Azərbaycan-Ermənistan gərginliyinin getdikcə artdığı zamanlarda gözlərimiz Rusiya-Türkiyə münasibətlərinə dikilir. Nədən ki, Ermənistanın arxasında Rusiyanın dayandığı, deputat Qüdrət Həsənquliyevin təbirincə desək, bizim əslində Ermənistan-Rusiya qüvvələrinə qarşı döyüşəcəyimiz ehtimalı ortaya çıxır. Rusiyanın bu konfliktdə tərəfsizliyinin təmin olunması isə Moskva-Ankara əlaqələrindən asılıdır (Kremlin Türkiyəyə təzyiq etmək üçün zaman-zaman Dağlıq Qarabağ kartından da istifadə etdiyi sirr deyil).
Son zamanlar Paşinyan hakimiyyətinin müharibə ritorikasını mənimsəməsi Rusiya-Türkiyə münasibətləri ilə bağlı ola bilərmi? Cənubi Qafqazda havadan müharibə qoxusunun gəldiyi hazırkı dövrdə region dövlətlərinin Tehranda keçirilən sammitində Rusiya prezidenti Putinin Türkiyəli həmkarı Ərdoğanla mübahisəsi həqiqətən də qonşularımız arasında sərin küləklərin əsdiyindən xəbər verir. Bəs, görəsən, 2015-ci ilin 15 iyul çevriliş cəhdindən sonra xeyli yaxınlaşan iki qonşu arasında çıxan yeni anlaşmazlıqların səbəbi nədir?
Türkiyənin ən informasiyalı analitiklərindən olan Prof. Dr. Həsən Köninin “Milliyet” qəzetinə verdiyi müsahibə bu suala qısmən aydınlıq gətirir.
Müsahibəni Ovqat.com oxucularına təqdim edirik:
ABŞ TÜRKİYƏNİ YUMŞALTMAQ İSTƏYİR
-Suriyada NATO çətiri göstərən xəritə nədən yayınladı?
-ABŞ, Menbiçdə neft nəqli və hərbi təlimlər məsələsində birlikdə hərəkət etdiyimizi vurğulayır. Regionun öz hegemoniyasında deyil, NATO çətiri altında olduğu tezisi ilə Türkiyəni yumşaltmaq istəyir. Xəritə üzərindən Rusiya, İran, Suriya hədəf göstərilir. Türkiyənin xarici siyasətdəki cilvəli mövqeyi və Rusiyaya yaxınlaşması, ABŞ-ın "Şimali Suriyada biz deyil, NATO var” ritorikasının doğmasına yol açdı. Rusiyaya yaxınlaşmaq ABŞ-ı bu mənada ritorika dəyişikliyinə yönəltmiş oldu. Xəritənin bizim üçün çətinlik yaradacaq hissəsi, YPG-PKK-nın NATO formatı altında legal görünüşə büründürülmesinin tələb olunmasıdır.
-Ruslar bundan narahat olmayacaq?
-Nə qədər yaxın olsaq da, Rusiya bizi Şimali Suriyada işğalçı kimi görür. Ruslar ABŞ-la birgə neftaxtarma fəaliyyətlərimizdən narahatdır. Rusiya Türkiyənin ABŞ-la yaxınlaşmağa çalışdığının fərqindədir, ancaq Türkiyəni itirmək istəmir.
Türkiyənin iqtisadi sahədə sıxışması ABŞ və Almaniyaya yaxınlaşmasına səbəb oldu. Bu gedişlərə məcbur olduğumuzu anlayırlar. İşin ən başına dönərsək, əslində ABŞ Əsədin getməsini istəyən, "Müsəlman Qardaşları”na gizli dəstək verən mövqedə idi.
BÖHRANLA BAĞLI HƏR HANSI İŞARƏ YOXDUR
-Rusiya ilə yeni gərginlik yaşanır, yoxsa?
-Türkiyə geosiyasi əhəmiyyəti olan ölkədir. Ruslar Boğazlardan gəmilərini keçirərək, Suriya və Yaxın Şərqdəki dəniz gücü formalaşdırmaqla ayaqda dayanır. Ancaq Rusların da bizə qarşı əli güclüdür. Turizm, tekstil və Türkiyədən edilən ixracatlar iqtisadi mənada bizim ölkəmizə əlavə dəyər yaradır. Burada həlledici məsələ Ərdoğanın Putinlə nə danışdığıdır. Bu söhbətin detallarını bilmirik. Suriyadakı radikal dini təşkilatlar məsələsində iki lider arasında razılığın detalları gün üzünə çıxmış deyil. Türk-rus böhranına dair hər hansı bir işarə yoxdur. Orta və uzaq perspektivdə nə olacağı bilinmir".
Paylaş: