“Bank Respublika” tələbələrə “təhsil haqqı krediti” təklif edib.
Qulağa xoş gələn bu sözlərin altında isə nə maarifçilik, nə gənclərin sosial müdaifəsi, nə də hansısa gözəl niyyət dayanır. Yeganə məqsəd övladına diplom vermək istəyən kasıb valideynlərin çarəsizliyindən faydalanaraq onları sömürməkdir. Başqa təbirlə desək, “Bank Respublika”nın müştərilərinə təklif etdiyi bu xidmətin klassik “təhsil haqqı krediti” ilə heç bir əlaqəsi yoxdur.
Əvvəla, ona görə ki, bir çox xarici ölkələrdə təhsil kreditləri valideynlərə yox, tələbələrə verilir. Oxuduğu müddət ərzində banklardan kredit götürən tələblər rahatlıqla ali məktəbləri bitirə bilirlər. Ali məktəbi bitirəndən sonra isə mütəxəssis kimi hansısa müəssisədə əmək fəaliyyətinə başlayanda bankdan götürdükləri kredit borclarını tədricən ödəyirlər. Qarşılıqlı razılaşmalara əsasən, bu geri ödənişlər onların maaşından çıxılır.
Burdan da aydın olduğu kimi, təhsil kreditləri uzun müddətliyə verilir. Bir tələbənin təhsil müddəti 4 il olduğundan, məntiqlə, kreditlər də ən azı 4 ildən sonra qaytarmaq şərtilə təklif olunmalıdır. “Bank Respublika”nın təhsil haqqı krediti isə 12 aylıqdır. Yəni tələbə aldığı krediti 12 ay ərzində faizi ilə geri qaytarmalıdır.
Kreditin faizi də az deyil deyil - 12 aya 20%.
Bank “təhsil haqqı” adıyla tələbələrə 10 min manata qədər kredit təklif edir. Belə çıxır ki, 12 ay ərzində tələbə banka 12 min manat pul qaytarmalıdır. Aylara bölsək, bu, hər ay 1000 manat edir. Hansı tələbə oxuya-oxuya ayda bu qədər qazanmaq və kredit ödəmək imkanına sahibdir? Deməli, yuxarıda da qeyd etdiyimiz kimi, kredit tələbələrə yox, onların çarəsiz valideynlərinə təklif edilir. Bu da elə vətəndaşın çarəsizliyindən yararlanmaqdan başqa bir şey deyil.
Deyə bilərsiniz ki, bank kommersiya qurumudur. Kommersiya qurumu olaraq onun öz maraqları var və heç kimi bankdan müştərisinin qara qaşına, ala gözünə kredit ayırmağı tələb edə bilməz. Bank öz maraqları çərçivəsində vətəndaşa kredit təklif edər və vətəndaş da iqtisadi durumunu nəzərə alıb bu təkliflə razılaşa, yaxud razılaşmaya bilər. Müştəri-satıcı arasındakı münasibətlərə heç kimin qarışmaq haqqı yoxdur.
Haqlısınız. Əslində bizim də iradımız banka deyil. Xarici təcrübələrdə təhsil kreditini banklar yox, dövlətlər ayırır. Dövlət təhsil kreditinin miqdarını və verilmə şərtlərini müəyyənləşdirir, banklara bu məqsədlə pul vəsaitləri ötürür. İmkansız tələblər isə bundan faydalanırlar. “Bank Respublika”nın bu məsələdə yeganə günahı özünün ağır istimarçı təklifinə “təhsil haqqı krediti” adı qoymaqdır. Yəni vətəndaşların sosial dövlət arzularını öz kommersiya maraqlarına uyğun olaraq istismar etməyə çalışır.
Təbii ki, bu istismarın qarşısını almaq da dövlətin bir nömrəli vəzifələrindəndir.
Heydər Oğuz
Ovqat.com
Paylaş: