Xəbər lenti

 

Hər il olduğu kimi, bu il də dünyada təxminən 3 milyon müsəlman hacı oldu. Azərbaycandan da bu şərəfə layiq görülənlər var və onları sayı 1440 nəfərdir. İçərilərində, təbii ki, rüşvət və korrupsiya hesabına həcc ziyarətini yerinə yetirənlər də az deyil.

Səudiyyə Ərəbistanı isə hacılıq statusu alanları bu rəqəmlə məhdudlaşdırmaq fikrində deyil. Məkkə əmiri şahzadə Xalid  əl-Faysal bin Əbdüləzizin bildirdiyinə görə, yaxın 10 il ərzində zəvvarların sayını iki dəfə artırmaq niyyətindədirlər. Əmir, Həcc mövsümünün başa çatması münasibətilə Minadakı iqamətgahında keçirdiyi mətbuat konfransında müsəlman dünyasını muştuluq-xəbərlə sevinirib. Bildirib ki, 2030-cu ilə qədər Məkkə və müqəddəs məkanların təkmilləşdirmə layihəsi artıq tamamlanıb. Şahzadənin sözlərinə inansaq, gələn ildən bu layihənin həyata keçirilməsi mərhələsinə başlanacaq. Məkkənin genişləndirilməsində məqsəd isə zəvvar sayını 5 milyona çatdırmaqdır və bunu Məkkə əmiri də gizlətməyib. Deməli, yaxın 10 ildə Səudiyyə Ərəbistanı “hacı istehsalı”nı iki dəfə artıracaq. Eyni məntiqlə, gələcəkdə bizim də həcc kvotamız ən azı 2 dəfə çox olacaq.

Zəvvar qələbəliyindən zaman-zaman böyük fəlakətlərin yaşandığı həcc mərasimlərində ziyarətçi sayının artırılması əslində başa düşüləndir. Həcc turizmi rəsmi Riyada hər il milyardlarla dollar qazandırır. Məlumatlara əsasən, indi belə, həcc ziyarəti sayəsində Səudiyyə Ərəbistanı ən azı 20 milyard dollar qazanır - Azərbaycanın illik büdcəsindən 2 dəfə çox. Növbəti 10 il ərzində Məkkə və digər müqəddəs məkanların genişləndirilməsi, sözsüz ki, qazancı iki dəfə artıracaq. Beləcə, neft zəngini olan Səudiyyə Ərəbistanı həcc ziyarətindən də Azərbaycanın illik büdəsindən 4-5 qat çox pul qazanacaq.

Sual oluna bilər: Əhalisinin böyük qismi kasıblıq həddində yaşayan Azərbaycandan Səudiyyə krallığının həcc büdcəsinə nə qədər kapital axır?

Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsinin məlumata görə, bu il ziyarət üçün Azərbaycana ayrılan kvota dolu - 1440 nəfər.

Builki zəvvarların sayı da ötən illərlə müqayisədə çoxdur.  2017-ci ildə 900 , 2016-cı ildə isə 1040 azərbaycanlı zəvvar ziyarətə getmişdi.

Həcc ziyarətinin xərcinə gəldikdə isə bu rəqəm dəyişilmədən qalıb: - 4150 dollar (7065 manat).

Amma məsələ bununla da bitmir. 7 min manatdan artıq vəsait yalnız ilk dəfə həccə getmək istəyənlər üçündür və Azərbaycan əhalisinin orta əmək haqqı, rəsmi statistikaya görə, 525.6 manat olduğundan, hacılıq ünvanı qazanmaq istəyən orta səviyyəli vətəndaşımız bir il yeyib içmədən pul yığmalı və bütün topladıqlarını verib həccə getməlidir. Bu isə, təbii ki, xeyli müşkül olduğundan hər müsəlmana nəsib olmur. Dolaysıyla, həcc ziyarətinə adətən zənginlərimiz gedir. Özü də dəfələrlə. Təkrar ziyarətin qiyməti isə daha bahadır. İki qat və daha çox hacı olmaq istəyənlər əlavə 535 dollar (910 manat) pul ödəməlidirlər. Yəni onlar üçün həcc ziyarəti 8 min manata başa gəlir.

İkiqat hacıların say etibarilə ümumi hacı namizədlərinin 50%-ni təşkil etdiyini düşünsək, hər zəvvar üçün orta qiyməti 7.5 min manatdan götürə bilərik. 7500 X 1440 = 10,800, 000. Yəni hər il həcc ziyarəti üçün Azərbaycan əhalisi 11 milyon manata yaxın pul xərcləyir.

Bu, hələ yalnız həccə getmək üçün xərclədiyimizdir. Nəzər alsaq ki, bir çoxlarımız “həm ziyarət, həm ticarət” məntiqilə hərəkət edir və müqəddəs torpaqlardan əli boş qayıtmırıq, xərclərimizin xeyli artdığı ortaya çıxır. Ziyarət zamanı aldığımız təsbehlərin, xatirə əşyalarının, Zəm-zəm suyunun, şeytana atdığımız daşların, kəsdiyimiz qurbanların və s. əməllərin Səudiyyə kralına nə qədər qazandırdığını hesablamaq isə mümkün deyil.

Digər tərəfdən, ilin müxtəlif zamanlarda müqəddəs torpaqlara gedənlərimiz də az olmur və bu, ümrə ziyarəti adlanır. Ümrə ziyarətlərini də hesaba qatsaq, həcc xərclərinin kəllə-çərxə çıxdığını anlaya bilərik.

Fəqət bir başqa məsələ də var. Bəllidir ki, din və elm tarix boyu bir-biriylə rəqabətə girib. Biri güclənən kimi digərini zəiflətməyə çalışır. Yüzillərlə davam edən bu rəqabət Qərbdə qanlı inkvizisiya məhkəmələri,  Şərqdə Nəsimilərin, Həllac Mənsurların edamı ilə müşaiyyət olunub. Bəzən isə elm din üzərində hegemoniya qurub. Materialist dünya görüşü dindarları sıxışdırıb, repressiyalara məruz qoyub. Cəmiyyət isə bu iki düşüncə sistemindən təcrid olunaraq yaşaya bilməz. Elmsizlik cəmiyyəti cəhalət qaranlığına, dinsizlik isə əxlaqsızlığa,  ən müxtəlif cinayətlərə sürükləyə bilər. Odur ki, dövlətlər bu iki rəqibi bərabər səviyyədə tutmağı bacarmalı, hər ikisinin inkişafına kapital qoyuluşunu təmin etməlidir.

Müqəddəs ehkamlar və insanların fitrətindən gələn iman duyğusu dinin maliyyələşməsinə zəmin yaradır. Elm müsəssisələri barədə isə eyni sözləri demək mümkün deyil. O halda sual yaranır: Bəs, Azərbaycan dövləti hər il elmə nə qədər pul xərcləyir?

Gəlin, 2018-ci ilin dövlət büdcəsinə nəzər salaq.

2018-ci ilin dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsait 128, 1 milyon manatdır. Yəni təkcə həccə gedib-gəlməyimizin 10%-ə qədəri. Gələcək illərdə bizə ayrılan həcc kvotası artdıqca elmlə din xərcləri arasındakı fərq də tədricən azalacaq. Və bəlkə də həcc xərcləri elm xərclərini geridə qoyacaq.

Düzdür, dövlət hesabatlarında elmə ayrılan vəsaitlərin hər il artdığı qeyd olunur. Amma bu, nəzəri olaraq belədir. Hökumət büdcə layihələrində azalmaları yox, artımları qabartdığından həmişə bizə elə gəlir ki, elm büdcəmiz şişir. Dərindən analiz edəndə isə tamamilə fərqli tablolar ortaya çıxır. Məsələn, bu ilin büdcə layihəsinə görə, ötən illə müqayisədə elmi xərcləmələr hardasa 10% artıb. 2014-cü illə müqayisədə isə xeyli azalmalar müşahidə olunur. Belə ki, 2014-cü ildə elmə 147 milyon manat vəsait ayrılmışdı. Bu il isə 128 milyon. Hardasa 20 milyon manat az. Bir də bu vəsaitləri dollarla hesablasaq, fərq daha da böyüyər.

148 / 0.8 = 185 $ (milyon)

128 / 1.7 = 75.3 $ (milyon)

Fərq hardasa 110 milyon dollar edər – builki elm büdcəmizin 50%-i qədər.

Sözsüz ki, elmə ayrıdığımız qayğının bu qədər azalmasında 2015-ci ildə yaşadığımız ağır devalivasiyanın da mühüm rolu var. Təxminlərə görə, Azərbaycan növbəti devalivasiyaya hazırlaşır. Bu iqtisadi çöküşdən də eyni nəticələr hasil olsa, elmin beli tamamilə qırıla bilər. Həcc ziyarətləri isə dollar hesabına başa gəldiyindən eyni təhlükənin zəvvar turizminə heç bir aidiyyəti yoxdur.

Yəqin ki, bir çoxlarımız “Azərbaycanda “elmi işlər” deyiləndə əsasən mənasız siyasi araşdırmalar nəzərdə tutulduğundan bu sahəyə ayrılan vəsait var-dövlətimizin göyə sovrulmasıdır” və həcc ziyarətinə xərclənən pullar daha faydalıdır”, deyəcəyik. Ola bilər.

O zaman gəlin, elmi mərkəzlərdə tikilməsi nəzərdə tutulan labaratoriyalara və alınması planlaşdırılan araşdırma avadanlıqlarına ayrılan vəsaitləri gözdən keçirək. Büdcə layihəsində konkret bu adda bəhs olmasa da, elm xərclərində maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı bənd var. Həmin bəndə əsasən, bu məqsəd üçün 5, 4 milyon manat vəsait nəzərdə tutulub. Həccə xərclədiyimizin yarısı qədər.

Müasir çağımızda iqtisadi inkişafın elmi tərəqqidən keçdiyini nəzərə alsaq, həcc xərclərinin yarısı qədər elm büdcəsiylə gələcəyə yürüyürük. O gələcəkdə bizi nələrin gözləyir? - demək çətindir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 543          Tarix: 24-08-2018, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma