ABŞ-ın 350 illik mövcudluq tarixində istefaya göndərilmiş yalnız bir prezident var – Riçard Nikson. 1953-cü ildən 1961-ci ilə qədər vitse-prezident, 1969-cu ildən 1974-cü ilə qədər prezident vəzifələrini icra edən bu təcrübəli siyasətçi bir səhvinin güdazına getmişdir – rəqibini dinləmək cəhdinin.
Belə ki, Riçard Nikson 1972-ci ildə Kuba kökənli 5 oğrunun xidmətindən yararlanaraq, Watergate (Uotergeyt) adlı iş ofisi binasındakı Demokrat Partiyasının Mərkəzi qərargahına səsdinləmə cihazı yerləşmək istəmiş, “oğrular” iş başında yaxalanınca cinayətin əsl mahiyyəti ortaya çıxmışdı. 1972-ci il seçkilərindən 4.5 ay qabaq gerçəkləşən bu skandal əvvəl adi bir oğurluq hadisəsi kimi qiymətləndirildiyindən ABŞ-ın ən təcrübəli siyasilərindən olan Nikson qəbahətini ört-basdır etməyi bacararaq seçkilərə qatılmış və böyük səs çoxluğu ilə prezidentlik kürsüsünü əldə saxlamışdır. O, əldə etdiyi bu zəfərlə ABŞ tarixinin ən güclü siyasi liderlərindən biri kimi adını tarixə də yazdıra bilərdi. Di gəl ki, ilk prezidentlik dövründə yol verdiyi səhv Riçard Niksonu bitirdi. Çünki o öz səhvini digər bir səhvlə kompensasiya etməyə çalışırdı. “Watergate” skandalını adi bir oğurluq hadisəsi kimi sənədləşdirmək istəyir, bunun üçün skandalın təhqiqatını aparan müstəntiq Arxibald Koksu (Archibald Cox) vəzifəsindən uzaqlaşdırmaq və özünə yaxın birisini onun yerinə gətirmək niyyətində idi. ABŞ-ın Ədalət naziri Elliot Riçardson (Elliot Richardson) isə bu cəhdi rədd edincə, Niksonun özü istefaya getmək məcburiyyətində qalmışdı. Beləcə, ikinci dəfə prezidentlik müddətinin yarısını belə, tamamlamadan siyasi həyatına son qoymuşdu.
Halbuki, öz səhvilə siyasi intihar edən Niksonun aktivində istənilən siyasətçinin hakimiyyət olimpinə daşıyacaq və son ana qədər postda tutacaq xeyli uğurlar var idi. ABŞ-ın 37-cı prezidenti ölkəni ağır məğlubiyyətə sürükləyən Vyetnam savaşına son qoymuş, Moskva ilə nüvə silahlarının məhdudlaşdırılması müqaviləsini imzalamış, Pekinlə münasibətləri düzəldərək, dünyanın qorxulu röyasına çevrilən sovet təhlükəsini parçalamış və beləcə üzərindən bir neçə il keçdikdən sonra yaşanacaq SSRİ-nin çöküşü prosesini sürətləndirmişdi. Bütün bu uğurlarının nəticəsində ABŞ ictimaiyyəti də ona öz böyük rəğbətini əsirgəməmişdir. Təsadüfi deyil ki, 1972-ci il seçkilərində rəqibi Corc Mak-Governə (George McGovern) rahatlıqla qalib gəlmişdi. Amma bütün bu uğurlarına baxmayaraq, ABŞ ictimaiyyəti Niksona səhvini bağışlamamış, onun istefaya getməsinin önü açılmışdır.
ABŞ tarixinə Uotergeyt skandalının ağır nəticəsi kimi düşən bu istefa onu göstərir ki, rəqibinin özəlinə burun soxmaq demokratik mədəniyyətin əsla bağışlamayacağı bir günahdır.
Bu gün Azərbaycanda bəzi qüvvələr ölkəmizə demokratik mədəniyyət gətirmək iddiası ilə yola çıxıblar. Avropada məskunlaşan bu adamlar daşlara, divarlara “qum saatı” rəsmləri çəkməyi təklif edə-edə xalqımızın tarixi yaddaşına Qərb mədəniyyətini həkk etmək istəyirlər. Cəmiyyətimizi mədəni ənənələrimizdən uzaqlaşdırmağa çalışır, ağsaqqal-qarasaqqal tanımır, hacca getməklə yalançılığı eyniləşdirə-eyniləşdirə, oxuduqları 3-5 səhifəni gözümüzə soxa-soxa təlqin etdikləri Qərb demokratik ənənələrinə isə heç özləri də ayaq uydurmaq fikirlərində deyillər. Bunun ən bariz misalı Qurban Məmmədovla Vidadi İsgəndərlinin arasında gedən telefon danışıqlarınn konteksdən çıxararaq ictimailəşdirilməsidir. Bunu edən adamlar anlamırlar ki, istənilən missiya daşıyıcıları xalqa sırıdıqları mənəvi dəyərlərə, davranışlara ilk öncə öncə özləri uymalıdırlar. Əks halda, təbliğ edilən dəyərlərin cəmiyyətin nəzdində zərrə qədər də qiyməti qalmaz.
Hardasa, 50 il bundan əvvəl ABŞ-ın siyasi həyatında dərin iz buraxan və sonrakı bütün prezidentlərin ən böyük ibrət dərsinə çevrilən Nikson qalmaqalında məqsəd sadəcə rəqibi dinləmək və planlarından xəbər tutmaq idi. Riçard Nikson Demokrat Partiyasının qərargahında qeydə alınacaq səs yazılarını ictimailəşdirməyi bəlkə ağlının ucundan da keçirməmişdi. Bizim mədəniyyət müjdəçiləri isə kiminsə özəlinə burun soxmaları azmış kimi, həm də onu ictimaiyyətə də sızdırırlar. Özü də konteksdən çıxarılmış şəkildə, təhrif olunaraq. Beləcə, Niksonla müqayisədə qat-qat artıq günaha, cinayətə bulaşırlar, amma özlərində cəsarət tapıb nəinki siyasi fəaliyyətlərinə son qoymaq düşünmür, hətta Allahın adi bir üzrxahlığını belə etmirlər. Üstəlik, özlərindən müştəbeh halda, kimlərinsə bunların “qum saatı” ideyası ilə siyasətə gəldiklərini, tanındıqlarını irəli sürürlər. Sahil qırağındakı qum təpəcikləri kimi kiçik bir dalğaya dayana bilməyən bu ideyalarının cəmiyyətimizdə zərrə qədər ilgi oyandırmağının isə fərqində deyillər. Şəxsən paytaxtda yaşayan bir insan kimi deyə bilərəm ki, mən bu “qum saatı” simvoluna cəmi 3 yerdə rast gəlmişəm. O yerlər isə gözdən uzaq, könüldən iraq məkanlardır. “Qum saatı” ideyasının müəllifləri hələ də anlamırlar ki, təklif etdikləri simvolların sayı onların saatlarla video-çıxışlarının sayından belə azdır. Hər çıxış bir simvolun daşa-divara çəkilməsinə yol açmırsa, deməli, onun cəmiyyət tərəfindən mənimsənilməsindən söhbət gedə bilməz. Bu qorxaq təşəbbüslərin nə zaman nəticə verəcəyini gözləmək isə mənasız vaxt itkisindən başqa bir şey deyil.
Azərbaycansayağı Uotergeyt skandalında ortaya çıxan ən mühüm nəticələrdən biri də ölkəmizdəki demokratik qüvvələrin şantaj və qeyri-əxlaqi yolla bir-birini sıradan çıxarmaq üçün qurd kimi ağız-ağıza dayanmasıdır. Eyni səngərdə çiyin-çiyinə dayanmış insanların yanındakılara silahdaş, sirdaş kimi baxmaması, əksinə bir-birinin səhvini ifşa etmək üçün marıqda dayanması demokratik mübarizənin ən böyük çatışmazlığıdır. Sözsüz ki, bu psixoloji mühitin, etibarsızlıq abu-havasının yaranmasında Azərbaycan hakimiyyətinin aramıza saldığı agentlərin də mühüm rolu olmuşdur. Dəfələrlə müxtəlif liderlərin yaxın ətraflarının xəyanətləri cəmiyyətimizdə “ən yaxın adamına da inanmamaq” vərdişləri yaratmışdır. Fəqət, səbəb nə olursa olsun, bu faktın özü cəmiyyətimizə təlqin edilən düşüncələrin hələ də ictimai arzuya, hədəfə çevrilmədiyindən xəbər verir. Nədən ki, bir ideya cəmiyyət tərəfindən mənimsənilsə, minlərlə, onminlərlə xəfiyyə agentləri ümumxalq mübarizəsinə zərbə vura bilməz. Əksinə, agentlərin özləri insan selinin içərisində əriyib gedər, irəli sürülən mütərəqqi ideyaları hər kəs kimi mənimsəyərlər. Necə ki, milli azadlıq hərəkatı zamanı belə olmuşdu. KQB-nin milli-azadlıq hərəkatı təşkilatlarına yerləşdirdiyi agentlər nəinki kimlərisə öz arxasınca aparıb yolundan sapdıra bilmədilər, tam tərsinə, özləri palaza bürünüb ellə süründülər.
Xaricdə oturub millətə cəsarət dərsi keçən, ibtidai sinif uşağı kimi divarlara, daşlara rəsmlər çəkdirməyə çalışan bu anlayışın xalq arasında kifayət qədər tərəfdar bulmaması iki ehtimalı ağla gətirir: ya cəmiyyətimiz bizə təbliğ edilən ideyalara inanmır, ya da indiki kimi yaşamağa daha üstünlük verirlər. Hər iki ehtimaldan çıxaracağımız nəticələr isə bunlardır: ya bizim ideyalar cəmiyyətimizin ruhuna uyğun deyil və biz ilk öncə həmin ideyaları toplumumuzun ruhuna uyğunlaşdırmalı, ya da vətəndaşlarımızın qazandığı acı təcrübələrdən nəticə çıxarıb dəyişiklik istəməsini gözləməliyik.
Qərb ideyalarını cəmiyyətimizə təlqin etmək istəyən bu insanların Qurban Məmmədovun səsyazılarını yaymasının isə bir adı var – şantaj. Hansı ki, bir zamanlar Azərbaycan hakimiyyəti eyni metoddan jurnalist Xədicə İsmayıla qarşı tətbiq etmiş və böyük ictimai qınaqla qarşılaşmışdı. Hakimiyyəti qınayanlar arasında bu gün şantajçı ideoloqları dəstəkləyən demokratik qüvvələr də var idi. Bəs indi dəyişilən nədir? Hər hansı hərəkətin başqaları tərəfindən edilməsini süngüylə qarşılarkən, özümüz tərəfindən həyata keçirilməsinə bəh-bəh deyiriksə, deməli, hadisəyə yanaşmamızda problem var. “Biz ki deyilik rəiyyət, bizlərə nə şəriət” anlayışı qətiyyən demokratik əxlaqla bir araya sığmır.
Heydər Oğuz
Ovqat.com
Paylaş: