Xəbər lenti

 

Nail Əhməd: “Polşa universitetlərindəki erməni müəllimlər bizim tələbələrə süni problemlər yaradır”

Xaricdə yaşayan azərbaycanlılar, onların diaspor sahəsində uğurları, gördükləri işlər hər zaman yerli mediada müzakirə mövzusu olub. Bu günlərdə Polşada Azərbaycan Gənclər Şurasının sədri Nail Əhməd “Yeni Müsavat” Media Qrupunun qonağı olub. N.Əhməd bizimlə söhbətində Polşada yaşayan azərbaycanlılar, onların yaşamı, qarşılaşdıqları problemlərlə bağlı danışıb.

Musavat.com müsahibəni təqdim edir.

Müsahibimiz öncə Polşada yaşayan azərbaycanlıların sayı ilə bağlı sualı cavablayıb:

- Digər Avropa ölkələri ilə müqayisədə Polşada yaşayan azərbaycanlıların sayı azdır. İllər öncə deyə bilərdik ki, tələbələr çoxluq təşkil edir. Elə indi də çoxluq təşkil edir. Amma bununla paralel, işçilər tələbələrdən qat-qat çoxdur. Bunun da səbəbi Polşada əmək miqrantlarına olan ehtiyacdır. Hər bir halda bizim çoxalmağımız güclənməyimizə gətirib çıxarır.

- Tələbələr üçün Polşa hansı üstünlükləri verir, nə kimi fərqli şərtləri var? Təhsil baxımdan Polşanın digər Avropa ölkələrindən fərqi nədədir?

- Bu barədə mən daha uzun danışa bilərəm. Çünki mən özüm də Polşada təhsil almışam illər öncə. Polşa nəyə görə tələbələrin seçim marağındadır? Çünki Polşada digər Avropa ölkələrinə nisbətən təhsil haqqı azdır, yaşam xərcləri çox ucuzdur.  Bundan başqa, kifayət qədər güclü təhsil verən bir ölkədir. Bilirik ki, Avropanın ən qədim universitetlərindən biri olan Yaqulen Universiteti Polşanın Krakov şəhərində yerləşir. Bu baxımdan Polşada, xaricdə təhsil almaq istəyən gənclərə Polşa daha çox qapı açmaqda, həm də daha uyğun olmaqdadır. Həm maddi məsələdə, həm də Polşanın dövlət olaraq Azərbaycana, polyakların azərbaycanlılara münasibətində xeyli müsbət cəhətlər var. Hər bir halda Polşa xaricdə təhsil almaq istəyən gənclərin bir unikal variantı kimi seçilib.

diaspora (2).JPG (6.16 MB)

- Bir az detallara keçək istəyirsizsə. Polşada yaşam xərcləri necədir? Bir polyaka, eləcə də oxumağa gələn tələbəyə, işçi miqranta yaşamaq üçün nə qədər aylıq vəsait lazımdır?

- Bir azərbaycanlı tələbə üçün 350 avro kifayətdir. Burda söhbət təkcə bir aylıq yaşam xərclərindən gedir. 24 sentyabrda bizim Polşanın təhsil naziri ilə görüşümüz var. Bu görüşdə biz bir neçə məqam barədə müzakirə aparacağıq. Polşa universitetində erməni müəllimlər də çalışırlar. Onlar azərbaycanlı tələbələrə imtahan zamanı, eləcə də diplom işi müdafiəsində hansısa formada, dolayısı ilə də olsa mane olmağa çalışırlar, problem yaradırlar. Biz bunu dəfələrlə müşahidə etmişik. Polşadakı azərbaycanlı tələbələrə burs – güzəştli təqaüd ayırmaqla bağlı bizim görüşümüz var. Yəqin ki, bu görüşdə biz bir növ çalışacağıq ki, universitetlərə hansısa formada təzyiq olunsun ki, orada azərbaycanlı tələbələrə endirimlər edilsin. Polşada illik ödəniş haqqı 2500 avro olan universitet də var, 5 min avro olan universitet də... İstənilən tələbə, istənilən şərtlər daxilində o universitetlərə daxil ola bilər. Dediyim şərtlər daxilində, maddi kontekstdə də həyat şəraitini təmin edə bilər.

- Bəs sıravi vətəndaşlar üçün orta aylıq xərclər nə qədərdir?

- Mənim üçün o anlayış fərqlidir. Daha yüksək məvacib alanda həyat standartları yüksək olur. Aşağı məvacib alanda isə standartları aşağı düşür.

- Az öncə erməni müəllimlərin azərbaycanlı tələbələrə yaratdığı süni maneələr barədə danışdız. Polşada ermənilərin sayı, aktivlik dərəcəsi barədə nə deyə bilərsiz? Onlar Polşada da bir sıra Avropa ölkələrində olduğu kimi bəzi sahələri zəbt ediblər, nüfuza sahibdilər?

- 250 min erməni kökənli insan var. Bunlar da getdikcə çoxalıb. Onların daha çox təhsil, səhiyyə, dövlət orqanlarında çalışır, burda kök atırlar. Əksəriyyəti isə biznes sahəsində təmsil  olunur. Düzdür, onlar azərbaycanlılar kimi doğru-düzgün xətlə getmirlər və daha çox başqa variantlardan istifadə edirlər. Onlar say etibarilə çox olsalar da, hesab edirəm ki, Polşadakı azərbaycanlılar olaraq əlimizdən gələn qədər onlara cavab vermək gücündəyik.

diaspora (3).JPG (112 KB)

- Zaman-zaman azərbaycanlılarla ermənilər arasında Polşada qarşıdurma yaşanırmı?

- Onlar bizim səfirliyin qabağında dəfələrlə aksiya keçiriblər. Biz onların səfirliyinin qabağında aksiyalar keçirmişik. Amma heç bir qarşıdurma olmayıb.

- Sizin bəzi kreativ mübarizə üsullarınız barədə də zaman-zaman mediada xəbərlər yayılıb. Bunlardan biri də Polşadan Qarabağa təşkil edilən turist səfərlərinin qarşısını almanızdır. Bu olayın detalları barədə məlumat verə bilərsizmi?

- Bir müddət öncə Polşadakı məşhur turizm şirkətlərindən biri Qarabağa tur təşkil etdi. 245 nəfərli turda yazılır ki, haralar gəziləcək, hansı yerlərə gediləcək. Biz bu şirkətin Facebook, Tvitter səhifələrinə şikayət etdik, Polşanın Bakıdakı səfirliyinə, Polşadakı Azərbaycan səfirliyinə bu barədə məlumat verdim. 48 saat ərzində biz o turu ləğv etməyə nail olduq. Onlar bizim o təzyiqlərdən o qədər narahat oldular ki, bizim səfirliyə email vasitəsilə müraciət etdilər. Müraciətdə də yazdılar ki, biz azərbaycanlıların etiraz və təzyiqi nəticəsində o turu ləğv etdik. Çünki biz qətnamələri çıxarmışdıq, etirazımızı hüquqi yollarla da əsaslandırmışdıq. Çox rahat şəkildə də o turu ləğv etdirdik. Bundan sonra kimlərsə yenə eyni addımı atmağa çalışanda biz buna etirazımızı bildiririk.

- Ümumiyyətlə, Polşada Dağlıq Qarabağa turlar tez-tezmi təşkil olunur? Çoxmu populyardır bu turlar?

- Təbii ki, biz bu məsələyə bir az boş yanaşsaq, bu turlar da yayılacaq, populyarlaşacaq. Zamanında o məsələnin üstünə düşməsəydik, o gedən 250 nəfər turistin hər biri özündən sonra 1-2 nəfər əlavə turist göndərəcəkdi. Bu da böyük saydır. Çalışdığımız qədər icazə vermirik ki, Qarabağa belə səfərlər təşkil olunsun. Qarabağ bizim tarixi torpaqlarımızdır. Bu baxımdan bu cür səfərlərin təşklinə etiraz etmək bizim vətəndaşlıq borcumuzdur.

diaspora (1).JPG (100 KB)

- Nail bəy, sentyabrın 27-də Polşada Azərbaycan Gənclər Şurasının konfransı olacaq. Bu konfrans özündə nəyi ehtiva edir?

- İndiyədək bizim Polşada fəaliyyətimiz tanınan və görünən olub. Yürüşlərdən, askiyalardan əlavə, rəsmi qurumlarla görüşlərimiz, həyata keçirdiyimiz işlər də olub. Bir müddət öncə bizim Varşavada ATƏT-in ofisində görüşümüz olub. Onların Azərbaycandakı seçkilərlə bağlı hesabatına etiraz etdik və ortaya arqumentlər qoyduq ki, siz necə olur Ermənistanda keçirilən seçkilərə münasibətiniz pozitiv olduğu halda, Azərbaycandakı seçkilərə haqsızlıq edirsiz? Halbuki erməni xalqı sizin dəstəklədiyiniz seçki nəticəsində seçilən prezidentinə artıq etiraz edir, amma Azərbaycanda vəziyyət stabildir. Bu arqumentləri ortaya qoyduq. Onlar da birmənalı şəkildə ortaya əks arqument qoya bilmədilər.

- Gənclərimiz Polşada diaspor fəaliyyətində nə qədər aktivdirlər?

- Diaspor təşkilatı bir qığılcım rolunu oynayır. Orada azərbaycanlılar var. Sadəcə onları bir növ məsələdən agah eləmək və cərəyana qoşmaq lazımdır. Bir olmağımızı göstəmək lazımdır. Bizim o hesabat konfransımızda indiyə qədər etdiyimiz və edəcəyimiz işlıər haqda strategiyamızı deyəcəyik. Biz gənc olduğumuz üşün ideyalarımız çoxdur. Qaynar xətt yaradacağıq ki, Polşada olan azərbaycanlılar istənilən an, problemləri yaranarsa müraciət etsinlər. Bundan başqa, iki hüquqşünasımız var ki, onlara da həmin an yaxınlaşa bilərlər. Bu haqda bizim internet səhifəmizdə də məlumat veriləcək. Onlar həmin hüquqşünaslardan oturum,dövlət orqanları, digər hüquq məsələləri ilə bağlı məsləhətlər, hüquqi yardım  ala bilərlər.

diaspora (4).JPG (109 KB)

- Polşadakı azərbaycanlıların inteqrasiyası necədir? O sahədə hər hansı problem yaşanır?

- Əgər dil bilirsizsə, inteqrasiyada problem olmur. Amma bundan öncə Polşadakı azərbaycanlı gənclərə polyak dili kursları keçmişik. Səfirliyimiz tərəfindən bizə yer ayrılıb, dəstək verilib. Mənə elə gəlir ki, bunu təkrarlamaq lazımdır. Əks halda dil tramplinini keçməkdə problem yaşana bilər. Bu yöndə maksimum dərəcədə çalışırıq ki, işlər görülsün. Mənim fikrimcə, gənclərdə inteqrasiya problemi hələ də qalır, bunu çözmək lazımdır.

- Diaspora təşkilatı olaraq Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə münasibətləriniz necədir? Yeni təyin olunan komitə rəhbəri ilə artıq görüşlər keçirmisizmi? Nə kimi yeni layihələriniz var?

- Komitə əməkdaşları, eləcə də rəhbərliyi ilə görüşlərimiz olub. Onların bizim, bizimsə onlar haqqında məlumatlarımız var. Onlar da bizim barəmizdə ciddi və müsbət rəyə malikdilər. Düşünürəm ki, indən sonra komitə ilə əməli işlər görəcəyik. Diaspora sahəsinin inkişafı ilə bağlı ciddi işlər görülür. Əminəm ki, bürokratik əngəllər olmayacaq. Çünki əngəllər olanda işlər də axsayır. Hər bir halda, arada razılaşma var, fəaliyyətlərini də izləyirik. Əminəm ki, istənilən səviyyədə diaporamız güclənəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 716          Tarix: 24-09-2018, 20:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma