“Dünya iqtisadiyyatında və xüsusilə Azərbaycanın əsas ticarət tərəfdaşları olan ətraf ölkələrdə baş verən ciddi iqtisadi təlatümlər onsuz da dərin böhran içərisində çabalayan Azərbaycan iqtisadiyyatına böyük zərbələr endirməkdədir və əks tədbirlər görülməsə yaxın zamanlarda ölüm yasdığında can üstə olan qeyri-neft istehsalını tam çökdürəcək”.
Sabiq Maliyyə naziri, professor Saleh Məmmədov Ovqat.com-a açıqlamasında belə deyib.
Onun fikrincə, əsas ticarət tərəfdaşları olan Türkiyə, İran, Rusiya, Çin, Avropa, Qazağıstan və s. ölkələrin hamısında milli valyutalar ciddi surətdə dəyərini itirirlər:
“Bu da ona gətirib çıxarmışdır ki, Azərbaycan idxalının qiyməti bir o qədər ucuzlaşmış, ixrac məhsullarının qiyməti isə bahalaşmışdı. Deməli, dünya bazarında Azərbaycanın qeyri-neft məhsulları üzrə rəqabət qabiliyyəti xeyli zəifləmişdi. Bir az da belə davam etsə, bu məhsulların istehsalçıları işi tamamilə dayandırmalı olacaqlar və nəticədə işsizlər ordusunun yüz minlərlə artması, istehsalın, büdcə gəlirlərinin azalması, iqtisadi artımın minuslanması və s. neqativ hallar baş verəcək.
Hökumətin dünya iqtisadiyyatında baş verən bu tənəzzül qarşısında özünü laqeyd aparmasına təəssüflənən professor qeyd edib ki, sanki Azərbaycan iqtisadiyyatına endirilən ağır zərbələrin bu hökümətə heç aidiyyatı yoxdur: “Ölkənin bazarını qorumaq, qeyri-neft istehsalının, məhsul ixracının düşməsinin qarşısının alınması məqsədilə təcili tədbirlər görülməli, kompleks proqram hazırlanmalıdı:
Birinci növbədə, ən ağır zərbəni zərərsizləşdirmək, yəni manatın dəyərinin tədriclə azaldılması vacibdir. Milli valyuta yalnız pul vahidi deyil, həm də ən mühüm makroiqtisadi tənzimləmə vasitəsidi. Son bir neçə ayda İran valyutası 200-300%, Türkiyə - 150-200%, Rusiya-20% dəyər itirmişdi. Bunlardan idxal olunan malların dəyəri də təqribən bu qədər ucuzlaşmışdı. Bunun qarşısında hansı Azərbaycan istehsalçısı rəqabətə tab gətirə bilər?
- Daxili qeyri-neft istehsalçılarına xüsusi güzəştli vergi sistemi qurmaq, əksəriyyətini bir çox vergilərdən azad etmək və ya çox cüzi səviyyəyə endirmək, güzəştli vergi sistemi hazırlamaq.
- Qeyri-neft ixracatına xüsusi təşviq rejimi qurmaq, ixracı stimullaşdırıcı və sadələşdirici rejim yaratmaq:
İxracın nəqliyyat məsrəflərinin ən azı yarısını, sertifikatlaşma, rəsmiləşdirmə məsrəflərinin hamısını dövlət öz üzərinə götürməlidi, idxal gömrük vergiləri (elmi-texnoloji məhsullar istisna olmaqla) dünya regionları üzrə artırılmalı və bunun hesabına ixrac bonusları müəyyən olunmalıdı.
- Qeyri-neft məhsullarının maya dəyərini aşağı salmaq üçün digər ciddi addımlar atmaq lazımdı:
İstehsal kreditlərinin maksimum həddi 3% müəyyən edilməklə, kredit resursları dövlət vəsaiti hesabına təmin olunmalı; dövlət inhisarında olan yanacaq, elektrik, suyun qiyməti aşağı salınmalı; istehsal üçün diğər dövlət xidməti ucuzlaşdırılmalıdı.
5. İdxal-ixrac rejimi Aİ standartlarına uyğun yenilənməli, sadələşməli, məhsulların maya dəyərinin 10%-ni təşkil edən rüşvət aradan qaldırılmalı, tələb olunan sənədlər minimuma endirilməli, qeydiyyat müddəti maksimum qısaldılmalıdı.
Sadalanan tədbirlər kompleks proqramın hissələridi, proqram isə bütün detalları ilə daha geniş tədbirlər sistemini əhatə edir. Bu tədbirlərin tətbiqini ləngitmək olmaz, dərhal başlamaq lazımdır, hər itirilən gün ölkəyə çoxsaylı milyonlarla zərərə başa gəlir.
Paylaş: