Xəbər lenti

 

 Elçin Qurbanov

Ovqat.com analitiki

Bolqarıstan parlamenti rus qazının Avropaya daşınacağı planlaşdırılan “Türk axın”ı boru kəməri layihəsinin öz sərhədlərindən keçməsinə razılıq verib.

Ovqat.com xəbər verir ki, millət vəkillərinin dəstəyini alan Bolqarıstan hökuməti yeni milli enerji strategiyası çərçivəsində “Türk axını” layihəsinə inteqrasiya olunmaq üçün 2020-ci ilə qədər 1,4 milyard avro dəyərində, 484 kilometr uzunluğunda boru kəməri inşa edəcək.

Kəmərin Bolqarıstan hissəsi Qara dəniz üzərindən Türkiyəyə gələn, oradan da öz sərhədlərinə çatan qazın ildə 15,7 milyard kub metrini Serbiyaya ötürəcək.

 Parlamentdə danışan Bolqarıstan Energetika naziri Temenuzha Petkova boru kəmərinin inşasını dövlət qurumu olan “Bulgartransgaz”ın da təsdiqləyəcəyini açıqlayıb. Paralel iki xətt şəklində olan bu layihə çərçivəsində “Qazprom” Türkiyəyə verməyi planlaşdırdığı kəmərin dənizdən keçən 930 kilometrlik hissəsini artı bitirib. Kəmərin Avropaya uzanan hissəsinin Bolqarıstandan, yoxsa Yunanıstandan keçəcəyi barədə danışıqlar isə davam edir.

“Qazprom”dan ötən gün bildiriblər ki, şirkət Bolqarıstanın boru xətti inşasını alqışlayır, ancaq əməkdaşlıqla bağlı yekun qərar ümumi  qiymətləndirmələrdən sonra veriləcək.

Qeyd edək ki, hazırda qazını Avropaya Ukrayna üzərindən nəql edən Rusiya “Türk axını” ilə enerji nəqliyyatında bu ölkəni ofsayt vəziyyətinə salmaq istəyir. Rusiya ilə Ukrayna arasında tranzit müqaviləsinin müddəti isə 2019-cu ilin sonunda bitir.

 Bolqarıstan parlamentinin bu qərarının Rusiya-Ukrayna gərginliyinin sulara daşındığı - Qara dənizi Azova bağlayan Kerç Boğazında insidentlərin yaşandığı sırada gəlməsi diqqət çəkir. Bolqarıstan və digər Şərqi Avropa ölkələrinin Ukraynanı oyundan kənar vəziyyətə salması faktiki olaraq rəsmi Kiyevə xəyanət kimi qiymətləndirilə bilər. Ən həlledici zamanda Kiyevin bu cür təklənməsi və Rusiyanın Qara dəniz ölkələrilə müştərək layihələrə başlanması həm də ABŞ-ın Qara dəniz strategiyasının məhvi deməkdir. Onu da xatırladaq ki, Moskva Kerç insidenti və “Türk axını” layihəsiylə Ukraynaya sərsəmlədirici zərbə vurmaqla yanaşı, Gürcüstanda da müəmmalı seçkilərlə Qərbyönümlülərin hakimiyyətə gəlməsini önlədi. Bütün bunlar Kremlin bütün Qara dəniz cəbhəsindən eyni anda hərəkətə keçməsi qənaətini formalaşdırır.

 Bolqarıstanın Rusiya qazına yaşıl işıq yandırması və “Qazprom”un isə buna qarşılıq olaraq müəmmalı şəkildə “yekun qərarı” gözləməyi tövsiyə etməsi səbəbsiz deyil. 2014-cü ildəki Ukrayna böhranından dərhal sonra Rusiya alternativ layihə olaraq “Cənub axını” ideyasını ortaya atmış, Avropaya qaz nəqlinin Qara dənizdən birbaşa Bolqarıstana keçməsini təklif etmişdi. Həmin vaxt Bolqarıstan da bu təklifə müsbət baxmış və ilkin razılaşmalar əldə olunmuşdu. Lakin Avropa İttifaqının təzyiqi nəticəsində rəsmi Sofiya geri addım atmaq məcburiyyətində qalmışdı. Məhz həmin rədd cavabından sonra Moskva “Türk axını” layihəsinə üstünlük vermişdi. Görünür, Bolqarıstanın yenidən təsir altında qalıb öz slavyan qardaşına arxa çevirəcəyindən qorxan Rusiya bir də eyni palçığa batmaq niyyətində deyil.

“Türk axını” layihəsinin bu qədər tərəfdar toplaması Azərbaycanın da beynəlxalq qaz strategiyası maraqlarına cavab vermir. Nədən ki, Moskva açıq etiraf etməsə də, bu layihə Azərbaycanın TANAP-TAP proyektinə rəqibdir. Hər iki kəmərin eyni məkan üzərindən çəkilməsi və eyni dövlətləri qazla təchiz etməsi potensialı azmış kimi, bir də TANAP-TAP layihəsinin ABŞ tərəfindən Rusiyanın beynəlxalq qaz stategiyasına qarşı dəstəklənməsi də sirr deyil. ABŞ-ın enerji strateqi Amos Hokşteyn bir neçə il əvvəl mətbuata verdiyi açıqlamasında bu niyyətlərini gizlətməyərək deyirdi: “Qərb dövlətlərinin tək bir ölkənin (Söhbət Rusiyadan gedir – Ovqat.com) enerji ixracatından asılı vəziyyətə düşməsi və ya ona həddindən artıq möhtac olması əsla yaxşı əlamət deyil. Xüsusilə də həmin ölkənin enerjidən siyasi vasitə kimi istifadə etmək meyli varsa. Bu durumun qarşısını almaq üçün enerji ixrac edənlə təbii sərvətlərin keçdiyi marşrutları bir-birindən ayırmaq lazımdır. TANAP bu iki əsas kriteriyanı özündə birləşdirən layihədir.”

Bu baxımdan “Türk axını” layihəsinin reallaşması TANAP-TAP proyektinin əhəmiyyətini azalda bilər.




Ana səhifəyə qayıt        Baxış: 840          Tarix: 1-12-2018, 12:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma