Xəbər lenti
27-11-2024, 19:25

 

ABŞ-ın İrana qarşı tətbiq etmək istədiyi sanksiyalara açıq şəkildə rədd cavabı verən Türkiyə hökuməti super gücün ağır basqıları altındadır. Vaşinqton bir tərəfdən keşiş Endryu Kreyq Brunsonun həbsini bəhanə gətirərək, Türkiyəyə iqtisadi sanksiya tətbiq etməyə hazırlaşır. Digər tərəfdən isə, ABŞ-la yaşanan gərginliklər AKP hakimiyyətinin daxilində də çatlar yaradır.

Hər halda AKP-yə yaxınlığı ilə tanınan “Yeni Akit” portalının bu gün dərc etdiyi bir məqalə getdikcə genişləməkdə olan çatların xəbərçisi təəssüratı bağışlayır. Xəbər portalının tanınmış analitiklərindən Kənan Alpayın qələmə aldığı “İsraillə gərginliyin, İranla yaxınlaşmanın ölçüsü” adlı məqalədə Türkiyənin İrana görə ABŞ-ı qarşıya almağın lüzumsuzluğundan bəhs olunur.

Yaşadığımız regionda gedən və bəlkə də yaxın zamanlarda ortasında qalacağımız geopolitik savaşdan bəhs edən yazının önəmli gördüyümüz hissəsini Ovqat.com oxucularına təqdim edirik:

“...Amerika-İran arasında münasibətlər Obama sonrasında Trump tərəfindən alt-üst edilməkdədir. Obama hakimiyyətinin nüvə enerji sahəsində P5+1 ölkələri ilə İran arasında imzalanan müqaviləni Tramp tamamilə ləğv edəcək təcavüzkar cəhdlər göstərir. Bundan başqa, Obama dövründə qarşısı alınmayan, əksinə, altdan-alta Səudiyyə Ərəbistanına, Türkiyəyə qarşı İraq, Suriya və Yəməndə önü xeyli açılan İranın bölgələrdəki hərbi varlığı müzakirə mövzusuna çevrilir.

 Amerikanın quldur bir dövlət olduğu, İran və ya başqa bir ölkəyə embarqo tətbiq etmək, bütün ölkələri bu embarqonun tərkib hissəsinə çevirmək kimi bir hüququnun olmadığı, olmayacağı aydındır. Ancaq İranla münasibətlərdən söhbət gedirsə, Türkiyənin Amerika embarqosuna iştirak etməmək kimi bir mövqe sahibi olmaqdan ötə rol oynaması lazımdır. Həm Xarici İşlər naziri Çavuşoğlu, həm də Prezident Ərdoğan Amerikanın embarqo çağırışını rədd etdilər. Daha sonra İranın qonşu, qardaş və strateji müttəfiq olduğunu vurğuladılar. İran həqiqətən də qonşu dövlətdir, ancaq onun nə qədər qardaş və strateji müttəfiq olduğu da ciddi şəkildə müzakirə edilməyə dəyər.

 

 İran əgər Türkiyənin strateji müttəfiqidirsə, o zaman bu strateji müttəfiqə bəzi sərt xəbərdarlıqlar, törətdiyi cinayətlərdən bütün ictimaiyyəti xəbərdar etmək lazımdır, yəqin ki. Məsələn, İranın Suriyada törətdiyi cinayətlər haqqında Türkiyənin açıq və ən yüksək səviyyədə rəsmi orqanlardan bir reaksiya verilməli deyilmi? Qardaş Suriya xalqına Əsəd canisi ilə birlikdə qan qusduran İranı bu ölkədən çıxıb getməyə çığırmaq üçün bəlkə də ən uyğun zamandır. Yenə Bəsrə, Nəcəf, Kərbəla kimi şiə şəhərlərində, hətta Bağdadda da həftələrdir davam edən etirazlarda "İran, rədd ol”" plakatlarının açıldığını, "İran, dışarı!" şüarlarının səsləndirildiyini xatırlatmağın tam zamanıdır. İrana bağlı təşkilatların partiya binalarının yaxılıb yandırılması daha yüksək səslə ictimaiyyət önündə deyilməli deyilmi? Yəmən üçün də bənzər şeylər demək olar.

 

 İranın qardaş və strateji müttəfiq hesab olunması üçün, ilk növbədə, müsəlman xalqların qanını tökməkdən, İslam şəhərlərini işğal etməkdən geri durması lazım olduğu bildirilməli. İranın qonşuluğu bir reallıq olduğu qədər, PKK-dan Əsəd rejiminə qədər bölgədəki bütün despotik faktorlarla Türkiyə və bölgədəki müsəlman xalqlara qarşı çirkli, qanlı işlər gördüyü də bir reallıqdır. Mövcud rejim məntiqilə güclü İran, nə Türkiyə, nə də region üçün ən kiçik bir xeyirə vəsilə ola bilər. İrana qarşı Amerika ilə hərəkət etmək mümkün olmaya bilər, əlbəttə, amma İran üçün AbŞ-la qarşıdurmaya getmək də düşünülə bilməz. Ən yaxşısı, aralarındakı rəqabəti yaxından izləyib bölgədəki təsirlərini azaldaraq ədalətli bir balans yaradan şərtləri formalaşdırmaqdır”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 739          Tarix: 27-07-2018, 22:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma