Xəbər lenti

 

ABŞ Xəzinədarlıq Departamentinin terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə müavini Marşal Billingslinin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Ankaraya rəsmi səfərə gəlir.

Ovqat.com Türk mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi İranla bağlanan nüvə sazişinin ləğvindən sonra sanksiyalara yenidən başlamağa qərar verən ABŞ-ın məsələ ilə bağlı Ankara ilə fikir mübadiləsi aparmaq və Vaşinqtonun gözləntilərini tərəf-müqabillərinə çatdırmaqdır.

 ABŞ Xəzinədarlığı yetkililərinin Türkiyə Xəzinə və Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi başda olmaqla, müxtəlif qurumların rəsmiləri bir araya gəlməsi nəzərdə tutulur.

 Görüşlərdə Türkiyə və ABŞ-ın terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə əməkdaşlıqlarının müxtəlif aspektlərinin müzakirəsi planlaşdırılır.

 Xatırladaq ki, ABŞ rəhbərliyi bu ilin 8 may tarixində İran nüvə müqaviləsindən çəkildiklərini bildirmiş və İrana qarşı sanksiyalara yenidən başlayacaqlarını açıqlamışdı. Donald Tramp hökuməti İranın gəlir mənbələrinin kəsilməsi üçün onunla ikitərəfli ticarəti olan ölkələrin də sanksiyalara qoşulmasını tələb edir.

 

Vaşinqton rəsmilərinin bu sahədə xüsusilə Türkiyəyə əhəmiyyət verməsi isə səbəbsiz deyil. İran Türkiyəyə ən çox neft və qaz satan ölkələrdəndir. Amma qaz alış-verişinin İrana qarşı tətbiq olunan sanksiyalardan kənarda qalır. Odur ki, Ankaranın sabahkı qonaqlarının əsas təklifi neft ticarətinin dayandırılması ilə bağlı ola bilər.

Qeyd edək ki, Türkiyənin bu sanksiyalara qoşulub-qoşulmayacağı müəmmalıdır. Nədən ki, bir müddət əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın İrana sanksiyalarına dair açıqlamasında ölkəsinin mövqeyini dilə gətirmiş və super gücü təkbaşına qərar verməkdə günahlandıraraq demişdi: ““Digər ölkələr mənim qəbul etdiyim qərarı həyata keçirsin" şəklindəki mövqe doğru deyil. Belə bir anlayışla münasibətlər sağlam təməllər üzərində oturmaz. İran kimi bir ölkənin tamamilə küncə sıxışdırılması və təcrid edilməsini də doğru hesab etmirik. Hətta bu yanaşma çox təhlükəli və risklidir. Regionumuzun təhlükəsizliyi baxımından da bu cür qərarlar böyük önəm daşıyır. Burada İsrailin təzyiqi və tələbləri ilə İrana qarşı alınan qərarların bizə görə heç bir əsası yoxdur".

M.Çavuşoğlunun bu açıqlamasından sonra Türkiyənin ABŞ-a müsbət cavab vermə ehtimalı şübhə doğurur.




Ana səhifəyə qayıt        Baxış: 1 091          Tarix: 19-07-2018, 20:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma