Xəbər lenti

 

Kənd təsərrüfatının əsas qaynağı – Münbit torpaqlarımız

II yazı

 Adəm İsmayılov

İnsan oğlunun var olandan bəri əsas məşğuliyyət sahəsi, indiki terminlərlə desək, kənd təsərrüfatı sektoru olub. Əvvəl yığıcılıq və ovçuluqla başlayan həyatda qalma mücadiləsi cəmiyyətin inkişafı ilə istehsalat sahələrə çevrilib, əkinçilik və maldarlıq kimi sektorlar meydana gəlib. Qədim insanlar daha sonra bu iki sektora əsaslanıb emal sahəsini də yaradıblar. Beləcə, kənd təsərrüfatının 3 sektoru ortaya çıxıb: bitkiçilik, heyvandarlıq və emal məhsulları.

Bu gün də dünyanın bütün dövlətlərinin ən önəmli məşğuliyyət sahəsi bu 3 sektordur. Statistik məlumatlara görə, Asiya və Afrika ölkələrində əhalinin 80%-i, ABŞ və digər Qərb dövlətlərində isə ən azı yarısı kənd yerlərində yaşayır və aqrar istehsalla məşğul olur. Sözügedən məlumatlar bir daha təsdiqləyir ki, toplumlar nə qədər inkişaf etsələr də, sənayeləşsələr də, aqrar sektordan asılılıqdan qurtula bilməyəcəklər. Bu da təsadüfi deyil. Çünki kənd təsərrüfatı sektoru insan oğlunun sağlam və ləyaqətli həyatının ən böyük təminatı, rəhnidir. Xüsusilə əhalinin sayının durmadan artdığı, bir sıra inkişaf etməkdə olan ölkələrdə aclıq problemlərinin ortaya çıxdığı indiki zamanda.

Yeri gəlmişkən, qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu (İFAD) və Beynəlxalq Ərzaq Proqramı (BƏP) tərəfindən 2009-cu ildə hazırlanan hesabata görə, dünyada 1 milyard 250 milyon insan aclıq problemindən əziyyət çəkirdi. Bu hesabat açıqlandıqdan sonra Dünya Bankının yardımları ilə bir çox ölkələrdə kənd təsərrüfatının inkişaf layihələri həyata keçirildi, bu da ac insanların sayında xeyli azalmalara səbəb oldu. FAO-nun 2014-ci ildəki hesabatına görə, ac insanların sayı 775.4 milyona düşdü. 2016-ci ildən sonra acların sayında yenidən yüksəlmələr qeydə alındı. 2016-cı ildə 812 milyon, ötən il isə 900 milyon. Mütəxəssislərin bildirdiyinə görə, 2050-ci illərdə bu rəqəm dünya əhalisinin yarısına - 5 milyarda qədər arta bilər.

Dünya aclıq problemlərilə uğraşdığı, ən nüfuzlu beynəlxalq təşkilatların bu məsələni eninə-boyuna müzakirə etdiyi bir zamanda aqrar inkişafın əhəmiyyəti artır və bu sahəyə qoyulan investisiyalar daha qazanclı və cazibədar görünür.

Azərbaycan tarix boyu aqrar ölkə kimi tanınıb. Neft və qaz ehtiyatlarımız kəşf olunandan sonra da ölkəmizin ikinci ən mühüm məşğulluq sahəsi kənd təsərrüfatı olmuşdu. 1918-1920-ci illər arasında mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə belə, ölkəmiz aqrar xarakteri ilə ön plana çıxmışdı. Cümhuriyyət dövrünün statistikalarına nəzər salsaq, görərik ki, ölkəmizdə həmin vaxt iribuynuzlu mal-qaranın sayı 1 milyon, atların sayı 150 min, camışların sayı 300 min, dəvələrin sayı 12 min, qoyunların və keçilərin sayı 1,5 milyon baş olmuşdur. Sovet illərində bir çox iri sənaye müəssisələri tikilməklə yanaşı, Azərbaycanda xüsusilə bitkiçiliyin inkişaf etdirildiyi məlumdur. Bu da pambıqçılıq və taxılçılığın inkişafıyla mümkün olmuşdur.

 

Hazırda da Azərbaycanda neft və qaz sənayesindən sonra ikinci ən mühüm sektor kənd təsərrüfatıdır. Hörmətli Prezidentimiz Cənab İlham Əliyevin səyi nəticəsində aqrar sektor hər il getdikcə daha çox inkişaf edir. Xüsusilə neft böhranlarının yaşandığı, “qara qızıl” hasilatının iqtisadi məsələdən çıxıb yenidən qlobal geopolitik savaş alətinə çevrildiyi son illər ərzində ölkəmizin aqrar inkişaf yoluna daha çox diqqət ayırdığı sirr deyil. Cənab Prezidentin diqqəti sayəsində kənd təsərrüfatında ümumi məhsul istehsalı 2015-ci ildə 4.4%, 2016-cı ildə 4.2%, 2017-ci ildə isə 4% artmışdır. Bu artımın Azərbaycan iqtisadiyyatına müsbət təsiri beynəlxalq qurumların hesabatında da öz əksini tapmışdır. Dünya Bankının Şərqi və Mərkəzi Avropa üzrə hesabatına görə, 2015-ci ildə neftin dünya bazarında qiymətinin ucuzlaması nəticəsində Azərbaycan öz sənayesində yaranan zəifləməni kənd təsərrüfatının inkişafı ilə kompensasiya edə bilib. Hesabatda qeyd olunub ki, 2015-ci ildə kənd təsərrüfatı sahəsindəki 4,4 faiz yüksəliş 38 faizi bu sahədə çalışan ölkə əhalisinin gəlirlərini qoruyub saxlamağa səbəb olub.

Göründüyü kimi, Dünya Bankı Azərbaycan hakimiyyətinin kənd təsərrüfatı strategiyasını beynəlxalq neft böhranında üzləşdiyi aqibətlə əsaslandırır. Halbuki, Azərbaycan prezidenti Cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığı sirr deyil. Onun hələ 2009-cu ildə Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına dair həsr olunmuş iclasında kənd təsərrüfatı üzərində xüsusi dayanması da dediklərimizi təsdiqləyir. Həmin iclasda Cənab prezident demişdir:

“Kənd təsərrüfatının inkişafını təmin edən başqa sahələrə də diqqətimizi əsirgəməməliyik. Bu, həm iqtisadi, həm də sosial baxımdan çox vacib olan sahədir və eyni zamanda, emal müəssisələrinin yaradılmasına xidmət göstərəcəkdir. Azərbaycanda artıq bir neçə yerdə müasir emal müəssisələri yaradılıbdır, bəziləri indi tikilir. Növbəti bir neçə il ərzində biz Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının böyük hissəsini özümüzdə emal edib hazır məhsul kimi ixrac edəcəyik. Elə məhsullar buraxılmalıdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Avropa İttifaqı bazarlarına rahatlıqla çıxa bilsin. Bunun üçün, əlbəttə ki, müəssisələr müəyyən standartlara uyğun olmalıdır. Azərbaycanda son illər ərzində yaradılan emal müəssisələri bu standartlara cavab verir”.

Sözsüz ki, Cənab Prezidentin hələ 9 il əvvəl kənd təsərrüfatı sahəsini Avropa ölkələri ilə rəqabətə dayanacaq səviyyəyə gətirilməsi barədə söylədiyi bu fikirlər təsadüfi deyil. Ölkə rəhbərinin bu inamı ilk növbədə Azərbaycanın aqrar potensialından doğur. Belə ki, Allah bu millətə bərəkətli torpaqlar, mülayim hava şəraiti, bol Günəş işığı, müxtəlif iqlim qurşaqları, su, bir sözlə kənd təsərrüfatının inkişafı üçün hər şey verib. Bizə düşən isə Allahın bəxş etdiyi bu fürsətlərdən maksimum faydalanmaq və nəinki daxili tələbatımızı öz gücümüz sayəsində ödəmək, həm də ixrac potensialımızı artırmaqdır. Ölkəmizin yerləşdiyi coğrafi məkan da buna imkan verir. Ən azı ona görə ki, şimalımızda müxtəlif iqlim qurşaqlarında yetişən qida məhsullarına böyük tələbat duyan Rusiya kimi geniş bazar var.


Azərbaycanın aqrar potensialı və meliorasiya strategiyası


 

Azərbaycanda kənd təsərrüfatı üçün istifadə edilən torpaq sahələri 4227 min hektardır. Bundan əlavə, kənd təsərrüfatına yararlı olmayan bedlend ərazilər, meşəliklər, bataqlıqlar, dağ ətəkləri və s. kimi sahələr də var ki, bütün bunlar ölkəmizin topaq fondunu əmələ gətirir. Azərbaycanın ümumi torpaq fondu 8641.5 min hektardır.

Kənd təsərrüfatına yararlı torpaqların 44%-i əkin sahələrindən və şumlardan, 4%-i çoxillik əkinlərdən, 26%-i biçənək və otlaqlardan ibarətdir. Ölkədə əkin sahələri 1454 min ha sahə tutur. Kənd təsərrüfatında istifadə edilməyən sahələr isə torpaq fondunun 40%-i qədərdir. Bu torpaqların 13%-ni şəxsi həyətyanı torpaqlar, 12,1%-ni meşələr, 2,7%-ni kolluqlar, 0,8%-ni bataqlıqlar, 3,6%-ni su hövzələri, 31,6%-ni digər torpaqlar (yollar, kəndlər, şəhərlər, sənaye obyektləri) təşkil edir. Azərbaycanda adambaşına 1,08 ha torpaq fondu, 0,2 ha əkin sahəsi, 0,6 ha yararlı torpaq sahəsi düşür.

Fəqət bu yerdə onu da vurğulamağa ehtiyac var ki, Azərbaycanın torpaq fondunun 40%-nin əkinə yararsız olduğu ilə bağlı irəli sürülən iddialar nisbidir. Əvvəla, ona görə ki, torpaq sahələrinin yalnız əkinə yararlı hissəsinin kənd təsərrüfatı üçün əhəmiyyətli olduğu fikri həqiqəti ifadə etmir. Çünki bir çox əkinə yararsız torpaqlar maldarlığın əsas yem sahəsidir və Azərbaycanın kənd təsərrüfatının mühüm hissəsini də elə maldarlıq tutur.

İkinci, ona görə ki, elə yararsız torpaq sahələri var ki, xüsusi meliorasiya tədbirləri nəticəsində onları münbitləşdirmək olar. Ölkəmizdə vaxtilə düzgün istifadə edilmədiyindən şoranlaşmış torpaqlar məhz bu kateqoriyaya aiddir və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi şoranlaşmış ərazilərin meliorasiyası istiqamətində müəyyən strategiyalar hazırlayıb həyata keçirməyə çalışır. Bu istiqamətdə başlıca strategiyamız olduqca məhdud su ehtiyatlarımızdan səmərəli istifadədir. Məlum olduğu kimi, ümumi torpaq fondumuzun 50%-ə yaxını əkinə yararlı sahələr olsa da, bu ərazilərin böyük hissəsi rütubətsiz yerlərdə becərilir. Belə vəziyyətdə məhsuldarlığı artırmaq üçün həmin ərazilərin suvarılmasına ehtiyac var. Çətinlik isə ondadır ki, yerüstü su ehtiyatlarımızın 70%-i respublika hüdudlarından kənarda formalaşır. Nəticədə quraqlıq illərində qonşularımız bizə axan çayların suyundan daha çox istifadə etdiklərindən Azərbaycan kəndlisi ciddi əziyyətlər çəkir. Respublikamızın daxilində əsasən yağış sularından və qardan əmələ gələn 30%-lik su ehtiyatımızın da böyük əksəriyyəti aqrar sahələrdə istifadə olunmadan Xəzərə axır. Bir çox torpaq sahələrinin əkinə yararsızlığı da məhz bundan qaynaqlanır. Amma bu problemi həll etmək mümkündür. Bunun üçün əkin sahələrinə su qaynağı olacaq böyük su anbarları tikilməli, yeraltı su qaynaqlarından və suvarmada damcılama metodundan istifadə olunmalıdır. Onu da qeyd edim ki, kənd təsərrüfatı sahələrində artıq bu metoddan uğurla istifadə edilir.

  

Sözsüz ki, digər meliorasiya tədbirlərinə ehtiyac duyan torpaq sahələrimiz də var. Həmin tədbirlər üzərində uzun-uzun dayanmadan qısaca olaraq bunları demək istərdim: Yararsız torpaqların meliorasiyası üçün dünya təcrübəsində 3 metoddan istifadə edilir və hansı metodun tətbiq olunması münbitləşdiriləcək sahənin xarakterindən asılıdır. Bu metodlar aşağıdakılardır:

1)    Su rejimi əlverişli olmayan torpaqların meliorasiyası: Bataqlıq, su basmış torpaqların, həmçinin quru bozqırların, susuz səhra və yarımsəhra sahələrinin meliorasiyası. Bu metod suyun əraziyə verilməsilə həyata keçirilir.

2)    Əlverişli olmayan fiziki-kimyəvi xassələrə malik (şorakətli, şor, ağır gilli, lilli) torpaqların meliorasiyası: Bu qrupa şor torpaqların duzsuzlaşdırılması və şorakətli torpaqların kimyəvi meliorasiyası daxildir.

3)    Suyun və küləyin mexaniki təsirindən eroziyaya uğramış torpaqların meliorasiyası: Su ilə səthi yuyulmuş, həmçinin suyun yarğanlar əmələ gətirdiyi, sürüşmələr törətdiyi, küləyin qum yaratdığı sahələrin bərpası bu qrupa aiddir.

Göründüyü kimi, Azərbaycanın öz aqrar sənayesini gücləndirmək üçün imkanları var və bu prosesə artıq start verilib. Bəs, Cənab Prezident tərəfindən əsası qoyulan aqro-strategiya hansı prinsiplərə əsaslanır və necə həyata keçirilir?

Bu barədə növbəti yazımızda.




Ana səhifəyə qayıt        Baxış: 1 744          Tarix: 28-10-2018, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma