Xəbər lenti
27-11-2024, 19:25

 

Azərbaycanda hər şey üzrə eskpert bolluğu var. Əli və sözü hansısa mətbu orqana çatan hər kəs özünü ekspert kimi hiss edir, dünyada və ətrafımızda baş verən hadisələr barədə müxtəlif fikirlər yürüdürlər. Di gəl ki, bu qədər ekspertin birinin səsi Biləcəridən o tərəfə gedib çıxmır.

Halbuki, heç uzağa getməyək, qonşu dövlətlərin – əl boyda olan Ermənistan və Gürcüstanın ən müxtəlif ekspertlərinin fikirləri həm Rusiya, həm Türkiyə mətbuatında tez-tez işıqlandırılır. Bölgədə baş verən istənilən hadisəylə bağlı rəylər soruşulanda xarici jurnalistlərin istinad etdiyi informasiya qaynağı məhz onlar olurlar. Bizimkilər isə hətta məddahı olduqları xarici dövlətlərin də diqqətini cəlb etmirlər. Bu da istər-istəməz Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyət qarşısında kifayət qədər işıqlandırılmamasına səbəb olur.

Yeri gəlmişkən, onu da vurğulayaq ki, bizim “milli ekspertlər” hakimiyyətdəki müəyyən qrupların himayəsi altında fəaliyyət göstərir, hər cür maddi texniki bazayla təmin olunurlar. Amma yeri gələndə öz dövlətimizin maraqlarını xarici ölkələrdə təmsil etməli olduqları halda, əksinə, heyranlıq duyduqları ölkələrin Azərbaycandakı könüllü müdafiəçilərinə çevrilirlər. Bunu deyərkən, heç də kimisə “5 kolon”luqda ittiham etmək fikrində deyilik. Sadəcə Azərbaycan hakimiyyətinin “ekspert yetişdirmə” sahəsində də başarılı ola bilmədiyini vurğulamaq istəyirik.

Qeyd edək ki, mətbuat nümayəndəsi kimi bizi narahat edən bu məsələ diqqətli oxucuların da nəzərindən yayınmır. Heç bir ekspertliyə, siyasi xadimliyə iddia etməyən, ölkədə və dünyada baş verənləri izləməklə kifayətlənən Eldəniz Cəfərli adlı vətəndaşın facebook səhifəsində paylaşdığı status da bu fikri təsdiqləyir. Maraqlı olduğunu nəzərə alıb statusu Ovqat.com oxucularına təqdim edirik:

  

“Azərbaycanda düşüncə toplumu yetişmədiyindən, professional elmi yanaşmalar olmadıgından hər şeyimiz kimi siyasi düşüncəmiz də diletant səviyyəsindədir. Həm "siyasi ekspertlər”in, həm partiya funksionerlərinin çoxunda əsasən beynəlxalq situasiyanın analizində reallıqdan çox tərəfkeşlik əsas rol oynayır. Elə bil ki, futbol komandasına azarkeşlik edirlər. Azərbaycanpərəstlikdən çox amerikapərəstlik, iranpərəstlik, ruspərəstlik absurd səviyyəyə gəlib. Türkiyədəki məsələlərə hətta daxili siyasətimiz kimi baxırlar.

 Qatı ərdogançılar və antiərdogançılar bir birlərinə qılınc çəkib az qala vətəndaş müharibəsi edəcəklər Azərbaycanda. Bunlara görə, tutduqları ölkə harda olursa olsun, 100 % haqlıdırlar və Onları tənqid etmək olmaz. Amerikanı tənqid etsən avtomatik olursan ruspərəst ya iranpərəst. İranı tənqid etsən olursan amerikan uşağı. Həqiqət önəmli deyil, əsas ölkə tutmaqdır.

Adi vətəndaşları hardasa başa düşmək olar. Bu absurd siyasi ekspert və siyasilərdə də eyni səviyyədədir.

Əslində səbəbləri aydındır. Ölkədə azad siyasi mühit yoxdur. Hər kəs siyasi müstəvidə görünməyən əl tərəfindən idarə edilir. Hakimiyyət də burda maraqlıdır, müəyyən xarici strukturlar da. Narazı elektoratın da nəzarət altına alınması, dişsiz hala gətirilməsi üçün dərin işlər görünür.

Gəncə hadisələrindən sonra bu problem daha da  aktuallaşdı. 2005-ci ildən sonra yaranan ideoloji dagınıqlığı toparlamağa başladılar”.




Ana səhifəyə qayıt        Baxış: 831          Tarix: 28-08-2018, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma