Xəbər lenti

 

İqtisadçı alim Qubad İbadoğlu yeni məqalə ilə çıxış edib. Musavat.com həmin məqaləni oxucularına təqdim edir.

***

Dünya bazarında Brent markalı neftin 1 barelinin qiyməti ilin əvvəli ilə müqayisədə 20 faiz ucuzlaşıb. Neftin qiymətinin ucuzlaşmasının başlıca səbəblərindən biri bazarda təklifin artmasıdır. Belə ki, hazırda gündəlik hasilat ABŞ-da 11,7 milyon barrel, Rusiyada 11,2 milyon barel, Səudiyyə Ərəbistanında 10,7 milyon barrel təşkil edir. Rusiya may ayı ilə müqayisədə gündəlik hasilatını 480 min barel artırıb, 2019-cu ildə bu ölkədə gündəlik neft hasilatının 11,5 milyon barel olacağı gözlənilir. Son 1 ayda Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 226 min barel artırıb. ABŞ-da gündəlik hasilat daha çox artırıldığına görə bu ölkə Rusiyanı qabaqlayaraq dünya birinciliyinə nail olub. Bunun müqabilində İranda neft hasilatı 8,6 faiz azalaraq gündə 3,3 milyon barelə, Venesuelada isə 5.5 faiz azalaraq 1,2 milyon barelə düşüb. Hər iki ölkədə birlikdə azalma 382 min barel təşkil edir. Venesuela gələn ilin 1-ci rübündə gündəlik neft hasilatını 1 milyon barel artırmağı planlaşdırır. Yeri gəlmişkən onu qeyd edim ki, hazırda Azərbaycanda gündəlik neft hasilatı 800 min bareldir. Oktyabrın 1-ə olan məlumata görə, dünya bazarında neftə olan gündəlik tələb 99.8, təklif isə 100.74 milyon barel olub

Bununla yanaşı ABŞ-Çin ticarət müharibəsi, Çində iqtisadi artım tempinin zəifləməsi neftə olan tələbatı da aşağı salıb. 
Odur ki, dekabrın əvvəllərində OPEK+ növbəti toplantısını keçirib, hasilatın azalmasına qərar verməyi planlaşdırır. Lakin bu qərarın verilməsi o qədər də asan olmayacaq, ən azı Səudiyyə Ərəbistanı hasilatın artırılmasında israrlıdır, bu ilin sonunda Rusiya daha 3 neft yatağında hasılata başlayır, ABŞ-da hasilatın məhsuldarlığı artır, eləcə də İrana olan yumşaq sanksiya neft ixracatına və hasilatına ciddi problemlər yaratmır, gələn ildən Venesuela da hasilatı 2 dəfəyədək artırmağı planlaşdırır. Göründüyü kimi, bütün bu proseslər neftin daha da ucuzlaşacağına dair proqnoz verməyə ciddi əsaslar yaradır.

Dünya bazarında neftin gələn ildən sürətlənən qiymət enişi Azərbaycan üçün də yaxşı perspektiv vəd etmir. Artıq dünya bazarında cari qiymət büdcədə götürülən 1 barel 60 dollar həddindən aşağıdır. Hazırda Brent markalı neftin dünya bazar qiyməti 58 dollardır. Təbii ki, bu büdcədə neftin qiymətinə yenidən baxılmasına zərurət yaradır. Fikrimcə, növbəti ilin büdcəsi üçün adekvat qiymət 40 dollar götürülməlidir.

Hətta qiymət o səviyyədə ucuzlaşmasa da xarici şoklardan sığortalanmaq üçün büdcədə neftin qiyməti aşağı salınmalıdır. Neftin qiymətinin ucuzlaşması icmal büdcənin gəlirlərinə də təsirsiz ötüşmür. Odur ki, Dövlət Neft Fondunun büdcə gəlirlərinin aşağı salınmalı və icmal büdcənin bu mənbədən gəlirinə də düzəliş olunmalıdır.

Neftin dünya bazar qiymətinin ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinin azalmasını, tədiyyə balansında kəsirin yaranmasını şərtləndirir ki, bu da orta və uzunmüddətli dövrdə manatın dollara nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək.




Ana səhifəyə qayıt        Baxış: 776          Tarix: 25-11-2018, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma