Xəbər lenti

  

ABŞ İrana qarşı sanksiya tətbiq etməyə hazırlaşır, noyabra qədər İrandan neft alan ölkələrdən bu ticarət əlaqələrini dayandırmağı tələb edir. İran isə sanksiyalar tətbiq olunacağı təqdirdə, Hörmüz boğazını bağlayacağını bildirib. Dünya neft ehtiyatının 40%-dən çoxunun cəmləşdiyi bölgədə yaranacağı güman olunan gərginlik  dünya iqtisadiyyatına necə təsir göstərə bilər? Neftin qiymətlərinin astronomik yüksəlmə ehtimalı Azərbaycana nə vəd edir?

Ovqat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Samir Əliyevin fikrincə, Hörmüz boğazının bağlanması dünya bazarında neftin qiymətlərinin kəskin artmasına səbəb ola bilər:

 

“Çünki bir çox ölkələrin, ö cümlədən Omanın,  Küveytin nefti həmin boğazdan keçir. Onsuz da hazırda neftin qiyməti ötən illərlə müqayisədə xeyli yüksəkdir. Hörmüz boğazının bağlanması ilə bu yüksəliş daha da arta bilər”.

Dünya bazarında neftin qiymətlərinin yüksəlməsindən təkcə neft idxal edən ölkələr deyil, həm də hasilatçıların da ciddi zərər görəcəyinə inanan ekspertin fikrincə, məhz bu səbəbdən OPEK ölkələri bahalaşmaqda maraqlı deyillər:

“İki misal göstərim; 2008-ci ildə dünyada qlobal böhran baş verdi və neftin qiyməti 140 dollardan 30 dollara qədər ucuzlaşdı . İkincisi isə, 2015-ci ildə neftin qiyməti 115 dollardan 28 dollara endi və bunun zərəri neft ölkələrinə də dəydi.  Artıq neft hasilatçıları bu iki təcrübədən dərs götürüblər və anlayırlar ki, neftin qiymətinin ucuz olması da, həddindən artıq bahalaşması da böyük problemlərə yol aça bilər”.

Samir Əliyevin fikrincə, neftin qiymətinin bahalaşması dünyanın alternativ enerji mənbələrinə yönəlməsini tətikləyir və bu da hasilatçı ölkələrin marağına cavab vermir:

“2015-ci ildə neftin qiymətinin bahalaşması alternativ enerjinin  inkişafına çox böyük töhvələr verdi və nəticədə elektromobillər  ortaya çıxdı. Getdikcə də elektriklə işləyən maşınların sayı sürətlə  artacaq.  Təsəvvür edin ki, 2016-ci illə müqayisədə 2017-ci  ildə elektikrik maşınlarının istehsalı 50% artmışdı. Qiymətlərin bahalaşması yenidən bu prosesi sürətləndirə bilər. Proqnozlara görə, indiki gedişlə 2030-cu ildə benzinə olan tələbat 66% ə qədər azalacaq. Bunu görə də neft ölkəri neftin bahalaşmasın istəmirlər”.

O ki qaldı neftin qiymətinin yüksəlməsinin Azərbaycana təsirinə, Samir Əliyevin fikrincə, bu ehtimal  iqtisadi-strateji baxımdan ölkəmizin iqtisadiyyatına zərərsiz ötüşməyəcək:

“Neftin qiymətlərinin bahalaşması Azərbaycana daha çox xarici valyuta gətirsə də, strateji baxımdan qeyri-neft sektorunun çökməsinə nəticələnə bilər. Necə ki, bu gün hökumət qeyri-neft sektorunu inkişaf etdirmək isəyir, lakin  bu, alınmır.  Hər dəfə neftin qiyməti qalxır və qeyri-neft  sektoru yaddan çıxır”.

 

Digər iqtisadçı ekspert Elçin Qurbanov da gərginliyin bu həddə yüksəlməsini qlobal iqtisadiyyat üçün böyük təhlükə hesab edir. Onun fikrincə, hər dəfə ABŞ-İran münasibətləri gərginləşəndə Hörmüz boğazının bağlanması gündəmə gəlir:

“Xatırlayırsınızsa, bu məsələ daha əvvəldən də aktual idi. İranın keçmiş prezidenti Əhməd Nicat bir neçə beynəlxalq tədbirlərdə Hörmüz boğazını bağlaya biləcəklərini vurğulamışdı. Hətta deyərdim ki, o vaxt ABŞ-ın İranın nüvə siyasətilə bağlı ciddi təpkiləri daha gərgin vəziyyət yaratmışdı. Amma İran bu yola baş vura bilmədi. Çünki Hörmüz boğazının bağlanması dünyanın böyük güclərini qarşıya almaq deməkdir və bu da hərbi müdaxilələrə gətirib çıxara bilər”.

Açıqlamasında Hörmüz boğazının əhəmiyyətindən danışan həmsöhbətimiz xatırlatdı ki, Səudiyyə Ərəbistanı, Kuveyt, Qətər, Bəhreyn, İraq, Birləşmiş Ərəb Əmirliklərindən ixrac olunan neftin 80 %-i bu boğaz vasitəsilə daşınır və dünya bazarlarına çıxarılır:

“Çin, Yaponya, Cənubi Kareya, Hindistan və Sinqapur enerji tələbatının böyük qismini Fars körfəzində çıxarılan neft hesabına təmin edir. Qərbi Avropanın neft  tələbatının 40%-i də bu bölgədə çıxarılan “qara qızıl”ın payına düşür. Hələ 2016-cı ildə Hörmuz boğazı vasitəsilə nəql olunan neftin həcmi təxminən gündəlik 19 milyon barelə yaxın idi. Bu gün ABŞ Müdafiə Nazirliyi səviyyəsində İrana qarşı Hörmüz boğazının bağlanması ilə bağlı çox ciddi siyasi motivasiya var. ABŞ hərbi müdaxiləni belə, istisna etmir”.

Nəticələrə gəlincə, İrandakı mövcud sosial-iqtisadi gərginliyə bir də indiyə qədərki ən genişmiqyaslı sanksiyalar əlavə olunarsa, ölkədəki siyasi vəziyyətin daha ciddi şəkildə ağırlaşdıracağına inanan Elçin Qurbanov cənub qonşumuzda ciddi böhranın yaranacağından ehtiyatlanır:

“İranda bu cür problemlərin yaranması arzuolunmazdır. Ən azı ona görə ki, qonşuluqda baş verən bu gərginliyin yaradacağı problemlər istər-istəməz Azərbaycana sirayət edəcək. Onu da unutmaq olmaz ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır və onların taleyini düşünmək bizim də müqəddəs borcumuzdur.

Digər tərəfdən, İrana qarşı sanksiyaların tətbiqi və Hörmüz boğazının bağlanma ehtimalı dünya bazarında neftin qiymətini artıracaq.  Amma bu böhran ABŞ-ın deyil, onun hazırdakı əsas rəqibləri Avropa və Çinin zərərinə olacaq. Xüsusilə rəqiblərin bir-birinin sənaye məhsullarına gömrük vergilərini artırdığı bir zamanda sanksiyaların gündəmə gəlməsi təsadüfi deyil. Mümkündür ki, öz neft ehtiyacını özü ödəyə biləcək gücdə olan ABŞ bu yolla Asiya və Avropadakı əsas rəqiblərini çökdürmək həvəsinə düşsün”.

Neftin qiymətlərinin bahalaşmasının Azərbaycana daha çox xarici kapitalın axışına səbəb olacağını qəbul edən Elçin Qurbanov onu da vurğuladı ki, bunun nə dərəcədə siyasi fayda verəcəyini demək çətindir.

Aslan Həmid

Ülkər Fətəliyeva

Nərmin Vüqarqızı




Ana səhifəyə qayıt        Baxış: 1 449          Tarix: 24-07-2018, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma