Xəbər lenti
  
“Bizim döyüşməkdən başqa çarəmiz yoxdur. Ona görə ki, özümüzə əminik, inatçıyıq, qərarlıyıq”.
Ovqat.com xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Xorvatiyanın “Veçerniy List” qəzetinə müsahibəsində deyib.
Əsəd əks halda ölkəsinin məğlubiyyətə uğrayacağını və xəritədən siləcəyini bildirib.
Müsahibənin İdlibdə 100-ə qədər insanın ölümünə, yüzlərlə vətəndaşın yaralanmasına səbəb olan kimyəvi bomba hücumundan sonra dərc olunması Dəməşqin Qərbə verilmiş mesajı kimi qəbul edilə bilər. Xatırladaq ki, bir neçə gün öncə İdlib vilayətinin Xan Şeyhun qəsəbəsinə atılmış kimyəvi bomba dünyada sərt reaksiya ilə qarşılanıb. Fransa məsələni BMT TŞ-na daşıdı, ABŞ-ın bu qurumdakı səfiri Nikki Haley toplantıda Rusiya və Suriyanın əleyhinə olduqca sərt çıxış edib. Məlumata görə, səfir çıxışında BMT TŞ-nın qərarı olmasa belə, ABŞ-ın təkbaşına Suriyaya hərbi əməliyyata başlayacağına eyham vurub.
Səfirin çıxışını ABŞ-nın yeni prezidenti Donald Trampın məsələylə bağlı açıqlamaları da dəstəkləyir. Bu vaxtadək Suriya məsələsində yumşaq tövrüylə seçilən Trampın İdlib qətliamından sonra əsib coşduğu müşahidə olunur. O, Suriyanın artıq əndazəni aşdığını bildirərək, “Əsəd rejiminin insanlığa qarşı bu iyrənc əməllərinə göz yummayacaqlarını” deyib.
Avropa ölkələri də hadisəyə kifayət qədər sərt münasibət bildiriblər.
Dünya dövlətlərinin bu ortaq mövqeyi 2001-ci ildə Əfqanıstana qarşı həyata keçirilən ortaq hərbi əməliyyat zamanı yaranmış situasiyanı xatırladır. Yeganə fərq Rusiyanın BMT TŞ-da Suriyaya qarşı qərarın çıxarılmasına razılıq verməməsidir. Bu da BMT TŞ-nın qərar qəbul etmək imkanlarını məhdudlaşdırır. Buna baxmayaraq, ABŞ-ın BMT TŞ qərarı olmdan İraqa hərbi müdaxilə etmək təcrübəsi var ki, Nikki Haley də məhz buna işarə edir.
ABŞ və müttəfiqlərinin müştərək hücumları təhlükəsilə üz-üzə qalan Bəşər Əsədin “döyüşməkdən başqa çarəmiz yoxdur” deməsi də əslində çarəsizliyinin etirafı kimi səslənir.
Heydər Oğuz
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 433          Tarix: 6-04-2017, 18:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma