Qulu İbrahimli
(İqtisadçı ekspert)
Türk lirəsinin son vaxtlar sürətlə dəyər itirməsi ilə bu ölkədə sərmayələri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) itkilərə məruz qalıb-qalmaması ictimai əhəmiyyət kəsb edən məsələ kimi, haqlı olaraq, geniş müzakirə olunmaqdadır.
SOCAR-ın 2017-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatlarına əsasən, maliyyə alətləri, təxirə salınmış vergi aktivləri, əmək fəaliyyətinin başa çatmasından sonra ödəniş planları üzrə aktivlər və sığorta müqavilələri üzrə hüquqlar istisna olmaqla, 2018-ci ilin əvvəlinə 37,5 milyard manat təşkil edənuzunmüddətli aktivlərinin 27,9 milyard manatı (74,4%-i) Azərbaycanda, 9,6 milyard manatı (25,6%-i) isə xarici ölkələrdə yerləşib. Türkiyə üzrə 7,6 milyard manat olan uzunmüddətli qeyri-maliyyə aktivləri SOCAR-ın cəmi belə aktivlərinin 20,3%-ni, xarici ölkələrdəkinin isə 79,4%-ni təşkil edib.
Konsolidasiya edilmiş törəmə, asılı və birgə müəssisələrin əməliyyat valyutaları onların fəaliyyət göstərdiyi əsas iqtisadi mühitlərin valyutaları hesab edilir. Belə müəssisələrin əməliyyat nəticələri və maliyyə vəziyyəti – həmin müəssisələrin əməliyyat valyutası SOCAR-ın hesabat valyutasından fərqli olduqda və onun hesabat valyutası ilə ölçülmədikdə – konsolidasiya zamanı hesabat tarixinə qüvvədə olan yekun məzənnə ilə hesabat valyutasına çevrilir. Bütün məzənnə fərqləri də kapital hesabında ayrıca komponent (məzənnə çevrilməsindən yaranan fərq) kimi əks etdirilir.
SOCAR-ın hesabat valyutası milli valyutamız olan manatdır. Onun Türkiyədəki müəssisələrinin əməliyyat valyutası isə türk lirəsi olduğu üçün konsolidasiya edilən maliyyə hesabatlarında həmin müəssisələrlə bağlı göstəricilər hesabat tarixinə qüvvədə olan yekun məzənnə ilə türk lirəsindən manata çevrilir. Ona görə də TL/AZN məzənnəsindəki dəyişikliklər məzənnə effekti kimi, SOCAR-ın Türkiyədəki aktivlərini manat ifadəsində artırıb-azaldaraq, müvafiq olaraq onun məcmu gəlir və ya zərərlərinə səbəb olur. Manat lirə qarşısında dəyər itirərkən, həmin aktivlərlə bağlı gəlir əldə edilir, manat lirə qarşısında dəyər qazanarkən isə zərər edilir.
TL/AZN məzənnəsi bu valyutaların hər birinin ayrılıqda ABŞ dolları qarşısında məzənnəsi əsas götürülərək çarpaz hesablama ilə müəyyən olunur. 2018-ci ilin cari dövründə lirənin dollar qarşısında sürətlə dəyər itirməsi və manatın isə dollar qarşısında sabit qalması TL/AZN məzənnəsinin də aşağı düşməsinə, yəni manatın lirə qarşısında bahalaşmasına səbəb olub. TL/AZN məzənnəsi 2018-ci ilin ilin əvvəlinə 0,4499 manat olduğu halda, 14.08.2017-ci il tarixə 0,2459 manat olub, manat lirə qarşısında 45%-dən çox dəyər qazanıb.
SOCAR-ın itkiləri nə qədər ola bilər?
2018-ci ilin əvvəlinə SOCAR-ın coğrafi yerləşmə üzrə Türkiyədəki 7,6 milyard manat məbləğində uzunmüddətli qeyri-maliyyə aktivləri lirə ifadəsində 16,9 milyard (7,6/0,4499) təşkil edib. Həmin aktivlərin TL/AZN məzənnəsinin mövcud səviyyəsi ilə 4,2 milyard manata (16,9*0,2459) düşdüyünü, yəni SOCAR-ın bu aktivlərə görə manat ifadəsində 3,4 milyard zərəri olduğunu, elə, Türkiyədəki aktivlərinin 45%-ni manat ifadəsində itirdiyini deyə bilərik.
Xatırladaq ki, SOCAR 2017-ci il ərzində xaricdəki əmlak, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, birgə və asılı müəssələrə investisiyalar üzrə ümumilikdə 969,0 milyon manat məzənnə fərqindən zərərə məruz qalmışdır. Keçən il manatın lirə qarşısında 10,4%-lik dəyər qazanmasını (lirə dollar qarşısında da ucuzlaşıb) və xaricdəki uzunmüddətli aktivlərinin 80%-ə yaxınının Türkiyədə yerləşməsini nəzərə alsaq, 2018-ci ildə hal-hazıradək lirənin dollar qarşısında ucuzlaşması nəticəsində manatın lirə qarşısında 45%-dən çox bahalaşması ilə SOCAR-ın Türkiyədəki aktivlərə görə məruz qaldığı zərəri hesablamaq çətin olmur.
Nəzərə alsaq ki, SOCAR-ın Türkiyədəki müəssisələri xammal-material alışını əsasən kənardan ABŞ dolları ilə və satışlarını əsasən yerli valyuta olan lirə ilə həyata keçirir, habelə aktivlər əsasən lirəylədir, onda türk lirəsinin ABŞ dolları qarşısında kəskin ucuzlaşması təchizatçılara dollarla olan borcların lirə ifadəsində kəskin artması ilə nəticələnir. Bu da öz növbəsində həmin müəssisələrdəki xalis aktivlərin məbləğinin kəskin azalması deməkdir.
Deməli, Türk lirəsinin dəyər itirməsi ilə SOCAR-ın Türkiyədəki sərmayəsi iki cəhətə görə itkilərə məruz qalır: Birincisi, lirənin manat qarşısında dəyərdən düşməsi halında əməliyyat valyutası lirə olan xalis aktivlərin hesabat valyutası olan manata çevrilməsi nəticəsində yaranan itki (3,4 milyard manat); İkincisi, lirənin dollar qarşısında dəyər itirməsi halında dollarla olan maliyyə öhdəliklərinin lirə ifadəsində kəskin artmasının təsiri ilə Türkiyədə xalis aktivlərin yerindəcə lirə ifadəsində kəskin azalması (öhdəliklərdəki artımın aktivlərdəkini üstələməsi) nəticəsində yaranan itki.
Bütün qeyd edilənləri nəzərə alaraq, 2018-ci ilin cari dövründə (14.08.2018) Türk lirəsinin ABŞ dolları və Azərbaycan manatı qarşısında dəyər itirməsi nəticəsində, ən kobud hesablamalarla, SOCAR-ın ilin əvvəlinə 7,6 milyard manat olan Tükiyədəki uzunmüddətli aktivləri üzrə 5,0 milyard manatdan (66%) çox zərərə məruz qaldığını görürük.
Hələ, Türkiyəyə sərmayə qoyuluşlarına görə SOCAR-ın özünün birbaşa borc götürdüyü xarici valyutada kreditlərə görə Azərbaycandan indiyədək ödənilmiş və bundan sonra da ödəniləcək faizləri və bununla bağlı digər xərcləri nəzərə almırıq. Habelə, SOCAR-ın belə investisiyalara görə özünün kredit öhdəliklərinin borclanma səbəbi üzrə coğrafi seqmentlərə görə dəqiq bölgüsü mümkün olacağı halda həmin investisiyalar üzrə xalis aktivlərin necə azalacağını hesablamırıq.
Xiyar pulu ilə alınan eşşəyin ölümü suda olar
2017-ci il maliyyə hesabatına əsasən SOCAR-ın cəmi kapitalı 22 milyard manat təşkil edib ki, bunun da əsasən 5,8 milyard manatı (26,4%-i) məcmu məzənnə fərqləri üzrə qalıqdan; 7,6 milyard manatı (34,5%-i) nizamnamə kapitalı və əlavə ödənilmiş kapitaldan; 7,4 milyard manatı (33,5%-i) bölüşdürülməmiş mənfəət qalığından ibarət olub.
2015-2016-cı illərdə manatın kəskin devalvasiyalara məruz qoyulması nəticəsində, SOCAR xaricdə yerləşən aktivlərinin xarici valyutadakı dəyərinin manata çevrilməsindən yaranan fərqdən 6,8 milyard manat gəlir əldə etmişdir (vergi çıxılmaqla). Kapitaldakı 5,8 milyard manat məcmu məzənnə fərqləri üzrə qalığın formalaşma mənbəyi manatın devalvasiyalarından əldə edilmiş məbləğin 2017-ci ildəki itkidən sonrakı qalığıdır.
2017-ci ildə düzəliş edilmiş və yenidən təsdiq edilmiş Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişindən (AÇG HPBS) 13,35 faizlik əlavə iştirak payının alınmasına görə əldə edilən 3,37 milyard manat məbləği balansda əlavə ödənilmiş kapitalda əks etdirilib. 2014-2017-ci illər ərzində Şirkətin nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsinin vəsaitindən ümumilikdə 1,9 milyard manat ayrılmışdır. Nizamnamə kapitalı və əlavə ödənilmiş kapitalın 5,3 milyardı (70%-i) son dörd ildə AÇG HBBS-dən və dövlətdən alınan vəsaitlərdir, SOCAR özü qazanmamışdır.
Göründüyü kimi, SOCAR-ın 22 milyard manatlıq cəmi kapitalının 11,1 milyardı və ya 50,4%-i 2015-2016-cı illərdə manatın devalvasiyalarından qazandığı (26,4%-i) və son dörd ildə dövlətdən aldığı vəsaitlərdən (24%-i) ibarətdir.
Dövlətin SOCAR-a vəsaitlər ayırmasında səxavətli olmasında Mərkəzi Bankın (MB) vəsaitlərinin də rolu var. Belə ki, 2015-2016-cı illərdə manatın kəskin devalvasiyaları nəticəsində MB xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə 6,7 milyard manat xalis gəlir əldə edib. Həmin vəsaitlər MB-ın mənfəətindən dövlət büdcəsinə ayırma adı altında, hər il Milli Məclisdə təsdiq olunan dövlət büdcəsində əksini tapmadan, tədricən SOCAR-a ötürülür. Ümumiyyətlə, dövlət büdcəsi, Neft Fondu və Mərkəzi Bankın vəsaitlərindən SOCAR-a ödənilən vəsaitlər haqqında ayrıca yazıda ətraflı bəhs ediləcək.
Bəli, türk lirəsinin ucuzlaşması SOCAR-ı böyük zərərlərə məruz qoyur. Ən kobud hesablamalar da göstərir ki, USD/TL məzənnəsi 7 lirəyə yaxınlaşdıqca və manat sabit qaldıqca, SOCAR Türkiyədəki sərmayələrinə görə təqribən 5,0 milyard manatdan artıq, yəni şirkətin bütün kapitalının dörddə biri qədər zərərə məruz qalır. Orası qəribədir ki, bu itki şirkətin balansında kapital hesabında məcmu məzənnə fərqlərindəki qalığa bərabərdir. Yəni, 2015-2016-cı illərdə manatın kəskin devalvasiyalarından xaricdəki, o cümlədən Türkiyədəki aktivlərinin dəyərinin manata çevrilməsindən əldə etdiyi gəlir tam əriyir. İlahi, bu nədir! Devalvasiyalardan zərər görən vətəndaşların, iş adamlarının ah-naləsinin göylərə çatmasına gələn cavabdırmı? Atalar demişkən: “Xiyar pulu ilə alınan eşşəyin ölümü suda olar”.
“Goldman Sachs” qarmağını atıb, gözləyir
12 avqust 2015-ci ildə Amerikanın “Goldman Sachs” (GS) investisiya şirkəti SOCAR-ın törəməsi olan “SOCAR Turkey Energy A.Ş.” (STEAS) şirkətinin 13 faizinə yiyələnmək üçün 1,3 milyard dollar vəsait ödəyib. Eyni zamanda, STEAS ilə GS arasında satış opsionu haqqında razılaşma imzalamışdır. Razılaşmaya əsasən STEAS-ın səhmlərinin planlaşdırılan ilkin açıq təklifi baş vermədiyi halda SOCAR GSİ-nə məxsus olan səhmləri müəyyən edilmiş qiymətə geri almalı və ya satış opsionu haqqında müqavilənin müəyyən şərtləri qarşılanmadıqda satış opsionunu əvəzləşdirməlidir. SOCAR tərəfindən GSİ-yə təmin edilən satış opsionu, satış opsionu haqqında razılaşmanın imzalanmasından sonra 6 il ərzində qüvvədə olacaq və uzunmüddətli maliyyə öhdəliyini təşkil edir. GS ilə 1,3 milyard dollarlıq razılaşma o vaxtkı məzənnə ilə 1,36 milyard manat olub, hal-hazırdakı məzənnə ilə 2,21 milyard manat olmaqla, SOCAR-ın bu öhdəliyi 846 milyon manat artıb.
“Goldman Sachs” mənə Norveç yazıçısı Knut Hamsunun “Torpağın bərəkəti” romanındakı Lensman Heyslerin müdrikliyi və uzaqgörənliyini xatırladır. Hələ türk lirəsinin ucuzlaşması ilə bulanıq suda balıq tutmağı bacarıb-bacarmayacağını gələcəkdə görəkəyik. Fikrimcə, gələcəkdə onun barəsində çox bəhs edəcəyik. Ona görə, “Goldman Sachs”ın adını bu yazıda zikr etdim ki, bir qıraqda qalsın.
SOCAR-a görə manatı ucuzlaşdırmaq düz deyil
Türk lirəsinin dollar qarşısında ucuzlaşmasına görə mütləq manatın da ucuzlaşması zərurəti, guya ölkəmizin xarici ticarətinə neqativ təsirlər barədə deyilənlərin heç bir əsası yoxdur. Əsas məqsəd ictimai rəyi aldadaraq, diqqəti SOCAR-ın Türkiyədəki aktivlərinə görə itkilərdən yayındarmaqdır. Məhz SOCAR-ın itkilərini azaltmaq üçün manatı bundan sonra da ucuzlaşdırılmasının ölkə üçün fəsadları böyük olar. Ticarət tərəfdaşlarının valyutalarındakı məzənnə dəyişikliklərinin xarici ticarətə təsirləri barədə ayrıca yazıda bəhs olunacaq.
SOCAR-ın hesabatlarının auditini aparan şirkətə xatırlatma
2017-ci üzrə “Konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat”ın Sair məcmu (zərər)/gəlir bölməsində “Sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnif edilməli olan sair məcmu (zərər)/gəlir − məzənnə fərqləri, satış üçün mövcud olan maliyyə aktivləri üzrə gəlir, pul vəsaitlərinin hərəkətinin hedcinqləri üzrə zərər, vergi çıxılmaqla” maddəsinə diqqət etməyi, əvvəlki illərin hesabatlarından fərqli olaraq, “Məzənnə fərqləri üzrə gəlir/zərər” maddəsi ilə “Satış üçün mövcud olan maliyyə aktivləri üzrə gəlir, pul vəsaitlərinin hərəkətinin hedcinqləri üzrə zərər” maddələrinin birləşdirlməklə bir rəqəmdə göstərməyə bundan sonra yol verməməyi xahiş edirik. Belə olanda, maliyyə hesabatlarının istifadəçiləri məzənnə fərqləri üzrə məcmu (zərər)/gəliri görə bilmir. Yəni, məqsədli şəkildə gizlədilir. Əvvəlki illərin hesabatlarında olduğu şəkildə göstərilsin.
SOCAR rəhbərliyinə
Azərbaycan Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi türk lirəsinin dollara nisbətən dəyərdən düşməsinin SOCAR-ın Türkiyədəki sərmayələrinə təsirini şərh edərkən bildirib: “Lirənin kursunun azalması birmənalı gəlir itkisi demək deyil, çünki ölkələr üzrə gəlirlərinin bəzilərini dollarla, bəzilərini isə lirə ilə əldə edirik. Hər il SOCAR maliyyə hesabatını gəlirlərlə birlikdə təfsilatı ilə hazırlayır. Bu il də eyni hal baş verəcəyi üçün orada hər şey açıqlanacaq”.
Yuxarıda yazılanlardan bəlli olur ki, ilin sonunu gözləməyə ehtiyac yoxdur. Manatın ucuzlaşdırılması zərurəti barədə ictimai rəyə buraxılan fikriləri dayandırmaq lazımdır. İlin yekununnda bu il yüksək qiymətə olan neftin satışından əldə edilən gəlirlər Türkiyədəki sərmayələrə görə itkiləri hesabatlarda gizlədə bilməyəcək.
Əvvəlki illərdən fərqli olaraq, 2017-ci il üçün SOCAR-ın fəaliyyəti barədə rəhbərliyin giriş sözü ilə müşayət olunan geniş illik hesabat hələ də hazırlanmayıb, saytınızda ictimaiyyətə təqdim olunmayıb. Əgər ciddi problemlər yoxdursa, 2017-ci il üzrə fəaliyyət barədə illik hesabatın yayılmasını xahiş edirik.
Bu yazıda qeyd edilənlərlə bağlı razılaşılmayan nüanslar varsa, şirkət nümayəndələri ilə debata çıxmağa hazıram. Lerik rayonundan Milli Məclisə deputat seçilməyində şirkətin himayəsinin böyük rolu olmuş, 2017-ci ilin martında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü təyin olunmasına baxmayaraq, nədənsə bir ildən çox həmin komitəyə yaxın buraxılmayan, yalnız bu ilin iyununda adı parlamentin saytında komitə siyahısında göstərilən İqbal Məmmədovla maraqlı müzakirə apara bilərik. Şirkətin illər üzrə aktivlərini, passivlərini, el dili və İqbal Məmmədovun anlayacağı dil ilə desək, varını-yoxunu ətraflı təhlil və müzakirə etməyin ictimai əhəmiyyəti olduqca böyükdür.
Paylaş: