “Bu maddədə müəyyən olunmuş” sözləri “Aşağıda göstərilən” sözləri ilə, cümlənin sonunda isə nöqtə işarəsi iki nöqtə işarəsi ilə əvəz edilsin;
1.2. ikinci cümlə ləğv edilsin.
- Aşağıdakı məzmunda 31.3-1-ci maddə əlavə edilsin:
“31.3-1. Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il.”.
Görünən budur ki, Azərbaycan ordusu və ictimaiyyəti istənilən situasiyalara hazır vəziyyətə gətirilir.
Paylaş: