APA-nın bağlanmasına səbəb olduğu deyilən yazıya baxdım. Açığı, bağlanmanın səbəbi barədə irəli sürülən mülahizələr mənə inandırıcı gəlmədi. Ölkə başçısının çıxışında təhrifə yol verilmiş olsa belə, bu, “qətl fərmanı” veriləcək qədər ciddi qüsur deyildi. Məncə, təhrif-filan bəhanədir, APA tamam başqa səbəbdən bağlanıb.
Bəs, səbəb nə ola bilər?
Sözsüz ki, ağıla gələn ilk versiya ölkənin iqtisadi böhran keçirdiyi indiki anda APA-nın astronomik sayılacaq qədər böyük xərcləri idi. 200-dən artıq əməkdaşın çalışdığı informasiya agentliyinin ayaqda tutulması üçün, yəqin ki, ayda 100 minlərlə manat xərclənirdi. Azərbaycan jirnalistikasının ən yaxşı qələmlərini zərərsizləşdirmək üçün hakimiyyətin bir neçə il əvvəl yaratdığı və “sus payı” verdiyi informasiya agentliyi neftin qiymətinin aşağı düşməsilə başlayan son böhran zamanında iri məmurların çiynində əlavə yükə çevrilmişdi. APA-ya toplanan jurnalistlərə verilən hər manat korrupsioner rejim balalarının boğazından kəsilən tikə idi. Dolayısıyla, 2012-ci ildə neft kapitalının sel kimi axdığı bir zamanda yaradılan holdinqdən yaxa qurtarmağın zamanı yetişmişdi və hər an fitvası verilə bilərdi. Bunun üçün ciddi səbəbə də ehtiyac yox idi. Kiçik bir bəhanə də kifayət edərdi. Zənnimcə, APA kollektivinin öz işinə xüsusi etina ilə yanaşması holdinqin ömrünü bir neçə il uzada bildi.
Holdinqin məhz ayın ilk günü bağlanması da təsadüfə oxşamır. Mən ümumiyyətlə ayın ilk günləri baş verən hadisələrə təsadüfi yox, öncədən planlaşdırılmış ssenari kimi baxıram. Axı necə ola bilər ki, bu cür hadisələr yeni ayın ilk günlərinə, maliyyə hesabatlarının bağlandığı dövrlərə düşür? Bu məntiq də APA-nın bağlanmasının səbəbi kimi hansısa sözün təhrif edilməsi versiyasını istisna edir: APA o kiçik təhrifə yol verməsəydi belə, həmin gün tamamilə başqa səbəb tapılacaqdı. Lap Krilovun “Qurd və quzu” təmsilində olduğu kimi, çayın hansı tərəfə axmasının və quzunun hardan su içməsinın məsələyə dəxli yoxdur.
APA-nın əsas “günahı” isə son zamanlar öz yaradılış qayəsini obyektiv səbəblərdən həyata keçirə bilməməsindən qaynaqlanırdı. Yuxarıda da qeyd etdiyimiz kimi, bu holdinq ölkənin aparıcı qələm və söz adamlarını öz bünyəsində toplamaq, onlara “sus payı” verməklə hakimiyyətin əleyhinə ictimai rəy yaratmağın qarşısını almaq məqsədilə ərsəyə gətirilmişdi. İndiyədək holdinq bu missiyanı az-çox yerinə yetirə bilirdi. Bu gün isə həmin metodlar işə yaramır. Əksinə, hakimiyyətin “sus payı” ilə neytrallaşdırdığı qələm adamları artıq ictimai fikrə təsir göstərmək imkanlarını itiriblər. Onların yerinə isə daha radikal və güclü təsir imkanlarına malik qənaət öndərləri meydana çıxıb. Söhbət Avropaya sığınmış və ordan müxtəlif informasiya kanalaları vasitəsilə fikirlərini ictimaiyyətimizə təlqin edən mühacir aktivistlərdən gedir. Başda Qurban Məmmədov, Qənimət Zahid, Tural Sadıqlı, Orduxan Teymurxan, Meydan TV kollektivi olmaqla, bütün mühacir fəalların fikirləri daha çox izlənilir, təqdirlə qarşılanır. APA kimi sırf xəbərçilik missiyasını qarşısına məqsəd qoyan və klassik professionallıqla işini davam etdirən kanallar artıq korrupsioner rejimin maraqlarına cavab vermir. Hər şeyi maddi maraqları çərçivəsində dərk edən, ancaq öz xeyrini güdən rejim üçün APA kimi media qurumlarının zərrə qədər əhəmiyyəti qalmayıb. Sosial medianın imkanları genişləndikcə, hətta bir çox ölkələrdə hakimiyyətin taleyini həll edəcək səviyyəyə gəldikcə, rejim də öz klassik media siyasətindən imtina etməyə məhkum olur.
APA-nın qara taleyinin əsas səbəblərindən biri isə, zənnimcə, “şinel” dəyişməsilə əlaqədar ola bilər. Hələ bir neçə il əvvəl etibarlı mənbədən aldığım məlumata görə, bu holdinq öz maliyyə qaynağı olan iri məmurun çətiri altından çıxıb hakimiyyətə iddialı olan və getdikcə ölkənin bütün iqtisadi həyatına hakim kəsilən bir başqa oliqarx ailənin himayəsinə girmişdi. Bunun isə köhnə hamini bərk qəzəbləndirdiyi xəbər verilirdi. İnformasiya mənbəyi əminliklə bildirirdi ki, yaxınlarda APA-nın əhədi üzüləcək və onun alternativi yaradılacaq.
Doğrusu, bu xəbərin üzərindən xeyli zaman keçir. Bu müddət ərzində APA-nın fəaliyyət göstərməsi məlumatın səhihliyi barədə məndə ciddi şübhələr oyandırmışdı. Düzdür, indiyədək ölkədə APA ilə rəqabət edə bilməsə belə, hər halda eyni funksiyaları həyata keçirən bəzi informasiya kanalları yaradıldı. Amma APA da bağlanmadı. Odur ki, bugünkü bağlanmanın həmin informasiyaya nə qədər dəxli olub-olmadığını da deyə bilmirəm. Deyə biləcəyim yeganə söz isə budur: APA Zamanın yeni tələblərinin qurbanı oldu.
Heydər Oğuz
Paylaş: